AXCP sədrinin müşavirinə qarşı cinayət işinin qondarma olduğunu elə ittiham tərəfin öz şahidləri ifşa edir
Daha bir tanınmış vəkili cəzalandırmaq niyyəti var…
AXCP sədrinin müşaviri Məmməd Ibrahimin işi üzrə məhkəmə prosesi davam elədikcə, bu cinayət işinin qondarma olduğu konkret faktlarla sübuta yetir. Məhkəməyə ittiham tərəfinin şahidi kimi çağırılan şəxslər də gəlib bildirir ki, Məmməd Ibrahim nə kimisə söyüb, nə də döyüb. Əksinə, onun özü hücuma məruz qalıb.
Ötən məhkəmə iclasında iki şahid bu məzmunda ifadə vermişdi. Nərimanov Rayon Məhkəməsində keçirilən dünənki iclasda hadisənin şahidi olmuş daha bir nəfər – Aqşin Haqverdiyev dindirilib və o da əvvəlkilərin dediklərinə bənzər ifadə verib.
Qeyd edək ki, Məmməd Ibrahim hadisədən bir qədər əvvəl AXCP-dən uzaqlaşdırılmış, Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Aqşin Haqverdiyev isə ifadəsində bildirib ki, Məmməd Ibrahim Mikayıl Quliyevi vurmayıb, əksinə, özü onun tərəfindən hücuma məruz qalıb: “Mən dindar adamam, yalan danışa bilmərəm. Mən Məmməd Ibrahimlə yox, Mikayıl Quliyevlə yaxın olmuşam. Elə məni Məmməd bəylə də Mikayıl tanış eləyib. Onu da deyim ki, Məmməd bəylə aramızda dini baxışlarla əlaqədar həmişə gərginlik olub. Buna baxmayaraq, haqqı deməliyəm. Mikayıl Quliyev ”facebook” səhifəsində Məmməd Ibrahimin özünü, ailəsini, oğlanlarını təhqir edirdi. Elə söyüşlər yazırdı ki, burada deyilməsi mümkün deyil. Məmməd Ibrahim məndən xahiş elədi ki, ona deyim, bu cür hərəkətlərə son qoysun. Dedim, açığı, 2-3 gün dayandı. Sonra yenə davam etdirdi.
Hadisə olan gün Məmməd Ibrahim Mikayıla yaxınlaşıb dedi ki, “məni, ailəmi niyə təhqir edirsən? Sənə qarşı bu cür hərəkət eləsəm, xoşuna gələr?” Bundan sonra Mikayıl ona hücum elədi. Məmməd ona əl qaldırmayıb. Mikayıl pələng kimi adam idi, heç mən boksçu ola-ola onun öhdəsindən gələ bilmirdim. Mən araya girdim, Məmmədi tutdum, Mikayılın atdığı yumruqlar mənə dəydi. O hadisədə Mikayılın köynəyinin boynu cırılmışdı, amma sonradan mənə polis bölməsində göstərilən şəkildəki qədər cırılmamışdı. Elə polislərə də dedim ki, axı bunun köynəyi belə cırılmamışdı…”
Aqşin Haqverdiyev iş üzrə zərərçəkmiş qismində tanınan və Məmməd Ibrahimlə Mikayıl Quliyevi ayırarkən ziyan çəkdiyi iddia olunan Məhəmməd Qurbanov və Oruc Vəliyev adlı şəxslərin, ümumiyyətlə, orada olmadıqlarını da vurğulayıb.
Bu ifadədən sonra Məmməd Ibrahimin vəkili Yalçın Imanov xüsusi qərar çıxarılması barədə vəsatət qaldırıb. Vəkil şahidlərin Mikayıl Quliyevin zərbələrinə məruz qalmaları barədə dediklərini nəzərə alaraq, onun barəsində tədbir görülməsi üçün xüsusi qərar çıxarılıb hüquq-mühafizə orqanlarına göndərilməsini istəyib: “Həm Aqşin Haqverdiyev, həm də ötən iclasda dindirilən Vüqar Abbasov ifadəsində göstərdi ki, Mikayıl Quliyevin zərbələri onlara dəyib. Bunun özü istintaqın qərəzli aparılmasının sübutudur. Söyülən, hücuma məruz qalan adam 5 aydır günahsız həbsdədir, amma zərbə vuran zərərçəkmiş qismində tanınıb. Bu hadisədə Məmməd Ibrahimə ittiham göstərildiyi kimi, xuliqanlıq varsa belə, yalnız qarşılıqlı xuliqanlıqdan söhbət gedə bilər. Ona görə də Mikayıl Quliyev də məsuliyyətə cəlb olunmalıdır”.
Məhkəmə vəsatəti təmin etməyib.
Ümumiyyətlə, bu iş üzrə məhkəmə prosesində müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. Yalçın Imanov da, öz növbəsində, məhkəmə və dövlət ittihamçısının vəsatətlərə formal yanaşdığını, məsələnin mahiyyətinə varmadıqlarını, vəsatətlərin təmin olunmaması qərarının əsaslandırılmadığını vurğulayıb.
Hakim Turqay Hüseynov bunu məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və Yalçın Imanovun intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib.
Məhkəmə fevralın 19-da davam edəcək.
Aytən Məmmədova