Natiq Güləhmədoğlu natnetaz@gmail.com
Kimlər Heydər Əliyevi dinləyə bilibsə, buna şahiddi. O, 1993-cü ildən vəfatına qədər, Sovet vaxtı istefasından sonra ətrafının ona dönük çıxmasından, onu unutmasından çox danışardı.
Yəqin ki, bu məsələ – Əliyevin tənha buraxılması həqiqətən də baş vermişdi. Amma bunu insanların qədirbilməzliyi, çörəyinin dizinin üstündə olmasıyla əlaqələndirmək bir qədər mübahisəlidir. Çünki ata Əliyev özü də müsahibələrində dostu olmadığını etiraf etmişdi. Dostsuz adamın ətrafı necə ola bilər ki?
Şübhəsiz, insanlar dost olmadan mənəvi bağlılığa görə sənin böyür-başında dayana bilməzlər, onları sənə bağlayan hansısa qorxu, itaətkarlıq olacaq. Güman ki, Əliyevdə də belə olub, sadəcə o, qəbul edə bilməyib ki, ona vəzifə başında deyilən məhdiyyələr, səcdələr səmimiyyətdən uzaqdır, qorxu və başqa təzyiq vasitəsinin nəticəsidir.
O, vəfat edənə qədər də bu həqiqəti yaxına buraxmadı və “nankorluğa” görə bütün Azərbaycan cəmiyyətini cəzalandırdı.
Eyni daxili narahatlıq Ilham Əliyevdə də var. Yadınızda qalıbmı, o, öz otağından tarixçi alimi qovanda nə demişdi?
Xatırlamayanların yadına salım: “Mən hələ burdayam siz belə işlər görürsüz, gör mən olmasam nələr edərsiz”.
Bu tarixi ekskursu hazırda həbsdəki ictimai-siyasi fəallara Azərbaycan cəmiyyətinin münasibətini göstərmək üçün etdim.
Hakimiyyətin gücü – pulu, təbliğat imkanlarının genişliyi siyasi məhbusları, onların vüqarlı dostlarını, əqidədaşlarını çarəsiz hala salıb. Hakimiyyət ona qarşı çıxanları, onu qəbul etməyənləri çox ağır maddələrlə ittiham edib həbsə göndərir. Həbs bizim ölkədə hələ ki, mümkün olan ən ağır cəzadır. Fəqət, o həbs olunanlara göstərilən münasibətə, canıyananlığa baxın. Eyni zamanda, ata Əliyevin dediklərini də yada salın…
Azad sözün deyilə biləcəyi hər məclisdə, hər yerdə siyasi məhbusların müdafiəsi üçün çıxışlar daim eşidilir. “Facebook” və başqa sosial şəbəkələr bizim vicdan və siyasi məhbusların fotoları, yazıları, xatirələri ilə doludur. Dara düşən əqidədaşlara dostlarının göstərdiyi sədaqətdən mütəəssir olmamaq mümkün deyil.
Biləsiniz, hakimiyyətdəkiləri dəli edən həm də bu faktordu. Onlar bunu heç vaxt görməyib, görməyəcəklər də. Onlar sadəcə, paxıllıq edirlər. Bizim adi qəbul etdiyimi şeylər, məsələn, həbs olunan, dövlət səviyyəsində şərlənən insanlara tərəddüdsüz dəstək durmaq, onların ailələrinə həyan olmaq, özlərini hər fürsətdə yad etmək siyavuşnovruzovkimilər üçün möcüzə kimidir. Onlar hər gün yanıb-tökülürlər ki, axı neyçün məhəbbəti, insan hərarətini, istəyini pulla almaq olmur? Axı bu da mümkün olsaydı, onların dərdi qalmazdı…
Davam edən həbslər, təqiblər bizi incidir – bu mübahisəsizdir. Ancaq qətiyyən bu həbslərin onun icraçılarını məmnun etdiyini düşünmək olmaz. Onlar çox böyük səhvə imza atıblar və hər gün o səhvi ağırlaşdırmaqdadılar. Azərbaycanın ən seçkin insanlarını zindana doldurmaq dünyanın indiki çağında heç Afirka meşələrində də adama hörmət gətirən əməl deyil.
Marşal Jukovun memuarını hazırlayan redaktorlardan biri deyib ki, memuar çapa ləngiyirmiş. Bunun səbəbini onlara dolayısı ilə çatdırırlar ki, Sovet rəhbəri Brejnev Jukovun onun da adını kitaba salmasını umur. Jukov dəli olur, “axı, biz bütün müharibə boyu bir dəfə də üz-üzə gəlməmişik” deyib, etiraz edir. Dövrün nəbzini tutanlardan biri çarəni tapır, memuara salır ki, guya, general Jukov bir dəfə hansısa hücum əməliyyatı üçün polkovnik Brejnevdən məsləhət almağa gəlir, amma onu yerində tapmır. Jukov “ağıllı başa düşər, axmağın isə başa düşməyinə ehtiyac yoxdur” deyib razılaşır.
Indi də hakimiyyətin ağır ittihamlarının mənasızlığını, əsl mahiyyətini ağıllılar çox yaxşı dərk edir. Hakimiyyət bir dəstə axmağı tövlamaq üçün, onların gözündə vətənpərvər görünmək üçün bu hoqqalara gedirsə, getsin, mane olmayaq.