Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 191 mln manat və ya 42,1% azdır
Xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri xeyli azalıb. Bu baradə contact.az saytı məlumat verir. Bu ilin I rübündə Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici neft şirkətləri dövlət büdcəsinə 262,3 mln manat ödəniş ediblər.
Energetika naziri Natiq Əliyevin hökumətin son iclasında məruzəsindən belə nəticəyə gəlmək olar. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 191 mln manat və ya 42,1% azdır.
Qeyd edək ki, 2013-cü ilin I rübündə Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici neft şirkətləri dövlət büdcəsinə 453,3 mln manat köçürmüşdü. Azərbaycanda neft və qaz hasilatı ilə 12 əməliyyat şirkəti və bir müştərək müəssisə məşğul olur. Amma Azərbaycanın statistika qurumları onların ödəniş, hasilat və ixrac həcmini ayrıca göstərmir, ABƏŞ və ya beynəlxalq konsorsium kimi verirlər.
Xarici şirkətlərin büdcə ödəmələrinin 42 faiz azalması ciddi göstəricidir və müəyyən geriləməni ifadə edir. Bəs, bu azalmaların əsas səbəbləri nədir?
Məhəmməd Talıblı: «Şirkətlərin fiskal potensialları azalır, eyni zamanda neft hasilatının azalması da ödənişlərə təsir edir»
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, bunun səbəblərindən biri də neft hasilatının aşağı düşməsidir: “Bildiyiniz kimi transmilli neft şirkətlərinin, o cümlədən BP-nin operator olduğu ABƏŞ-də neft hasilatı aylar və rüblər üzrə hasilatı proporsional bölünmür. Ona görə ötən ilin analoji dövrü ilə müqayisədə vergi ödənişləri aşağı düşə bilər. Ikincisi, kontraktlardan irəli gələrək, xarici şirkətlərin mənfəət payı ildən-ilə azalır, Azərbaycan tərəfinin payı isə artır. Kontraktlarda Azərbaycan tərəfi hesab edilən ARDNŞ-də, sizin qeyd etdiyiniz dövrlə müqayisədə dövlət büdcəsinə ödəmələri çoxalıb. Əgər ötən ilin birinci rübündə ARDNŞ büdcəyə 385 milyon manat pul köçürmüşdüsə, analoji rübün builki göstəricilərinə görə şirkətin ödəmələri 137 milyon manat artaraq 523 milyon manata çatıb.
Dövlət büdcəsinə bu ödəmələrdən belə nəticəyə gəlirik ki, xarici neft şirkətləri dövlət büdcəsinə 42 faiz daha az vəsait ödəmişdilərsə, milli neft şirkətimiz isə 35 faiz daha artıq vəsait ödənişini təmin edib. Belə olduğu təqdirdə, bu volatilliyə uyğun olaraq şirkətlərin fiskal potensialları da azalır. Digər tərəfdən isə Azərbaycan tərəfinin neft hasilatının azalması da ödənişlərə təsir göstərə bilər”.
Akif