Elxan Şahinoğlu: «Rusiya hakimiyyəti hazırda bilərəkdən Türkiyə ilə əlaqələri gərginləşdirir»
Ankara ilə Kreml arasındakı münasibətlər gərginləşməkdə davam edir. Türkiyənin əlaqələri normalaşdırmaq cəhdlərinə baxmayaraq Rusiya münasibətləri daha da qəlizləşdirən təşəbbüslərə imza atır. Ərdoğanın Putinlə telefon danışığına çalışması, amma bu istəyə “yox” cavabı alması əlaqələrdəki soyuqluğu bir qədər də artırıb.
“Rusiya-Türkiyə münasibətləri mürəkkəb dönəmini yaşayır. Lakin bütün vəziyyətlərdən hər zaman çıxış yolu var”. Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.
Rusiyadan cəfəng iddia
Narışkin bildirib ki, Türkiyə tərəfi prezident Rəcəb Tayyip Ərdoğanın simasında səmimi şəkildə üzr istəməli, “Su-24″ təyyarəsinin vurulmasında günahı olanları cəzalandırmalı və Suriya siyasətinə yenidən baxmalıdır: ”Indi bütün dünyaya aydındır ki, Türkiyə tərəfi IŞID terror təşkilatına təəssüf ki, kömək edib, onlardan neft alaraq terrorçu qrupa dəstək verib. Bu əlbəttə ki, sivil dövlət davranışı ilə bir araya sığmır”.
Qeyd edək ki, Rusiya rəhbərliyi Türkiyə ilə münasibətlərin bərpası üçün daha əvvəl də analoji şərtlər irəli sürmüşdü. Türkiyə rəhbərliyi bu şərtləri rədd edib.
“Ərdoğan Ruiyanı hədələdi”
Bu arada Ərdoğan Rusiya rəsmilərinin Ankaranın Suriyaya qarşı hərbi əməliyyatlara hazırlaşması barədə iddialarına cavab verib.
Ərdoğan Seneqalda keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın bu yanaşma tərzini gülüşlə qarşılayır: “Rusiya əvvəlcə Suriya sərhədləri içərisində öldürdüyü insanların hesabını versin. Əsəd rejimi ilə birlikdə öldürdükləri insanların sayı 400 min nəfərə çatıb. Rusiya Suriyada işğalçılıq siyasəti yürüdür”.
Ərdoğan bəyan edib ki, əslində Suriyada Əsəd rejimi bitib. Onun sözlərinə görə, hazırda Suriya ərazisi IŞID və digər terror təşkilatları arasında bölüşdürülüb. Türkiyə prezidenti deyib ki, ölkəsi təhdid altındadır: “Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. Rusiyanın, Iranın sərhədi varmı? Onlar orda nə edir? Dedikləri budur ki, bizi Əsəd çağırıb. Hər çağırılan yerə getməzlər. Çünki orda dövlət terroru həyata keçirən Əsəd var. Zalımdır, qatildir. Ona dəstək verən də o suça ortaqdır”.ÿ
Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türkiyəyə Suriyadan 2 milyon 700 min, Iraqdan isə 170 min qaçqın gəlib. Onun sözlərinə görə, indiyədək Türkiyənin dövlət büdcəsindən qaçqınlar üçün 9 milyard dollar xərclənib.
Bəs hazırda yaşanan gərginlik necə dəyərləndirilə bilər? Bu tendensiya nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyə Rusiyanın təyyarəsini vurandan sonra Kremlin Ankaraya təzyiqləri artdı. O zaman düşünmək olardı ki, bu sadəcə olaraq ilkin reaksiyadır. Amma hadisələrin sonrakı inkişafı və hazırkı durum göstərir ki, sanki Rusiya özü Türkiyə ilə münasibətlərin daha da gərginləşməsində maraqlıdır: “Rusiya hətta Misirdə partlayan və vətəndaşlarının həlak olduğu rus təyyarəsinə görə Türkiyəni ittiham etmək istəyir. Yəni Rusiya Türkiyə əleyhinə ağlasığmaz ittihamlar irəli sürür. Əvvəl Rusiya IŞID-ə qarşı mübarizə üçün Suriyaya müdaxilə etdiyini deyirdi. Amma hazırda biz müşahidə edirik ki, Rusiya Əsədə qarşı bütün müxalif qüvvələri məhv edir. Rusiyanın raket zərbələri sadə vətəndaşların həlakına səbəb olur. Nəticədə Türkiyə sərhədlərində iki milyon yarım qaçqın yığılıb. Rusiya Türkiyəni IŞID-dən neft almaqda ittiham edir. Amma Rusiya bu istiqamətdə heç bir sübut irəli sürmür. Ikinci ABŞ özü də IŞID tankerlərinə zərbə vurur. Belə olsaydı, ABŞ özü Türkiyəyə xəbərdarlıq edərdi ki, IŞID-dən neft almaq olmaz”.
E.Şahinoğlunun fikrincə, Rusiya hakimiyyəti hazırda bilərəkdən Türkiyə ilə əlaqələri gərginləşdirir. Rusiyanın Suriyada fəaliyyətini artırdığını deyən E.Şahinoğlu vurğuladı ki, Putin ölkədaxili problemlərdən əhalinin diqqətini yayındırmağa çalışır. Amma əslində Krımın işğalı, Ukraynada baş verənlər, Suriyaya müdaxilə Rusiyanın vəziyyətini daha da pisləşdirdi: “Yaxınlarda Rusiyada parlament seçkiləri keçiriləcək. Putin partiyasının qələbə qazanmasını istəyir. Ona görə də Putin hakimiyyəti xarici düşmən axtarışındadır. Xarici düşmən kimi Türkiyə, NATO, Ukrayna göstərilir”.
Xəyal