Bakıda smart sayğaclar dəyişdirilir; milyonlarla manat vəsaitin hesabını kim verəcək?
“Azərsu” smart-kart tipli su sayğaclarını yenisi ilə əvəzləyir. Bu barədə redaksiyamıza sakinlər məlumat verib. Onların sözlərinə görə, “Azərsu”nun əməkdaşları onlara bildirib ki, əvvəlki smart-kart tipli su sayğaclarında qüsur var. “Deyirlər ki, sayğaclar səhv hesablayır. Ona görə də yenisilə əvəzlənəcək”,- deyə sakinlər bildirib.
Araşdırmalarımız zamanı bəlli olub ki, bütün Bakı üzrə bu prosesə start verilib.
Məlumat üçün deyək ki, smart-tipli su sayğaclarının tətbiqinə 2012-ci ildən start verilib. Rəsmi məlumatlara görə, elə həmin ildə Bakı və Abşeron yarımadasında 19 min 700 smart-kart tipli sayğac quraşdırılıb. 2012-ci ildən 2014-cü ilədək ölkə üzrə isə 330 min smart-kart tipli su sayğacı quraşdırılıb. Smart-kart tipli sayğacların quraşdırılması əhali və qeyri-əhali qrup abunəçiləri üçün paralel aparılıb. Quraşdırılan sayğacların 299 mini əhali, 31 mini isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür.
Maraqlıdır ki, bu sayğaclar quraşdırılandan hansısa qüsur aşkar olunmayıb. Amma indi Azərsu qüsurdan danışır. Əgər doğrudan da qüsur varsa, o zaman sual olunur, bəs nə üçün bu sayğaclar ölkəyə gətiriləndə yoxlanmayıb? Axı onların quraşdırılmasına milyonlar vəsait sərf olunub. Indi bu pulların hesabını kim verəcək?