Həbsdə olan sahibkardan Ticarət Mərkəzindən imtina etmək tələb olunur
“A.M.A.Y” Ticarət Mərkəzinin sahibi, hazırda həbsdə olan Abdulla Abdullayevə təzyiqlər olunur. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Abdulla Abdullayevdən tələb olunur ki, “A.M.A.Y”dan imtina etsin. Bildirilir ki, hakimiyyət bu ticarət mərkəzini sahibkardan almaqda israrlıdır. “A.M.A.Y” Ticarət Mərkəzindən imtinanın əvəzində Abdulla Abdullayevə azadlıq vəd olunur.
Qeyd edək ki, Abdulla Abdullayev ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevə yaxınlığı ilə seçilən şəxslərdən biri idi. “A.M.A.Y” Ticarət Mərkəzi də məhz Cəlal Əliyevin himayədarlığı altında fəaliyyət göstərirdi. Cəlal Əliyev küncə sıxışdırıldıqdan sonra onun yaxın çevrəsinə, o cümlədən Abdulla Abdullayevə də təzyiqlər başladı. Bir neçə il əvvəl isə təzyiqlər pik həddə çatdı. Hələ həmin vaxt məlumat yayılmışdı ki, Abdulla Abdullayevə təzyiqlərin bir səbəbi də onun “A.M.A.Y”dan imtinasına nail olmaq məqsədi daşıyır. Lakin Abdulla Abdullayev geri çəkilmədi, bu baxımdan da həbs olundu. O, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Məlumatda deyilir ki, “A.M.A.Y”ın Abdulla Abdullayevdən israrla tələb edilməsi hakimiyyətin “Ağ şəhər” layihəsilə bağlıdır. Indi bu ticarət mərkəzi fəaliyyətsiz olsa da, “Ağ şəhər” layihəsi başa çatandan sonra “A.M.A.Y” paytaxtın ən gəlirli obyektinə çevrilə bilər. Bildirilir ki, Abdulla Abdullayev təzyiqlərə rəğmən qarşısına qoyulan şərtləri qəbul etmir.
İnformasiya şöbəsi