Qlobal iqtisadi böhran əlamətlərinin getdikcə özünü daha aydın büruzə verməsinə baxmayaraq zənginlər öz bahalı oyuncaqlarından ayrılmaq niyyətində deyillər.
Müasir zənginlər üçün belə oyuncaqlardan biri də yaxtalardır. Yaxtalar onlar üçün nəqliyyat vasitəsi olmaqdan daha çox statusun göstəricisi hesab edilir.
Məsələn, rusiyalı milyarder Mixail Proxorov deyir ki, o, yaxtasında ildə cəmi iki həftə olur.
Rusiyalı milyarderlərin gəmiləri müntəzəm olaraq dünyanın ən nəhəng yaxtalarının reytinqində keçir. Onlardan ən dəbdəbəli on yaxtanın fotolarını və sahibləri haqda qısa məlumatları təqdim edirik:
“Predator”
73 metr uzunluğunda olan bu yaxta Ural dağ-mədən metallurgiya şirkətinin prezidenti, özbək əsilli milyarder İsgəndər Mahmudova məxsusdur.
Ekspert hesablamalarına görə, onun dəyəri 100 milyon avroya yaxındır. Gəmi yolda yanacaq götürmədən 5 min mil məsafə qət edə bilər, heyəti 18 nəfərdən ibarətdir. Sürəti saatda 28 dəniz uzldur. İkinəfərlik kayutlarında 8 sərnişin yerləşir.
“Luna”
115 metrlik “Luna” istənilən hava şəraitində üzə bilir. Onu milyarder Roman Abramoviçin sifarişi ilə inşa ediblər.
xGəmidə hovuz, kommunikasiya qülləsi, iki vertolyot meydançası var. 2011-ci ildə yaxtaya 170 milyon dollar qiymət biçmişdilər.
2014-cü ilin yayında isə Abramoviç yaxtanı azərbaycanlı milyarder Fərhad Əhmədova satdı. Sövdələşmənin dəyəri 360 milyon dollar idi.
“Anastasia”
Bu yaxta milyarder Vladimir Potaninin qızının şərəfinə belə adlandırılıb. 75,5 metr uzunluğunda gəminin 6 kayutu və 7 göyərtəsi var. Orada 20 nəfərlik heyət və 12 qonaq yerləşir.
Yaxtada həmçinin hovuz, kinoteatr və trenajor zalı var. 2012-ci ildə “Anastasia” 125 milyon avroya satışa çıxarılıb. Hazırda o, 110 milyon dollara satılır.
“Nirvana”
Bu yaxtanın da Vladimir Potaninə məxsus olduğu haqda məlumatlar var. “Forbes” qeyd edir ki, “Nirvana”nın Potaninin ikinci yaxtası olduğu haqda Monakoda 2013-cü ildə keçirilən sərgidə danışıblar.
Məlumatlara görə, “Nirvana” 230 milyon avroya satışa çıxarılıb. 2014-cü ilin avqustunda yaxtanın qiymətini 199 milyon avroya endiriblər. Ancaq satmaq mümkün olmayıb.
Gəmidə 6 kayut, kinoteatr, barlar, restoran, trenajor zalı, hovuz, vertolyot meydançası, terrarium var.
“Palladium”
96 metrlik bu yaxtanın sahibi Mixail Proxorovdur. “Forbes”in hesablamalarına görə, yaxtanın qiyməti 200 milyon avrodur.
Gəmidə 8 kayut var və 18 nəfər qonaq yerləşir. Yaxta idmanla məşğul olmaq üçün bütün zəruri şəraitlə təmin olunub. Çünki Proxorv müxtəlif idman növlərinin fanatıdır.
“Dilbar”
110 metrlik bu yaxta özbək əsilli milyarder Əlişir Usmanova məxsusdur. Adı isə milyarderin anasının adının şərəfinə verilib.
Gəmidə 47 heyət üzvü və 21 VİP qonaq yerləşir. Yaxta hovuzla, idman zalı və restoranla, vertolyot meydançası ilə təmin olunub. Maksimal sürəti 22 uzldur. Yaxtanın dəyəri 200 milyon avroya yaxındır.
“Pelorus”
115 metrlik “Pelorus” yaxtası Səudiyyə Ərəbistanından olan şeyxin sifarişi ilə tikilib. 2004-cü ildə isə onu Roman Abramoviç almışdı.
Yaxta iki vertolyot meydançası ilə təchiz edilib. Maksimal sürəti saatda 20 uzldur. 2011-ci ildə Abramoviç “Pelorus”u amerikalı biznesmen Devid Geffenə 300 milyon dollara satıb.
“Serene”
Yaxtanın uzunluğu 134 metrdir. Yaxta araq maqnatı Yuri Şeflerə məxsusdur.
Gəmidə ekipaj üzvləri üçün 30, qonaqlar üçün 12 kayut yerləşir. İki vertolyot meydançası, hovuzu, restoran və barları, sualtı üzgüçülük üçün sualtı qayığı var.
Təxmini qiyməti 300 milyon dollardır. Ötən ilin yayında milyarder Bill Geyts rusiyalı oliqarxdan bu yaxtanı bir mövsüm üçün 5 milyon dollara kirayələmiş və ailəsi ilə birlikdə Sardiniya adalarında tətilə getmişdi.
“A”
Milyarder Andrey Melniçenkonun adı sadəcə olaraq onun adının baş hərfini təşkil edən bu yaxtası 119 metr uzunluğundadır, daha çox sualtı qayığı xatırladır.
Yaxtada üç hovuz, vertolyot meydançası, avtomobil qarajı, amfibiya-gəmi yerləşir. Dəyəri 300 milyon dollar yaxındır.
“Eclipse”
162,5 metrlik “Eclipse” yaxtası Roman Abramoviçin sifarişi ilə tikilib. Onun tikintisi 1 milyard dollara başa gəlmişdi.
Hazırda hər cür təchizata malik bu nəhəng gəminin qiyməti 1,5 milyard dollardır. Gəmidə 9 göyərtə, iki vertolyot meydançası, 4 gəzinti kateri, 20 skuter və 12 nəfərlik sualtı qayıq, kinozal və s. var.
(Virtualaz.org)