Ölkənin pambıq əkini sahələri ildən-ilə azalır
Bu il Azərbaycanda pambıq əkini sahələri ötən ilə nisbətən təxminən 17% azalıb və 25 min hektar təşkil edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sektor müdiri Rövşən Əliyev məlumat verib. R.Əliyevin sözlərinə görə, hazırda pambıq sahələrində sonuncu kompleks becərilmə işləri aparılır. Bu il havaların yağıntılı keçməsi təxminən 23 min hektar ərazidə təkrar əkinin aparılmasına səbəb olub: “Pambıq əkini keçən illə müqayisədə bu il təxminən 5 min hektar az sahədə aparılıb. Buna səbəb isə hava şəraiti və dünya bazarında pambığın qiymətinin azalması olub. Lakin havalar imkan verərsə, məhsulun istehsalının həcmi ötən ilki kimi ola bilər”(APA).
Maraqlısı odur ki, indi “qara qızıl” adlanan neft necə məşhurdursa, bir vaxtlar Azərbaycanın “ağ qızıl”ı – pambığı da o qədər şöhrət tapmışdı və böyük həcmdə istehsal olunurdu. Belə olan halda, son illər pambıqçılıq sahəsində böhranlı vəziyyətin yaranmasına nə səbəb oldu?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bunun təsadüfi olmadığını deyil: “Sovet dövründə Moskvadan tapşırıq verilirdi. Azərbaycan rəhbərliyi də sovet hökumətinə yarınmaq üçün həm pambıqçılıq, həm də üzümçülüklə bağlı verilən tapşırığa artıqlaması ilə əməl etməyə çalışırdı. Müstəqilliyimizin ilk illərində də – hələ neft-qazın olmadığı vaxtlarda hökumət bu sahəyə fikir verirdi. Çünki bu, pul gətirən sahə idi. Ona görə 90-cı illərin ortalarında Azərbaycanda pambıqçılıq hələ də mövcud idi və bu sahəyə diqqət vardı. Amma indi neft-qazdan asan gəlir gəlir. Hökumətin başı qarışıb neft-qaz pullarına və bu sahəyə ümumiyyətlə fikir vermirlər. Kənd Təsərrüfatı Nazirliyi taxılçılığı inkişaf etdirmək adı ilə daha geniş sahələrdə taxıl əkdirir. Bunun üçün subsidiyalar ayrılır. Məsələn, buğda istehsalına 80 manat vəsait ödənilir. Həm kəndlilər, həm bələdiyyə fəalları, həm yerli icra orqanlarının nümayəndələri hökumətdən buğda istehsalı ilə məşğul olmaq haqda tapşırıq alırlar. Ona görə də əkin sahələri daha çox taxılçılığa yönəldilir. Pambıqçılıq işçi qüvvəsi tələb edən ağır sahədir. Bu sahədə texnika ilə təminat demək olar ki yoxdur. Əkin-səpin işləri, alaq otlarına qarşı mübarizə – bütün bu işlərin 90 faizi əllə görülür. Bu da çox ağır işdir. Bundan başqa, toxumçuluğun inkişafı ilə bağlı demək olar ki, heç bir iş aparılmır. Suvarma ehtiyacı lazımi səviyyədə ödənmir. Istehsal olunan pambığı da ucuz qiymətə verirlər. Bu baxımdan məhsuldarlıq aşağı olur. Gəlir götürə bilməyəndə də pambıq istehsalından yayınırlar”.
Bütün bunlara baxmayaraq, ekspert Azərbaycanın pambıq istehsalını artırmalı olduğunu deyir: “Bu gün dünyanın ən inkişaf etmiş ölkələri pambıq istehsalı ilə məşğuldur. ABŞ, Israil, Türkiyə, Çin, Hindistan kimi, ölkələr bu sahədən kifayət qədər böyük gəlir götürürlər. Bu sahəni gəlirli etmək üçün məhsuldarlığı artırmaq lazımdır. Bunun üçün də müvafiq toxum sortu yetişdirilməli, bu sahənin texniki təminatı ödənməlidir. Hazırda bu sahəyə demək olar ki, diqqət yetirilmir. Ümumiyyətlə aqrar sahədə vəziyyət ürəkaçan deyil. Guya taxılçılığa üstünlük verirlər, amma əslində heç o da alınmır”.
Gültəkin