Vahid Məhərrəmli: «Əkinə yararsız ərazilər bərpa edilsə, orada ən azı 2-3 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal etmək olar»
Hər bir ölkənin iqtisadi təhlükəsizliyi kənd təsərrüfatının dayanıqlı inkişafından asılıdır. ÜDM-in təxminən 5,5 faizini, məşğulluğun isə 45-50 faizini formalaşdıran aqrar sektoru Azərbaycan iqtisadiyyatında da mühüm yer tutur. Torpaqlardan səmərəli istifadə edilməməsi, kənd təsərrüfatının inkişafına lazımı dəstəyin verilməməsi Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə xeyli geridə qalmasına səbəb olub. Elə bu yaxınlarda yayılan statistik məlumata görə, Azərbaycanda təxminən 500 min hektara yaxın əkin sahəsi istifadəsiz qalıb. Bütün bu neqativ məqamların nəticəsində Azərbaycan ərzaq mallarının idxalçısına çevrilib. Rəsmi məlumata görə, Azərbaycanın ərzaq tələbətının 50%-dən çoxu idxal olunur. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin (ITYIB) bu istiqamətdə apardığı araşdırma maraqlı faktlar ortalığa çıxarıb. Məsələn, Yaponiyada hazırda kənd təsərrüfatına yararlı cəmi 4,9 milyon hektar torpaq sahəsi dövriyyədədir. Amma bu ölkə 130 milyon nəfərlik əhalisinin ərzaq ehtiyaclarının təxminən 68 faizini daxili istehsal hesabına ödəyir. Bu o deməkdir ki, hazırkı məhsuldarlıq şəraitində Yaponiya 65 milyon nəfər insanı 100 faiz daxili aqrar məhsullarla təmin etmək gücündədir. Hazırda Azərbaycanda da təqribən eyni həcmdə- 4,7 milyon hektar kənd təsərrüfatı torpağı istifadədir. Amma rəsmi məlumatlara görə, Azərbaycan ərzaq ehtiyaclarının cəmi 60 faizini yerli aqrar istehsal hesabına ödəyə bilir. Yəni, hazırkı torpaq və istehsal dövriyyəsi sayəsində təxminən 5 milyon nəfəri daxili istehsal hesabına yaşatmaq mümkündür. Niderland isə torpağıyla neftimizdən çox qazanır.
Araşdırmalar göstərir ki, Azərbaycan aqrar sektorun durumuna görə nəinki inkişaf etmiş ölkələrlə, hətta bazar münasibətlərinə keçidlə bağlı bizimlə eyni start vəziyyətində olan MDB ölkələrilə müqayisədə xeyli əlverişsiz mövqedədir. Məsələn, taxıl, süd, kartof və yumurta istehsalının adambaşına həcminə görə Azərbaycan 12 MDB ölkəsi arasında 7-ci, ət istehsalının adambaşına həcminə görə 8-ci, tərəvəz məhsullarının adambaşına həcminə görə isə 5-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanda aqrar sektorun necə acınacaqlı durumda olduğunu bir daha ortalığa qoyur.
Bəs görəsən istifadədən kənarda qalın 500 min hektar torpağın istifadə olunması Azərbaycanın kənd təsərrüfatına hansı töhvəni verə bilər?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirdi ki, vaxtı ilə sovet dövründə pambıqçılığın inkişaf etdirildiyi torpaqlar hazırda deqrodasiyaya uğrayıb. Hazırda Azərbaycanın digər əkin sahələrində də deqrodasiya prosesinin sürətlə getdiyini deyən V.Məhərrəmli vurğuladı ki, torpağın keyfiyyəti olduqca pisləşib: «Keyfiyyəti pisləşmiş torpaqda əkin aparmaq fermerə sərf etmir. Çünki həm məhsuldarlıq az olur, həm də əldə olunan məhsulun keyfiyyəti aşağı olur. Ona görə hazırda bir çox sahələrdə əkin işləri aparılmır. Hökumət bu sahələri nəzarətsiz buraxıb».
Əslində bu tip sahələrdə melyarasiya işlərinin aparılmalı olduğunu deyən V.Məhərrəmli bildirdi ki, eroziyaya uğrayan torpaqlar bərpa edilməlidir. Bu vəzifənin hökumətin üzərinə düşdüyünü söyləyən V.Məhərrəmli vurğuladı ki, hökumət isə bu məsuliyyəti üzərindən atır: «Əgər bu torpaq sahələri qaydasında bərpa edilərlərsə, o zaman Azərbaycanın kənd təəsrrüfatına ciddi töhfə vermiş olar. Həmin sahələrdə ən azı 2-3 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal etmək olar. Burada torpağı qaydasına salmağa, suvarma sistemi bərpa edilməlidir. Nəticədə kənd təsərrüfatı məhsullarına olan təlabatımızın bir hissəsi bu sahələrin hesabına ödənilə bilər».
Bu gün Azərbaycanın buğdaya olan təlabatının tamamilə idxal hesabına ödənildiyini deyən V.Məhərrəmli vurğuladı ki, süd məhsullarına olan təlabatın isə 40 faizi idxaldan gəlir: «Ətə olan ehtiyacımızın da əsas hissəsi idxaldan gəlir. Azərbaycanın əkin torpaqlarının kifayət qədər böyük potensialı var. Torpaqlar münbütləşdirilsə Azərbaycan dövləti və xalqı bundan böyük mənfəət əldə edər».
Xəyal