Daha 4 nəfər isə ağır yaralanıb
Bakının Sabunçu rayonunda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 2-yə çatıb. Lent.az-ın məlumatına görə, Bilgəh-Nardaran yolunda "Land Rover"in "Zaporojets"ə çırpılması nəticəsində ağır xəsarət alan 2004-cü il təvəllüdlü Hüseynli Hüseyn Vyaçeslav oğlunun həyatını xilas etmək mümkün olmayıb. Ağır yanıq xəsarətləri alan 11 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.
H.Hüseynlinin digər azyaşlı bacıları Xədicə və Zəhra Hüseynlilərin müalicəsi davam etdirilir. Bundan başqa Ziya Zahidov və Q.İsmayılov adlı iki nəfər də məlum qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dəhşətli qəza nəticəsində "Zaparojets"in sürücüsü, 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Baba oğlu hadisə yerində yanaraq dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.