Üzeyir Cəfərov: «Zakir Həsənov bir qədər diqqətli olmalı, tələskənliyə yol verməməlidir»
“Müdafiə Nazirliyində aparılan kadr islahatlarında Baş Qərargah rəisi Nəcməddin Sadıqovun ”əl izi” görünür”. Bu sözləri “Azadlıq”a hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində aparılan kadr islahatları barədə danışarkən deyib. Üzeyir Cəfərov bildirib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə yeni təyin edildiyindən Nəcməddin Sadıqov fürsətdən istifadə edərək öz məqsədlərini həyata keçirir:
“Uzun illər keçmiş müdafiə naziri Səfər Əbiyev ona öz məqsədlərini həyata keçirməyə mane olub. Amma indi onun əl-qolu açılıb. Müdafiə Nazirliyində aparılan kadr islahatlarında o daha çox fəallıq göstərir. Amma bütün bunlar təbii olaraq müdafiə nazirinin ayağına yazılır. Hesab edirəm ki, Zakir Həsənov bir qədər diqqətli olmalı, tələskənliyə yol verməməlidir”.
Üzeyir Cəfərovun sözlərinə görə, Müdafiə Nazirliyində Səfər Əbiyevə yaxın şəxslərin “vurulması”, keçmiş müdafiə nazirinin işdən çıxardığı şəxslərin nümayişkəranə şəkildə yüksək postlara təyin edilməsində Nəcməddin Sadıqovun mühüm rolu var. Hərbi ekspert həmçinin əlavə edib ki, baş qərargah rəisi artıq çağırış sistemini nəzarətə götürüb: “Uzun müddət Biləcəri toplanış məntəqəsində çalışan Hikmət Xalıqov Təşkilat Səfərbərlik Idarəsinə rəis müavini təyin edilib. Bu qurumun rəisi Yaşar Aydəmirov hazırda məzuniyyətdədir və qayıdandan sonra istefaya göndəriləcək. Beləliklə, hazırda Hikmət Xalıqov faktiki olaraq rəisi əvəz edir. Məhz Nəcməddin Sadıqov, Hikmət Xalıqov və Elxan Məcidov üçlüyü vaxtilə çağırış sistemində bildiklərini edirdilər. Lakin sonradan bunun qarşısı alındı. Indi Nəcməddin Sadıqov yenidən vəziyyəti revanş götürüb. Birmənalı demək olar ki, Nəcməddin Sadıqov Müdafiə Nazirliyində hökmranlıq edir.
Güman ki, yaxın vaxtlarda biz Müdafiə Nazirliyində baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət edəcəyik”.