İnşaatçılar qəsəbəsində evlər və həyətyanı sahələr su altında qalıb
Sumqayıt şəhərində evləri su basıb. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə sakinlər şikayət ediblər. Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub. “Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”, – deyə Elmar Salamov adlı şikayətçi bildirib.
Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, problem araşdırılacaq. “İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”, – deyə Sahib Quliyev bildirib.