Rəsmi açıqlama hakimiyyətin növbəti ifşası oldu
Bakı Metropoliteninin “Bakmil” stansiyası yaxınlığında, depo ərazisində Məmməd Əmin Rəsulzadənin 1992-93-cü illərdə qoyulmuş büstünün dağıdıldığı və yerində Heydər Əliyevə büst qoyulduğu barədə “Azadlıq” qəetinin yaydığı xəbər ciddi ictimai rezonans doğurdu.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında məsələyə guya aydınlıq gətirib. N.Paşayev deyib ki, büst dağıdılmayıb, stansiya ərazisində aparılan təmir işləri ilə əlaqədar götürülüb. Onun sonrakı izahatı isə ümumiyyətlə, ciddi sayıla bilməz və törədilən əmələ ictimai qınaq qarşısında necə bəraət qazandırmaq axtarışından başqa bir şey deyil.
“Həmin büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşmüşdü. Uzun müddətdir ki, depo ərazisində təmir aparılır. Həmin işlərÿçərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yararsız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı. Təmir işləri tam başa çatandan sonra yeni büstün hazırlanıb ora yerləşdirilməsi isə hələ planda yoxdur”, – deyə N.Paşayev bildirib.
Bu hakimiyyətin Rəsulzadəyə münasibəti Rəsulzadə sevənlərə münasibətdə özünü göstərib. Bugün Rəsulzadə yolunun davamçıları ən iyrənc ittihamlarla həbs olunur, ləkələnir, təzyiqlərə məruz qalır. Rəsulzadənin adı hər yerdən yığışdırılır, onu unutdurmaq üçün bütün vasitələrə əl atılır. Yəni Rəsulzadəyə qarşı rejimin nifrəti, qısqanclığı aydındır. Sadəcə olaraq bu biabırçılığa ağlabatan açıqlama da verə bilmirlər. Metropoliten rəsmisi deyir ki, bərbad vəziyyətdə olan büstü əvvəlki yerinə qoymaq Rəsulzadəyə hörmətsizlikdi. Ancaq Rəsulzadəyə qarşı ən böyük hörmətsizlik uzun illər bu büstün yararsız vəziyyətdə olmasına biganə qalmaqdır, yeni bir büstün hazırlanmasından yayınmaqdır. Necə olur ki, Rəsulzadənin adı ilə bağlı olan bayrağı 165 metr hündürlüyə qaldırıb, milyonlar xərcələmək mümkün olur, amma bir büstün hazırlanmasına minimal vəsait xərclənmir? Heydər Əliyevin 100-lərlə büstünün hazırlandığı halda, Rəsulzadənin yeganə büstünü düzəltmək niyə problemə çevrilib? Əslində, bu münasibət demokratiyaya, insan haqlarına, şəffaflığa, vətən sevgisinə münasibətdir. Çünki, insanlar Rəsulzadənin büstünü görəndə mənəvi dəyərlərin gücünü hiss edir, avtroitar liderlər isə mənfi obraza çevrilir. Ona görə də hakimiyyət ən absurd əsaslandırmalarla Rəsulzadənin nümunələrini itirir. Yoxsa ki, 8 milyard xərcləyib Avropa Oyunları keçirən hökumət Rəsulzadənin büstünün qarşısında aciz qalmazdı.
Metro qatarlarından istifadə edənlər bu büstü görməyə bilərlər, amma tarixin qatarı Rəsulzadəni daşımağa davam edəcək. Rəsulzadə metropolitendəki büstünə görə tarixdə qalmayıb. Əsl vətəndaşlığın, liderliyin, mənəvi zənginliyin büstünü ucaltdığına görə tarixə çevrilib. Əslində, Rəsulzadənin büstünün götürülməsi hakimiyyətin Rəsulzadəyə məğlub olmasının göstəricisidir. Bunlar Rəsulzadənin adı ilə bağlı olan cansız daşla da rəqabət apara bilmirlər.
Metropoliten rəsmisi sonda deyib ki, büstün yenidən düzəldilməsi planda yoxdur. Yeganə dəqiq açıqlama da məhz bu cümlədədir. Həqiqətən də planda olan büstün götürülməsi idi. Yenidən bərpası isə planın pozulması olardı.
S.Novruz