Meydan.tv-nin əməkdaşı Şirin Abbasov barəsində Yasamal rayon Məhkəməsi qərar verib. Bu barədə onun vəkili Elçin Sadıqov Facebook səhifəsində yazıb:
“Abbasov Şirin Nazim oğlunun 16 sentyabr 2015-ci il tarixdə inzibati qaydada 30 sutkalıq həbs edilməsi ilə bağlı məhkəmə qərarını hansı məhkəmənin verməsi ilə bağlı məlumatı BMCMİ mənə vermədi. Dəfələrlə teleqram, rəsmi poçt vasitəsilə və şəxsən görüşmək barədə tələblərimə baxmayaraq, qanunsuz olaraq müdafiə etdiyim şəxslə görüşməyə icazə vermədilər. Şirin Abbasovun həbs qərarı hansı məhkəmənin verdiyi naməlum olduğundan Bakı şəhəri üzrə bütün rayon məhkəmələrinə Şirin Abbasovun həbs edilməsi barədə qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazdım. Bütün məhkəmələrdən zəng etdilər, bəziləri arayış verdilər ki, bizim məhkəmədə belə bir iş olmayıb. Ancaq, Yasamal rayon Məhkəməsindən zəng etmədilər. Bu gün öyrəndim ki, Şirin Abbasovun 30 sutka həbs edilməsi ilə bağlı qərarı Yasamal rayon Məhkəməsinin hakimi Anar Rzayev verib. Lakin, apellyasiya şikayətini verməyimizdən 10 gündən artıq müddət keçməsinə baxmayaraq apellyasiya şikayəti hələ baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib. Bu gün apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi gözlənilir”.