Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib. Bu barədə məlumatı Aznews.az saytı yayıb. Məlumata görə, əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.
Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.
“Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.
Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparılıb.
Lakin DIN xəbəri təsdiqləməyib. “Daxili Işlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirməsi və ”Nurgün Motors" şirkətinin bəzi salonlarının rəhbərlərinin saxlanması barədə mətbuatda yayılan məlumatlar yanlışdır", – deyə DIN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında bildirib.
Xatırladaq ki, bir müddət öncə Vergilər Nazirliyinin “Nürgun Motors”un əmlakını siyahıya alması barədə məlumat yayılmışdı.