Problemli kreditlərin həcmi artır, əmanətlər sürətlə geri çəkilir
Nemət Əliyev: «Manata və bank sisteminə inam sarsılmaqda davam edir»
Əmanətlərin banklardan çıxarılması sürətlənib. Mərkəzi Bankın məlumatına əsasən, bu ilin əvvəlinə banklarda 9,4739 milyard manat əmanət var. 2015-ci il ərzində 3,1 milyard, təkcə dekabrda 640 milyon dollar çıxarılıb, yanvar ayının nəticələri isə hələ açıqlanmır.
Ekspertlərin fikrincə, əmanətlərin banklardan kütləvi şəkildə çıxarılması prosesi davam edəcək. Onu da qeyd edək ki, manatın dəyərdən düşməsindən sonra əmanətlər banklara əsasən dollarla yerləşdirilib. Yanvarın 1-ə olan məzənnəni götürsək, hazırda banklarda 6,1121 milyard dollar məbləğində əmanət var (cari məzənnə ilə isə daha da az – 5,9584 mlrd. dollar). 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, banklarda olan əmanətlərin məbləği 7,0895 milyard manat idi. O dövrdə olan məzənnə ilə 6,7519 milyard dollar. Bu isə o deməkdir ki, təkcə dekabr ayı ərzində banklardan 640 milyon dollara yaxın əmanət çıxarılıb.
Bundan başqa bankların daha bir problemi kreditlərlə bağlıdır. Maliyyə böhranının dərinləşməsi problemli kreditlərin həcmini də artırıb. Nəticədə problemli kreditlər 1.5 milyard manata qədər yüksəlib.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ötən ilin dekabrında əhali banklarda manatla saxladığı əmanətlərin daha 249 milyon manatını bank sistemindən kənara çıxarıb. N.Əliyevin sözlərinə görə, xərcin-borcun artdığı indiki çətin zamanda, ya ehtiyaclarını qarşılamaq üçün xərcləmək məcburiyyətində qalıb, ya da banka və manata etibar etmədiyinə görə dollara çevirib “yastığın altında” saxlamağa üstünlük verib: “Bu səbəbdən milli valyutada saxlanılan əmanətlərin payı bir ayın ərzində 24 %-dən 15 %-ə düşüb. Beləliklə, manata və bank sisteminə inam sarsılmaqda davam edir. Alıcılıq qabiliyyətini nəzərə almaq məqsədi ilə xarici valyutaya çevirib müqayisə etsək, məlum olar ki, 2015-ci ildə ümumi bank əmanətləri 3,1 milyard dollar azalıb. Bu qədər ciddi geriləmələrin olmasına baxmayaraq, milli valyutaya inamın bərpa olunması istiqamətində hələ də ciddi islahatlara şahid ola bilmirik”.
N.Əliyev bildirdi ki, eyni vəziyyət banklarda depozit saxlayan maliyyə təşkilatlarına da aiddir. Onlar daha sürətli hərəkətə keçirərək, bank sistemində dollarla saxladıqları depozitlərinin 361 milyon dollarını, manatla saxladıqları depozitlərinin isə 150 milyon manatını bir ayın ərzində geri çəkiblər. Eyni zamanda sığorta şirkətlərinin də manata və bank sisteminə inamının azaldığını deyən N.Əliyev qeyd etdi ki, dekabr devalvasiyasından sonra bu proses daha sürət alıb: “Depozitlərin və əmanətlərin başının üstünü alan təhlükəli hallar daha da çoxalıb. Bağlanmış yeddi bank həm əmanətçilər, həm maliyyə təşkilatları üçün ciddi siqnal oldu. Vəziyyətin bu cür olması bankları əsas resurs mənbəyindən məhrum edir. Banklar bir gün görəcəklər ki, ümumiyyətlə vəsaitləri qalmayıb. Bax bu təhlükəli vəziyyətdir. Banklar onsuz da ağır durumdadırlar. Əlavə resurslardan məhrum olması onların vəziyyətini daha da ağırlaşdıracaq. Mərkəzi Bank öz yürütdüyü siyasəti dayandırmalıdır. Bağlanmış banklardakı əmanətlərin dərhal tam şəkildə qaytarılması istiqamətində fəaliyyət göstərilməli idi”.
Problemli kreditlərin 1.5 milyard manata yüksəlməsinin səbəbinin dekabrın 21-də qəbul olunan devalvasiya qərarı olduğunu deyən N.Əliyev bildirdi ki, devalvasiyadan sonra dollarda krediti olanların borclarının üzərinə gələn əlavə faiz yaranan problemin əsas səbəbidir: “Gərək Mərkəzi Bank xalqın maraqlarından çıxış etməli idi. Əgər bu cür ekstremal şəraitdə bu edilməyəcəksə, bəs nə zaman ediləcək? Nə qədər gec deyil əmanətlərin, depozitlərin sürətlə bank sistemini tərk etməsinin qarşısı alınmalıdır”.
Xəyal