“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işinə yaxın vaxtlarda Ali Məhkəmədə baxılacaq.
Jurnalistin vəkili Adil Ismayılov bildirib ki, Seymur Həzinin işi üzrə kassasiya şikayəti dekabrın sonunda Ali Məhkəməyə təqdim olunub. Kassasiya şikayətində jurnalist barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvi, ona qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir. Işin hansı hakimin icraatına verildiyi və prosesin vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib və ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə beş il azadlıqdan məhrum edilib.
Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.