«Əhmədovu özünü ləyaqətlə apardığı üçün güllələdilər»
Bakı, 2010-cu il. Vəkil A.Abdullayevin dediklərindən: “7 nəfər bir ailənin üzvü idilər. Guya, Əhmədov, Ismayılov, Cəfərov və başqaları onları evdən çıxarıb vəhşicəsinə öldürüb, sonra yandırmışdılar. Amma məhkəmədə onların kim tərəfindən öldürülməsi sübut olunmadı. Məhkəmə təşkilatçı kimi Əhmədovu tanıdı. Sual yaranır: icraçı tapa bilmirsinizsə, Əhmədov kimləri təşkil etmişdi, kimlərə göstəriş vermiş və kimlərə rəhbərlik etmişdi?
Bilirsiniz, ona qarşı güllələnmə hökmünün səbəbi nə idi? Birincisi, onun özünü ləyaqətlə aparmasıydı”.
Moskva, 24 oktyabr, 1988-ci il
Həftənin birinci günü,
Saat 10:02.
Ifadə vermək üçün şahid I.N.Yasnov dəvət edilir. O, 1938-ci ildə doğulub. Milliyyətcə ləzgidir. Mühakimə olunanlardan heç kimi tanımır. O, uç uşaqla birlikdə üç qadının beşinci mərtəbəyə necə qalxmasından, onları xilas etmələri üçün yalvarışından danışır. Şahid onları hamamda necə gizlətdiyini deyir. Ilkin istintaqda isə o demişdi: “Küçədə əlində balta olan üç nəfər görmüşdüm. Onların birinin əlində həm meqafon, həm balta olmuşdu. Ikincisinin əlində bel, üçüncüsünün əlində ətdöyən vardı. Əlində meqafon olan oğlanın əynində ağımtıl kostyum vardı”.
O, məhkəmə zalında deyir: “Meqafon olan oğlanın əlində ətdöyən vardı”. Burada mühakimə oluananlara gəldikdə, Yasnov şuluqçuların sifətini görmədiyini deyir, heç onları xatırlaya da bilmir. O, həyətdə nə öldürülən, nə də ocaqda yandırılan adam da görməyib.
Yasnov deyir ki, həyətdə maşının yanında əlində meqafon olan oğlanı görüb. Oğlan ondan milliyyətini soruşub və maşını buradan götürməsini ondan tələb edib.
Prokuror növbə ilə Əhmədovdan və Cəfərovdan maşının yanında belə söz-söhbət olduğunu soruşur. Mühakimə olunanlar bu söhbəti birinci dəfə eşitdiklərini deyirlər.
Qəribə burasıdır ki, şahid erməni vəkillərin sualına tamam başqa cür cavab verir. Həyətdə nə öldürülən, nə talan edilən heç nə görmədiyini deyir. “Bəs ilkin istintaqda niyə belə ifadə vermisiniz?” sualına isə belə cavab verir: “Mən ilkin istintaqa tamam başqa ifadə vermişdim. Ifadəmi oxumadım, sadəcə, qol çəkdim. Ola bilər ki, orda belə yazılıb, amma mən belə deməmişəm”.
Yasnov deyir:
– Mən fevralın 27-29-da Sumqayıtda nə baş verdiyindən xəbərsizəm.
Vəkillərdən biri soruşur:
– Bəs siz öz “Moskviç”inizdə niyə o maşının arxasınca getmədiniz? Axı siz insani hisslərinizi gizlətmədən altı ermənini xilas etmişdiniz…
Şahid qorxduğunu gizlətmir.
Bakı, 2011-ci il, 8 fevral…
Bu gün Müslümzədədən müsahibə almağı planlaşdırmışdıq. Amma bu müsahibəni ala bilmədik. Bizsə keçmiş məmurun qorxusunu yozmaq qərarına gəldik. Amma sözünü deməyə onun imkanı qalır…
Qorxunun nələr etdiyini dilə gətirmək, müzakirə etmək istəmirik. Ancaq bir məsələ bizə rahatlıq vermir. Biz sadə fəhləni, peşə məktəbinin şagirdini, aktyoru, müəllimi verdiyi ifadəyə görə qınaya bilmərik. Ona görə ki, onlar əzilən, yandırılan, namusuna toxunulan həmvətənindən eşitdiyi, yaxud onların qışqırtısından qəzəblənib meydana çıxmışdı, onun üçün milli-istiqlal söz idi, hələ yaşam tərzi deyildi. O, bu istiqlalın ona nə verdiyi barədə düşünmürdü. Amma Bağırov birinciliyini, yerdə qalanlar birinci olmaq şansını itirmək istəmirdilər. Onlara Moskvadan gəlmiş generalların “spasibo”su gərəkdi, onlara imperiya ordusunun bir azərbaycanlını bir ulduz böyütməsi gərəkdi. Biz üzümüzü bu gün sağ olan və vəzifə tutan 88-ci il məmurlarına tuturuq: Heç olmasa, bu gün səmimi olun. Siz bir peşə məktəbi məzunu kimi həmin çətin günlərdə səmimi ola bilmədiniz. General Fabkovla, Karayevlə, Dubinyakla kef məclisi qurub öz taleyiniz barədə düşündünüz.
