Məmurlar bölgələrdə sadə vətəndaşla yox, rayon rəhbərliyi ilə görüşür
Hökumətimizin imitasiya siyasəti davam edir. Nə qədər ifşa olunsalar da, tənqid eşitsələr də, nəticə çıxarmırlar. Bəli, hökumət utanmadığı üçün istənilən havaya oynaya bilir. Dəfələrlə yazmışıq ki, məmurların bölgə səfərləri hökumətin növbəti avantürasıdır və görüntü yaratmağa xidmət edir.
Çünki, hər dəfə belə səfərlərdə bir qrup əvvəlcədən öyrədilmiş adamlarla görüş keçirilir və inkişafdan, çiçəklənmədən danışılır. Yəni, məmurların rayon səfərlərində məqsəd vətəndaşın probleminin həlli deyil, sadəcə boş vədlər verilir. Məsələ burasındadır ki, son dövrlər bölgələrdə etiraz aksiyalarının keçirilməsi, vətəndaşların aqressivləşməsi hökuməti narahat edir və belə səfərlərlə vətəndaşı sakitləşdirmək istəyirlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, hökumət bu məsələdə həm özünü, həm də vətəndaşı aldadır. Əgər məqsəd vətəndaşın aqressiyasını azlatmaqdırsa, həqiqətən də sadə vətəndaşları dinləmək, insanların dərdinə çarə tapmaq lazımdır. Amma hökumət komandası paytaxtdan bölgələrə ezam olunur və nəticədə bəlli olur ki, bu ezamiyyətlər də saxtadır, sünidir, “brak”dır.
Belə ki, bölgələrdə “sadə vətəndaş”la məmurların görüşündən fotolar çəkilib və bu fotolara baxanda həqiqəti bir daha aydın görmək olur.
Məsələn, Daxili Işlər naziri Ramil Usubov Bərdə rayonunda, YAP icra katibinin müavini Mübariz Qurbanlı Imişli rayonunda, Müdafiə Sənayesi naziri Yavər Camalov Şirvan şəhərində, Əmlak Komitəsinin sədri Kərəm Həsənov Cəlilabad rayonunda, Idman və Gənclər naziri Gədəbəy rayonunda, “Qaçqınkom” Əli Həsənov Ağdam rayonunda vətəndaşlarla görüş keçirib. Bu siyahını uzatmaq da olar. Amma sadaladığımız nümunlərlə də reallığı göstərmək mümkündür. Belə ki, bütün görüşlərdən çəkilmiş fotolarda “sadə vətəndaş”ların kostyumda, qalstukda olduğunu görmək olur. Belə çıxır ki, vətəndaşlar məmurların görüşünə xüsusi geyimdə, bəzəkli-düzəkli gedir? Bölgələrdə vətəndaşlar ağır şəraitdə yaşayır, insanların qalstuk taxmaq, kostyum geyinmək həvəsi yoxdur. Fotolardan da görünür ki, 300-400 kilometr yol qət etmiş məmurlar rayon rəhbərliyi ilə və büdcə təşkilatlarında çalışan bir qrup şəxslərlə görüşür. Sadə vətəndaşın hansı geyimdə, hansı formada olduğunu isə bölgələrdəki etiraz aksiyalarında aydın görmək olur.
Cənablar, bu qədər saxtakar, riyakar olmağa nə əsas var? Heç olmasa vətəndaşın bu ağır vəziyyətində imitasiyadan əl çəkin. Sadəcə olaraq protokol xatirinə bölgələrə getməyə ehtiyac yoxdur. Sizi bölgələrə bahalı kostyum və qalstukda gəzənlərlə deyil, cırıq ayaqqabıda, köhnə paltoda gəzənlərlə görüşməyə göndəriblər.
Akif