«Erməni ovu»na çıxan hakimiyyət hədəfdən necə yayınır?
Artıq Azərbaycan vətəndaşlarına bir məsələ aydındır ki, Qarabağ münaqişəsinin həll olunmaması hakimiyyətin maraqlarına uyğundur. Çünki, bu münaqişənin həll olunmadığı müddətdə ölkənin mübariz, vətənpərvər, ləyaqətli isanlarını “ermənipərəst” ittihamı ilə ləkələmək, həbs etmək mümkündür.
Amma o da məlumdur ki, ermənilərə qarşı isti münasibətlər də hakimiyyətin fəaliyyətində əks olunub. Bir qayda olaraq saxta vətənpərvərlər, yaltaq dəstələri, hakimiyyətin qazanından qidalananlar “erməni” damğası vurulmuş günahsız insanlara savaş açırlar, Qarabağ dərdindən, milli təəssübkeşlikdən danışırlar. Amma hakimiyyət erməni himayədarı Rusiya ilə qardaşlıq edəndə, erməni idmançılarına külli miqdarda pul xərcləyəndə, ermənipərəstləri ölkədə bəh-bəhlə qarşılayanda, bu “vətənpərvər” komanda “taym-aut” götürür. Yəni bu sürünün “vətən sevgisi” şər-böhtan kampaniyası fonunda baş qaldırır.
Son günlər hakimiyyətin erməni sevgisini ifadə edən daha 2 hadisə baş verdi. Əvvəlcə məlum oldu ki, erməni truppası olan “Comedy Woman” Heydər Əliyev sarayında konsert verəcək, yaxşı pullar qazanacaq. Sonra o da məlum oldu ki, bu truppanı Azərbaycana Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovun oğlu Murad Axundova məxsus şirkət dəvət edib. Bu haqda mətbuatda xeyli yazılar dərc olundu, tənqidlər səsləndirildi. Amma nə hakimiyyətin komandasından, nə də “mövsümi vətənpərvər”lərdən səs çıxdı.
Daha sonra məlum oldu ki, 1-ci Fransisik uydurma “erməni soyqırımı”nı 20 əsrin ilk soyqırımı olduğunu bildirib. O, Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında erməni yalanlarını dəstəkləyib. Amma ermənilərin türklərə qarşı amansız siyasətini, Azərbaycanda törətdikləri vəhşilikləri xatırlamaq istəməyib. Mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan və erməni dini liderləri də iştirak edib. S.Sərkisyan Roma Papasının nitqini minnətdarlıqla qarşılayıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Bu bəyanat Türkiyənin prezidenti, baş naziri və xarici işlər nazirinin sərt tənqidinə səbəb oldu. Ankara Vatikandakı səfirini məsləhətləşmə üçün geri çağırıb.
Ərdoğan pontifikin “ermənilərə qarşı soyqırım törədilməsi” ilə bağlı iddiasını qəbuledilməz adlandırıb.
Göründüyü kimi, papanın ermənipərəst mövqeyi qardaş ölkəni də çalxalandırıb. Amma Azərbaycan tərəfi bu dəfə də susmağa üstünlük verib və saxta vətənpərvərlər də hakimiyyətin zəhminə uyğun olaraq yenə də “taym-aut” götürüblər.
Bildiyiniz kimi, Azərbaycan hakimiyyətinin Vatikanla şəxsi maraqlar zəminində münasibətləri var və bu ölkədə bir çox xeyriyyə layihələri həyata keçiriblər. Ona görə Roma Papasının nə deməsi YAP hakimiyyəti üçün önəmli deyil. Əsas odur ki, şəxsi maraqlara xələl gəlməsin.
Bir anlıq təsəvvür edin ki, Bakıda konsert verməli olan erməni truppasını məmur övladı deyil, hansısa müxalifətçinin uzaq qohumu dəvət edib. Yaxud, düşünək ki, erməni soyqırımını tanıyan Roma Papası nə vaxtsa Milli Şuranın hansısa üzvünə salam verib. O zaman nə baş verərdi? Bütün yaltaq ordusu, saxta vətənpərvərlər, YAP rəhbərliyi od püskürərdi. Əkrəm Əylislinin “Daş yuxular”ına görə ildırım kimi çaxanlar, bu qədər erməni sevgisinin qarşısında daşa dönüblər.
Demək istəyirik ki, “erməni ovu”na çıxanlar yenə də hədəfə atəş açmaqdan yayındılar. Bir daha təsdiqləndi ki, erməninin təbliğatını və təqdimatını həyata keçirən də, erməni qarşısında prinsipsizlik nümayiş etdirən də, hakimiyyətdir.
Azad