Azərbaycanın ən yüksək vəzifəlilərinin adı «WikiLeaks»də Iranın adamı kimi keçir
İlham Əliyev Türkiyənin ABŞ-la müttəfiqliyinə şübhə aşılamaq istəyib
Dünyanın müxtəlif ölkələrində çalışan amerikalı diplomatların Vaşinqtona ünvanladığı məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı yayımladığı gizli sənədlərin dərcini davam etdiririk. Müxtəlif illərdə ABŞ-ın Azərbaycanda səfirləri olmuş diplomatların və diplomatik korpusun digər əməkdaşlarının hazırladığı məxfi teleqramlarda ölkəmizin daxili ictimai-siyasi durumu, hakimiyyətdaxili çəkişmələr, eləcə də rəsmi Bakının xarici siyasət kursunun, qonşu dövlətlərə münasibətinin bilinməyən tərəfləri öz əksini tapıb.
Vəfa Quluzadə hökumətdə Iranın adamlarının olduğunu deyib
Belə məktublardan daha biri ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersiyə aiddir. Dersinin 2008-ci il 24 oktyabr tarixli gizli teleqramında səfirlik əməkdaşlarının keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə ilə Iran məsələsiylə bağlı apardığı müzakirənin detalları yazılıb. Amerikalı diplomat məktubunda yazır ki, səfirliyin Iran üzrə mütəxəssisləri ilə eks ölkə başçısı Heydər Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri olmuş, politoloq Vəfa Quluzadənin görüşü zamanı ABŞ-ın regionla və xüsusilə də Iranla bağlı siyasəti müzakirə olunub. Müzakirələr zamanı Iranda baş verən hadisələr, Iran-Rusiya, Iran-Azərbaycan əlaqələri, ABŞ-ın Irandakı rejim və iranlılara münasibəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Vəfa Quluzadənin Iran rejimini ən sərt tənqid edən siyasi şərhçi olduğunu da vurğulayıb. Diplomat politoloqun Rusiya əleyhinə də çıxışlar etdiyini xatırladıb.
Enn Dersinin məxfi teleqramında diqqət çəkən məqam ondan ibarətdir ki, Vəfa Quluzadə diplomatlarla görüşdə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinin Iranla sıx biznes əlaqələrinin olduğunu söyləyib. Keçmiş dövlət müşaviri səfirlik əməkdaşlarına bildirib ki, baş nazir Artur Rəsizadə, onun müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfov Iranın hakimiyyəti və iş dünyası ilə əməkdaşlıq edir: “Politoloqun sözlərinə görə, Rəsizadə, Şərifov və Xələfov Irandan külli miqdarda ”stolaltı” maliyyə alır. Quluzadə Iranın, hətta onu da ələ almağa cəhd göstərdiyini bildirib. Vəfa Quluzadə səfir Abbasəli Həsənovun da Irandan maliyyə dəstəyi aldığını ehtimal etdiyini söyləyib”.
Abid Şərifov narkoticarətdən pay götürür?
Enn Dersi gizli teleqramın qeyd hissəsində baş nazirin müavini Abid Şərifovun hökumətin ictimai inşaat layihələri üzrə məsul şəxs olduğunu, ölkənin korrupsioner məmurlarından biri kimi tanındığını qeyd edib. Diplomat daha sonra yazır ki, Abid Şərifovun, hətta Azərbaycanda narkotik maddələrin ticarətindən gələn gəlirlərdə paya sahib olduğu iddia edilir. Dersi Xələf Xələfov haqda isə yazır ki, nazir müavini Xəzər dənizinin statusu ilə bağlı danışıqlarda Azərbaycan hökumətinin təmsilçisidir. Onun Iranla sıx əlaqələri var.
Əliyev Brayzaya Türkiyə ilə bağlı hansı şübhələrini çatdırıb?
Enn Dersinin 2008-ci il sentyabrın 25-də Vaşinqtona ünvanladığı başqa bir məxfi məktubda isə Ilham Əliyevin o dönəmdə ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi olmuş Metyu Brayza ilə görüşünün təfərrüatları yazılıb: “Sentyabrın 18-də Azərbaycan rəhbəri Ilham Əliyevin Metyu Brayza ilə görüşü zamanı regionda siyasi-iqtisadi gəlişmələr müzakirə olunub. Ilham Əliyev Brayzaya bildirib ki, Azərabycan regionda sabitlik və təhülkəsizliyin təminatına çalışır. Əliyev rəsmi Bakının daimi təzyiqlərlə üzləşdiyini də vurğulayıb. O, əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın ABŞ-ın ciddi dəstəyinə ehtiyac duyduğunu Brayzanın diqqətinə çatdırıb. Ilham Əliyev müzakirələr zamanı gözlənilmədən Gürcüstan, Türkmənistan və Türkiyənin xarici siyasət kursuna toxunaraq ”onlar hərəsi özü üçün oyun oynayır” sözlərini işlədib. Əliyev bildirib ki, Türkiyə Ermənistanla münasibətlərində öz maraqlarını üstün tutaraq manevrlər edir. Əliyev müzakirələr zamanı anidən Brayzaya deyib: “Siz Türkiyənin ABŞ, yoxsa Rusiyanın tərəfində olduğunu müəyyənləşdirməlisiniz”. Azərbaycan rəhbəri Türkiyənin ABŞ, yoxsa Rusiyanın müttəfiqi olduğuna dair tərəddüdlərinin yarandığını amerikalı rəsmiyə söyləyib.
Babayev-Heydərov toqquşması səfirliyin məktubunda
“WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı başqa bir məxfi sənədin müəllifi isə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Donald Ludur. Diplomat 2008-ci il 3 noyabr tarixli teleqramında Ilham Əliyevin prezident seçkilərindən sonra səlahiyyətlərinin icrasına başlamaqla yeni hökuməti formalaşdırmasından bəhs edir: “Oktyabrın 31-də Azərbaycanda prezident seçkilərindən sonra yeni hökumətin tərkibi açıqlandı. Ilham Əliyev köhnə komandanın bütün üzvlərini hökumətdə saxladı. Lakin daha çox islahatçı imici ilə tanınan iqtisadi inkişaf naziri Heydər Babayevi texnokrat, əvvəllər neft şirkətində və vergilər nazirliyində çalışmış Şahin Mustafayevlə əvəzlədi.
Babayev son zamanlar Azərbaycan iqtisadiyyatında inkişafı təmin edəcək islahatlar və gördüyü işlərə görə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdi”.
Donald Lu yeni hökumətdə baş verən yeganə dəyişikliklə bağlı qeydlərində yazır ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkənin iqtisadi-siyasi cəhətdən ən güclü məmur-oliqarxlarıdır. “Babayev bir müddət öncə səfirlik əməkdaşları ilə söhbət zamanı yeni hökumətdə təmsil olunmayacağını ehtimal etdiyini bildirmişdi. Səfirliyin mənbələri yeni iqtisadi inkişaf naziri Şahin Mustafayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə yüksək postlara qədər irəlilədiyini söyləyirlər. Mustafayev onun dəstəyi ilə vergilər nazirinin müavini olub. Vergilər naziri Fazil Məmmədov da Kəmaləddin Heydərova yaxınlığı ilə tanınır. Səfirlik Mustafayevin necə fəaliyyət göstərəcəyi, müstəqil effektli iş görə biləcəyi, yaxud hakim komandanın kursunu davam etdirəcəyi ilə bağlı dəqiq bir söz söyləyə bilmir”, – deyə Donald Lu yazıb.
Wiki-Arxiv:
Gömrük şefi Əliyev komandasını satıb
Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə
“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də
İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?