Rusiyalı biznesmen, keçmiş siyasi məhbus Mixail Xodorkovski həmvətənlərini Kremlin Ukraynaya qarşı elan olunmamış müharibə aparmasına etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.
Xodorkovski öz saytında yerləşdirdiyi çağırışda yazır: “Biz Ukrayna ilə müharibə aparırıq. Əməlli-başlı. Ora əsgər və texnika göndəririk. Ukraynalılar yaxşı döyüşür, amma geri çəkilir. Qüvvələr, əlbəttə ki, bərabər deyil.
Belə şəraitdə bizim hakimiyyət aramsız olaraq yalan danışır. 80-lərdə Əfqanıstan, 90-larda Çeçenistan haqqında danışdıqları kimi, indi də Ukrayna haqqında yalan danışırlar.
Biz isə hər iki tərəfdən dünənki hərbçi yoldaşlarımızı, dostlarımızı və yaxınlarımızı dəfn edirik. Onlar bir-birlərini ona görə öldürmürlər ki, belə istəyirlər. Ona görə öldürürlər ki, qocalmış hakimiyyətə qan lazımdır”.
Xodorkovski hesab edir ki, Rusiya vətəndaşları müharibəni dayandıra bilərlər: “Sadəcə küçələrə çıxmaq və tətillə hədələmək kifayətdir. Hakimiyyət dərhal geri çəkiləcək, o qorxaqdır.
Amma yox, biz özümüzü inanmış kimi göstərəcəyik və dəfn mərasimlərində ağlayacağıq. Mən daha susmaq istəmirəm və susmayacam!”.
azadliq.info