elnurastanbeyli@gmail.com
***
Qurd ürəyi
O gün yenə rejim yandaşlarından birinin çənəsi qızmışdı, deyirdi bəzi radikal siyasi qüvvələr yaranmış iqtisadi-sosial çətinliklərdən istifadə edib öz maraqlarını həyata keçirmək istəyir (yəni hakimiyyətə gəlmək istəyir, falan-filan).
Sizə bir söz deyimmmi?
Azərbaycan bu qədər ağır vəziyyətə salındıqdan sonra hələ də bu ölkədə hakimiyyətə gəlmək istəyən adam varsa, onun qədrini bilin. Öpün, bağrınıza basın.
O adam hakimiyyətə gələ bilər, gələ bilməz, dəxli yoxdur; o adam hakimiyyətə gəlsə yaxşı olar, yoxsa indikindən daha pis olar, heç bir fərq etmir; əsas odur ki, bu cür çətin duruma salınmış, uçurumun bir addımlığına gətirilmiş ölkənin bundan sonrakı rəhbərliyinə iddia edən adam kim olursa olsun, vallahi də hörmətə layiqdir, billahi də hörmətə layiqdir.
Hər nə də olsa cəsarətini alqışlamaq lazımdır, eşq olsun, qurd ürəyi yeyib!…
***
Şərhsiz
29 dekabr, 2015. Vahid Mustafayev (ANS-in prezidenti): “Devalvasiya bir növ iqtisadiyyata xeyir gətirən bir şeydir. Möhkəm valyuta heç də yaxşı deyil iqtisadiyyat üçün” (anspress.com).
9 yanvar, 2016. “ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev devalvasiya ilə bağlı rəhbəri olduğu qurumlarda ciddi ixtisarlara başlayıb. V.Mustafayev ”Bakı film” kinostudiyasından və “Yaradan” prodakşndan 26 nəfəri işdən çıxarıb. Bəziləri isə öz hesablarına məzuniyyət götürüb (AzNews.az).
***
Üzən məzənnə
Manat üzə bilər, amma arzularımız çoxdan boğulub..
***
Problemin kökü
Hər hansı səs-küylü hadisə baş verdikdən, ya da Ilham Əliyev müşavirə keçirib hansısa problem barədə danışdıqdan sonra rejim mediasını belə yazı başlıqları süsləyir: “…sərt xəbərdarlıq etdi”, “…şəxsi nəzarətə götürdü”…
Problem isə ondadır ki, bu cür yanaşma heç də problemin həlli deyil. Əksinə, problemin özüdür, problemin köküdür.
***
Ona inanmaq olarmı?
17 fevral, 2015. Elman Rüstəmov: “Azərbaycanda kəskin devalvasiyanın aparılmasına heç bir səbəbə yoxdur və belə bir addım da atılmayacaq”.
21 fevral, 2015. Manat 35 faiz ucuzlaşdı.
19 yanvar, 2016. Elman Rüstəmov: “Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 – 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir”.
Mən nə yazım, yəqin özünüz başa düşürsünüz də…
***
Devalvasiya folkloru
119 saylı marşrut avtobusunda arxadan bir nəfər sürücüyə səsləndi ki, keçiddə saxla. Sürücü basabasda bunu eşitmədi. Yanındakı cavan bir sərnişin sürücüyə nə desə yaxşıdı?
– Qardaş, qabaqda saxla, manat düşsün.
***
Bir cümləlik həqiqət
Azərbaycanda xeyli adam var ki, manat hətta bu məzənnəsi ilə də onlardan qat-qat dəyərlidir.
***
Kiçik bir müşahidə
Sizə də elə gəlmirmi ki, rejimin stajlı yaltaqları artıq əvvəlki kimi pafoslu, bəlağətli yaltaqlanmırlar? Neft qiymətdən, manat dəyərdən düşdükcə sanki onların da tostlarının dozası aşağı düşür.