Olmuş hadisədir. Paytaxtda bir nəfər qonşuları ayağa qaldırır ki, ay camaat, tez gəlin, K. əmi intihar etmək istəyir, indi binanın başına çıxıb, oradan özünü atacaq.
Uşaqlar hamıdan qabaq gəlir, onlara onsuz da hər şey maraqlıdır, bir qanadı qırılmış quşa da böyük maraqla, dava filmi kimi baxırlar. Böyüklərdən də gələn çox olur, təbii ki. Amma iş o yerdədir ki, elə bu zaman binanın başındakı K. kişinin oğlu işdən qayıdırmış.
– Noolub burda? – yorğun, fikirli oğul qonşulardan soruşur və ağlına gətirmədiyi cavabı alır.
– Atan çıxıb binanın başına, – guya yumor hissi aşıb-daşan, əslində boşluqdan çərənçiyə çevrilən tay-tuşlarından biri dillənir.
Nə qədər qəfil və acımasız cavab olsa da, ta söyləməyir ki, atan intihar edir. Heç buna ehtiyac da yoxmuş, bunsuz da oğulun gözü qaralır, dizi tutulur.
Oğlanın rənginin solduğunu, sarılıq tutmuş adam sifəti aldığını, qorxu və həyəcan içinə düşdüyünü görənlərdən biri tez onun qoluna girir ki, yıxılıb eləməsin. Oğul da binanın başında heykəl kimi dayanan ataya baxıb dərhal əsməyə, ağlamağa başlayır.
Ata isə sakitcə yuxarıdan baxır, ya arxasındakı dünyaya tamam üz çevirdiyi üçün heç nə demirdi, ya da gözləri yaxşı görmüşmüş kimi kimisə arayırdı adamların arasından. Heç kim ona çağırış etməyə cürət etmirdi. Sükut da çəkməmişdi, adamlar öz aralarında deyinirdi ki, bu yaşda bunun nə dərdi varmış, belə iş görür.
Ehtimal və gümanlar ciddi bir səbəb tapmayanda, kimsə deyir ki, yəqin gəlin yola aparmırmış kişini…
Bu zaman oğlu bir az görümlü yerə gəlib qışqırmağa başlayır:
- Ata qurban olum! Ata evimizi yıxma, bizi bədbəxt eləmə! Ata, bağışla məni!
Birdən duruxur, daha da inandırıcı və güclü səslə çağırmağa başlayır:
- Ata, işdən maaş almağa başlamışam, ödəyəcəyəm o borcu. Ata, eləmə. Ata, bağışla məni, günahkar mənəm. Axı elə böyük borc da deyil.
Adamlar bir-birinə baxır və oğlanı sakitləşdirmir, əlavə də heç bir tədbirə, üsula əl atmırdılar. Yəqin də nə etmək lazım olduğunu bilmirdilər.
Binanın başındakı ata isə ya heç nə eşitmir, ya da oğluna qəzəbli imiş kimi dillənmirdi.
Oğlu ağlayır və yalvarışını davam etdirir:
- Ata, məni bağışla. Bir də sənin qabağından dillənmərəm. Bir sözünü iki eləmərəm.
Oğul daha böyük təlaşla qışqırmağa başlayır:
– Ata, sənin razılığın olmadan Sənəmlə evləndim. Ata, düş aşağı, qələt eləmişəm, vallah, istəyərsən boşanarıq.
Hamı oğlanın davam etməsini, danışmasını istəyirdi bəlkə də. O da danışır, yalvarır, olub-bitənləri açıb-tökür, atasından üzr istəyirdi. Onun bütün sözlərini yazıb, şəxsi həyatını açmaq da məqbul sayılmaz burada, çünki belə anlarda hər cür etiraflar, şişirdilmiş hisslər, yanlış anlamlar ola bilir, həyatın işidir.
Amma birdən binanın başındakı ata görünməz olur və bir neçə dəqiqə sonra domino yoldaşı olan bir cavan, nərd yoldaşı olan bir qoca ilə blokdan həyətə çıxır.
Üstünə atılan oğlunu bağrına basır, özü də kövrəlib deyir:
- Ay bala, bu nə həngamədir. Suyumuz gəlmir, çıxmışdım çəni döyəcləməyə. Qulağım da yaxşı eşitmir burdan nə qışqırırsan. Bunu kim çıxardı? Mən niyə özümə qəsd edirəm? Dəlisinizmi?
İşin nə yerdə olduğunu görən hamı bir-birinə baxır, onları bura yığan qonşunu tərs-tərs süzürlər.
O da ən günahkar adamı kimi susur, sanki bütün ölkədəki böhranın səbəbkarı kimi tənələrə dözə bilmir, nəhayət dillənir:
– Mənə niyə elə baxırsınız, gündə biri özünü oradan atır, mən nə biləydim, qorxdum yamanca. Daha bundan sonra ora çıxan boynuna bir plakat yazsın ki, “özümü atmağa çıxmamışam”.