Kabab konyunkturası və gizli göz yaşları
Cahangir Müslümzadə, çox iddialı komsomolçu, xalqın önündə gedən partokrat, sonda vəzifəli, gücü olan Rövşən Cavadovun ətrafında dolanan, hətta keçmiş “OMON”un qərargahında kabab bişirməkdən fəxr duyan və sonda öldürülən Rövşən Cavadovun məzarı önündə yalnız gizli ağlamağı bacaran bir məmur, biznesmen və 1988-ci ildə hər gün birinci şəxs olacağına inanaraq özünü xarizmatik lider sayan bir adamdır. Qəribə burasıdır ki, 1988-ci il və ondan sonra yolu ölüm kameralarından keçənlər, qanı ilə yaxınlarına məktub yazanların ağrısı ona heç vaxt çatmayıb. “Qız Qalası”nın beş addımlığında mehmanxana sahibi olan bu məmur bir dəfə də yolunu Əhmədin ata evinə salmadı. Nə anası Telli anadan, nə atası Iman kişidən üzr istəmədi. Bu komsomol əqidəli adam yalnız öz karyerası haqqında düşündü və birinci olduğu şəhərdə bəlkə də bu talanların və ölümlərin törədilməsinin qarşısını ala bilmədi. Bəlkə də biz səhv edirik, o vətənpərvərdir, xalqını və millətini çox sevir, amma bütün bunları reallaşdırmağa imkanı olmayıb. Birinci katib kimi Azərbaycan tarixinə Sumqayıt hadisələrinin yazılmasında bu adamın hansı rol oynadığını deyə bilmərik, amma gecə-gündüz “OMON”un qərargahında olan bu adam niyə ağ bayraq qaldırılan an birinci olub “Atəşkəs!” qışqırmadı. Bilirsiniz, bəlkə də cənab Müslümzadə seçilmişlərin seçilmişidi, biz onu başa düşmürük. Susan məmurun başqalarından bir fərqi var. Bunu bir ifadə ilə desək, heç kim inciməz.
Bir gün şalvarbağı açıq qalan Çörçill içəri girir. Utanan katibə yaşı səksəni haqlamış baş nazirə deyir: “Cənab baş nazir, cənab baş nazir…”
O, isə əli ilə açıq “kilidini” göstərir və deyir: “Narahat olma qızım, ölən quşlar heç vaxt yuvasından uçmur”.
Biz çox istərdik ki, cənab Müslümzadə bizə müsahibə versin və həqiqəti desin. Çünki Qarabağ münaqişəsi Sumqayıtdan başlayıb və bizə çox baha başa gəlib. Biz bilmirik, onun susmağının arxasında nə dayanır. Sürgün olunan ulu babaları, bəraət alıb DTK-da mühüm vəzifə tutan atası, yoxsa özünün bir addımlığında dayandığı birinci katib olmaq istəyini itirməsi? Birinci qurban olan Əhməd Əhmədovun və sonrakı mərhələdə dost kimi yanında olduğu mərhum Cavadov?..
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Sumqayıt Şəhər Partiya Komitəsi bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqqında” qərarında deyilir: “Sumqayıt Şəhər Partiya Komitəsinin bürosu və onun katibləri, Şəhər Soveti, Icraiyyə Komitəsi respublikada yaranmış mürəkkəb şəraitə lazımınca qiymət verməmiş, sayıqlığı artırmaq, şəhərdə ictimai asayişi təmin etmək üçün konkret tədbirlər görməmiş, gözləmə mövqeyi tutmuşlar ki, bu da faciəli hadisələrlə nəticələnmişdir…
Azərbaycan KP MK bürosu C.Müslümzadə yoldaşı siyasi laqeydlik göstərdiyinə, təşkilatçılıq işində və siyasi işdə böyük nöqasanlara yol verdiyinə, partiyaya yaraşmayan rəftarına, bütün bunların Sumqayıtda faciəli hadisələrlə nəticələndiyinə, habelə, MK bürosunda düzgün olmayan davranışana və baş vermiş hadisələrə özünütənqid ruhunda qiymət vermədiyinə görə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş və onu Sov. IKP üzvülüyündən xaric etmişdir”.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala