“Demişdi ki, görsəniz o yan-bu yan edir, atarsız pəncərədən aşağı”
Cəmil Həsənli: “Heydər Əliyev Bakıya dəvət ediləndə biri mənə dedi ki…”
Milli Şuranın sədri Cəmil Həsənli yeni bir təxribatla üz-üzədir. Onun qızı Günel Həsənli avtomobillə adam vurub, hadisəni gizlətməkdə ittiham olunur. Hiss olunur ki, Milli Şura sədrinə ondan qızı ilə intiqam ala biləcəkləri mesajını verirlər. Baş verənlərlə bağlı Cəmil Həsənli ilə söhbət etdik. Söhbətin birinci hissəsi ilə burada tanış ola bilərsiniz.
– Söhbətin əvvəlində dediniz ki, 20 ildir özünüzü təzyiq altında hiss edirsiniz. Amma açığı, Sizin yalnız 2013-cü il seçkilərindən sonra və niyə hədəfə gəldiyinizi təsəvvür etmək mümkündür. Buna qədər nələr olub ki?..
-1995-ci ildə OMON hadisələri ilə bağlı məni həbs etmək istəyirdilər. Guya mən OMON-cuların qərargahında çıxış edib, onları hökumətə qarşı mübarizəyə çağırmışam. Evimdə axtarış apardılar. Hər şey hazır idi, o cümlədən həbs orderi də. Onu icra etmək üçün iki çəpgöz, yüksək yağlılıq dərəcəsindən qırxıq başları mərmər kimi parıldayan qoluzorlular məni aparmağa müntəzir idilər. Halbuki, mən heç indi də bilmirəm ki, OMON-un qərargahı harada yerləşir… Bu tipli məsələlərdə hüquqi məntiq olmalıdır. Məsələn, haşiyə kimi qayıdaq yenə Günelə qarşı törədilən təxribata. DİN açıqlamasında deyib ki, hadisə gizlədilib və ya xəstəxanın qəbul şöbəsinə düzgün məlumat verilməyib. Halbuki, polisin həmin gün bütün prosesdə iştirakından əlavə hüquqi bir məntiq də var. Həmin məntiqə görə zərərçəkmiş dövlət xəstəxanasının qəbul otağına gətiriləndə, onu gətirənlərin nə deməsindən asılı olmayaraq, fərqi yoxdur onu maşın vurub, döyüblər, itələyib yıxıblar və sair, nə olursa olsun, xəsarət izləri, sınıq, əzik, göyərmə varsa xəstəxananın məsul şəxsləri mütləq rəsmi qaydada polis bölməsinə məlumat verməlidir. Məhz, bu məlumat əsasında polis orqanları da gəlib faktı rəsmiləşdirməlidir. Xəsarət yetirən və xəsarət alanın nə deməsindən asılı olmayaraq hüquqi ardıcıllıq belə tələb edir. Çox adam çox söz deyə bilər, mühüm olanı əlahəzrət faktdır.
– Bu əlahəzrət fakt OMON hadisələrində necə ortaya çıxdı?
– Əslində, 1995-ci ilin mart ayında OMON-un qərargahı qarşısında baş verənlər hamısı lentə alınmışdı. Bu da qəribə təsadüf idi ki, bu hadisələrin başlanmasından iki-üç gün əvvəl mən bərk soyuqlamışdım və hərarətim olduğundan poliklinikadan gəlib müayinə edib bülleten açmışdılar. Bu xəstəlik bütün OMON hadisələri dövrü davam etdiyindən mən evdən heç yerə çıxa bilməmişdim. Amma məni bu hadisələrə qatmaq istəyən qüvvələr var idi. Universitetin professoru, 91-lərin və YAP-ın öncüllərindən olan Səfiyar Musayev və ona yaxın olan bəzi şəxslər Heydər Əliyevin yanında keçirilən toplantıda demişdilər ki, Xalq Cəbhəsini əsas ideoloqları Azad Mirzəcanzadə ilə Cəmil Həsənlidir. Cəbhəni dağıtmaq üçün bunların məsələsini həll etmək lazımdır. Düzdür toplantıda bu fikrə etiraz edənlər də olmuşdu, amma artıq hədəf göstərilmişdi. OMON hadisələrində BDU-nun bir neçə tələbəsindən mənim orada iştirakımı təsdiq edən ifadə almaq istəyiblər. Şahid kimi çağrılanları hətta döyülmüşdülər də, amma yalan ifadə ala bilməmişdilər.
– Səfiyar Musayev niyə məhz Sizin adınızı çəkmişdi?
– Həmin vaxt mən AXC-də humanitar məsələlər üzrə sədr müavini, BDU-da kafedra müdiri idim. Kələkiyə – Əbülfəz bəyin yanına tez-tez gedib gəlirdim. 1993-cü il qiyamından sonra bir dəfə Kələkiyə gedib gələndən sonra gördüm məni əmrlə kafedra müdirliyindən çıxarıblar. Hətta, hakimiyyətə yarınmaq üçün Vəzirov dövründə nəşr etdirdiyi kitabda Heydər Əliyevin əleyhinə kəskin ifadələr işlətmiş tarix fakültəsində bir kafedra müdiri təklif etmişdi ki, Elçibəyin yanından qayıdandan sonra onu kafedraya buraxmayın və görsəniz o yan-bu yan edir, atarsınız pəncərədən aşağı (o vaxt bizim kafedra 7-ci mərtəbədə yerləşirdi). Mən rektorun yanına gedib qanunsuz hərəkət etdiyini ona xatırlatdım. O, yeni əmrlə məni vəzifəmə bərpa etdi və bir neçə ağır söz deyib kabinetdən çıxdım. Bərpa haqqında əmri alandan sonra kafedra müdirliyindən çıxmaq barədə özüm ərizə ilə müraciət etdim və kafedrada professor kimi qaldım. Səfyar müəllim isə sonralar 91-lər müraciəti kimi tanınan sənədə imza atmağı məndən xahiş etmişdi. Çox təkid etsə də, mən imza atmadım. Bundan sonra münasibətlərimiz pozuldu. Onun çıxışı da məhz bununla bağlı idi. 93-cü il qiyamı zamanı mənim Milli Məclis qarşısında çıxışım da çoxlarının xoşuna gəlməmişdi. Orada mən 1920-ci ilin martında Qarabağda ermənilərin qaldırdığı qiyamı və müsəlman bolşeviklərinin bundan istifadə cəhdini nəzərdə tutaraq Rəsulzadənin sözlərini demişdim. Rəsulzadə Əliheydər Qarayayevi nəzərdə tutaraq demişdi ki, fərqi yoxdur Azərbaycan müstəqilliyənə qarşı qiyam qaldıran Qarabağda Vartazar, yoxsa Bakıda Əliheydərdir, hər ikisi müstəqilliyimizin düşmənidir. Çox rahat Əliheydər sözünün “Əli” hissəsini atıb, Heydər hissəsini Əliyevə təfsir etmişdilər. Səmimi şəkildə etiraf edim ki, mən ümumiyyətlə belə bir şey nəzərdə tutmamışdım. Bir dəki YAP yeni yarandığından hər kəs öz sayığlığını nümayiş etdirib satmağa adam axtarırdı. Ona görə söz oyunu müxtəlif variantlarda təfsir edilirdi. Görünür bu da unudulmamışdı.
– Deməli 93-cü il qiyamının hələ aydın olmayan məqamları var?
– Bəli, 1993-cü il qiyamı vaxtı Prezident Aparatında məsul şəxslərdən biri mənə xəbərdarlıq etdi ki, fəallıq etmə, Heydər Əliyev gələcək və sən də onun komandasında olacaqsan. Dedim ki, bunu bacarmaram. Dedi özün bilərsən. Qiyamın gedişində Heydər Əliyevi dəvət etmək uğrunda yarış başlayanda ona yaxın olmuş vəzifəli şəxslərdən biri mənimlə görüşüb xəbərdarlıq etdi ki, sənin dostlarının ağlı çaşıb, o, gəlib bizim hamımızın axırına çıxacaq. Amma Əliyevin gəlişi qarşısıaınmaz prosesə çevriləndə həmin adam onun ən yaxın əhatəsində idi.Surət Hüseynovun adamları isə bizim evə gedib məni axtarmışdılar. Evdə heç kəs olmamışdı. Mən Kələkidə, ailəm isə bir qohumumgildə idi.
– Bəs OMON məsələsi necə yekunlaşdı?
– OMON-cuların istintaqı ilə bağlı Naxçıandan prokurorluğa xüsusi istintaq qrupu gətirmişdilər. Həmin istintaq qrupunu göndərdilər bizim evə axtarış aparmağa. Həmin vaxt mən çağırış üzrə Sahil bağı kənarında Xalq Cəbhəsinin keçmiş qərargahında yeni yerləşmiş prokurorluğa gələndə gənc bir müstəntiq bir qədər kənarda mənə çatdırdı ki, bu gün sizin evdə axtarış olacaq. Oldu da. Uşaqların otağında tapança tapanda çox sevindilər. Amma məlum oldu ki, oyuncaqdır. Heç nə çıxmasa da məndən əl çəkmədilər. Bir axşam prokurorluqdan bir tanış vasitəsi ilə xəbər göndərdilər ki, sabah məni istintaq qrupuna çağırıb həbs edəcəklər. Ona görə 1-2 aylıq ölkədən çıxıb harasa gedim. Dedim məlumata görə təşəkkür edirəm, amma heç hara gedəsi deyiləm, çünki özümü heç nədə günahkar bilmirəm. Səhər həbs olunmağa gedəndə evdə heç nə demədim, jiquli maşınımı aparıb bir qohumumun iş yerində qoydum və açarı da verdim ona, dedim gəlməsəm maşını qoyarsan bir yerə və evdə deyərsən ki, narahat olmasınlar, heç bir günahım yoxdur. Tezliklə hər şey aydınlaşar.
– Aydınlaşdı?
– Gəldim prokurorluğa. Sonuncu ifadəmi oxuyub imza etməli idim. Oxudum və iki səhifəyə imza atmadım. Müstəntiq səbəbini soruşanda dedim səhv var. Soruşdu nədir səhv. Dedim Əbülfəz bəylə bağlı suala mən müraciət forması kimi Əbülfəz bəy demişəm, siz Əbülfəz yazmışınız, bunu düzəldin. Naxçıvandan ezam olunmuş cavan müstəntiq heyrət içində mənə baxsa da (sanksiya hazır, məni qolbud edəcək çəpgözlər qapı arxasında müntəzir, dustaq maşını həyətdə) bir şey demədi. Həmin vərəqləri balaca yazı makinasına salıb hər iki vərəqdə Əbülfəz sözündən sonra bəy sözünü ifadəyə əlavə etdi və sonra mən onları imzaladım. O, istintaq qovluğunu qoltuğuna vurub rəhbərliyin yanına gedəndə qapı arxasında olan çəpgözləri içəri çağırdı və onlar içəri tərəfdə hərəsi qapının bir tərəfində dayandılar. Mənim onlara bir daha yaxından baxmaq imkanım oldu. Belə qərara gəldim ki, onların gözləri anadangəlmə çəp olsa da, deyəsən sifətləri adam döyməkdən heyvərə bir forma almışdı.
– Bu həyəcanlı anlar nəylə qurtardı?
– O, cavan müstəntiqi mən bir daha görmədim. Təxminən 40-45 dəqiqə sonra istintaq qrupunun rəhbərlərindən biri otağa gəlib çəpgözləri bayıra çıxardı və dedi ki, müəllim bağışla anlaşılmazlıq olub. Sizi kiminləsə səhv salıblar, burada sizlik bir şey yoxdur, gedə bilərsən. Birinci ciddi macaramız belə gözlənilməz sonluqla qurtardı. Amma ağır sınaq məqamları hələ qarşıda idi. 2000-ci ildə parlamentin üzvü seçildim. Bir müddət sakitlik oldu. Lakin bir dəfə iclasa gedəndə gördüm binanın içərisində iclas zalına gedən yolun hər iki tərəfində hökumətyönlü deputatlar çox intizamlı formada dayanıblar. Mən də xalça döşənmiş yolun düz ortası ilə zala doğru gedirdim. Gördüm hər iki tərəfdən mənə tərs-tərs baxıb göz-qaşla işarə edirlər. Mən dönüb arxaya baxdım və gördüm ki, Cəlal müəllim bir az sürətli addımlarla gəlir. Sən demə Cəlal müəllim iclaslara gələndə bunlar orada dayanıb onu təmtəraqla qarşılayır, ən azından öz mövcudiyyətlərini ona göstərirmişlər. Yaşını nəzərə alsaq, bir az kobudluq elementləri olsa da, yolumu və sürətimi dəyişmədim. İnsafən o, kiminləsə salamlaşdığına görə bir az yubandı. Amma 2005-ci ilin iyun ayında ilk dəfə aramızda ciddi ixtilaf oldu, acıqca məni təhqir etdi, elə həmin qayda da cavabın aldı.
– Mübahisə nə üstə oldu?
– 2005-ci il parlament seçkiləri artıq elan edilmişdi. Seçki kodeksinə əlavə və düzəlişlər edilməsi Məclisin müzakirəsinə verilmişdi. Səhv etmirəmsə iyun ayının 12-də qeyri-hökumət təşkilatları forum keçirirdilər. Orada məndən xahiş etdilər ki, yerli QHT-lərin seçki müşahidələrinə buraxılması haqqında təkilif müzakirəyə təqdim edim. Mən bu təklifi səsləndirdikdən sonra Cəlal müəllim dərhal söz aldı və bildirdi ki, bu QHT-lər hamısı Amerikanın casuslarıdır, burada onların sözünü deyənlər də yala qulluq edənlərdir. Həmin iclasda mən artıq danışmışdım, mikrafonsuz nəsə deməyin isə heç bir mənası yox idi. Ona görə növbəti iclası gözləməli oldum. Allah tərəfi Cəlal müəllim də iclasa gəldi və mən də çıxışa yazıla bildim. Bir neçə kəlmə ordan burdan danışandan sonra dedim: “Ötən iclasda Cəlal müəllim burada bizi təhqir etdi. Hörmətli Cəlal müəllim, bu respublikanın yal prinsipi ilə idarə olunma ənənəsini siz qoymuşunuz. Mən iki amilə görə – yaşınıza və elmi titulunuza görə sizə cavab vermirəm. Biz yala qulluq edən adamlar deyilik. Əgər siz öz ətrafınızdakı adamların qabağına yal atırsınızsa, bunu bizə şamil etməyin, siz öz tərəfdarlarınıza burada kukla da, toy generalları da deyə bilərsiniz – necə ki, deyirsiniz. Biz ayrılarına nökərçilik edən, yal alıb onlara qulluq edən adamlar deyilik. Bir də belə ittihamlar və təhqirlər səsləndirsən, dediyin qaydada da cavabını alacaqsan”. Zala mübhəm bir sükut çökdü. Hamı Cəlal müəllimin danışacağnı gözləyirdi. Lakin bu, olmadı. Bir dəqiqəlik sükutdan sonra Murtuz müəlim dedi ki, siz kimsiniz ki, ona xəbərdarlıq edirsiniz? Musa Musayev və Musa Quliyevdə çıxış etdilər, onlardan hansısa sual etdi ki, sən hansı cəsarətlə Cəlal Əliyevi ittiham edirsən? Ancaq artıq bunların heç birinin əhəmiyyəti yox idi. Mənim çıxışım zamanı iclasa yubanmış deputatlardan biri çıxışdan sonra zala girəndə gəlib mənimlə görüşdü, yerinə çatanda onunla birlikdə oturan deputat ona bozardı ki, niyə qoymursan rahat oturaq, salamlaşmağa adam tapmırsan? Sonra tez yerindən durub arxada çay içilən otağa keçdi ki, həmin deputatın onunla bir yerdə oturduğunu görməsinlər. Fasilə olanda məndən öndə oturan deputatlar tez çıxdılar ki, mənimlə bir yerdə çıxmasınlar, arxada olanlar isə müxtəlif bəhanələrlə gözlədilər ki, mən “rədd olum gedim” sonra çıxsınlar. Təxminən iki saat sonra deputat korpusunun koridorunda heç kim olmayanda deputatlardan biri mənə yaxınlaşıb dedi ki, Cəmil müəllim, Allaha and olsun, sən o sözləri deyəndə mən az qala yerimə…. Dedim, sözü deyən mən sən niyə yerinə…? Dedi, elə bilirdim qan düşəçək, şükür Allaha ki, hər şey qansız-qadasız ötüşdü…
Ardı var