Baş Prokurorluq hələki Ramazan Səlimovun bahalı hədiyyələr verdiyi məmurlar barədə susur
“Icra başçısı alveri”ndə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakim Həsən Əliyev tərəfindən aldadıldığını bildirən Ramazan Səlimov bir çox məmura bahalı hədiyyələr verib. Ramazan Səlimov bu barədə istintaqa ifadəsində bildirib. Hədiyyələr vəzifə təyinatı ilə bağlı verilib. Ramazan Səlimov ifadəsində həmin məmurların adlarını da çəkib.
Ramazan Səlimovun sözlərinə görə, Siyəzənin icra başçısı Arif Qasımova 600 manatlıq içki, Qobustanın icra başçısına Adil Məmmədova 900 manata saat, Bakı sukanal idarəsinin rəisi Habil Quliyevə 1100 manata nərdtaxta, Birləşmiş sukanal idarəsinin rəisi Etibar məmmədova 1350 manata qızıl saat, “Azərsu”nun sədr müavini Teyyub Cabbarova 320 manata dəri çanta və 80 manata qələm dəsti, “Azəriqaz”ın sədr müavini Zahid Səfərova 380 manata ətir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova 1700 manata qızıl fiqur hədiyyə edib. Ramazan Səlimov bildirir ki, başqa məmurlarla da görüşüb və üst-üstə hədiyyələrə 34 min manat pul verib.
“Korrupsiya Qarşı Mübarizə haqqında” Qanunun 8.1-ci maddəsində deyilir: “Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur”.
Qanunun 8.2-ci maddəsində isə göstərilir ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.
Göründüyü kimi Ramazan Səlimovun məmurlara aldığı hədiyyələrin məbləği qanunda göstərilən məbləğdən dəfələrlə çoxdur və əslində bu, rüşvətdir. Amma nədənsə Baş Prokurorluq bununla bağlı hansısa araşdırma aparmağa həvəs göstərmir.