Sağ ol, Bəybala kişi!
Mənim üçün “Azadlıq”a dəstək aksiyası bir növ sınaq imtahanıydı. Cəmiyyət sınandı, Ictimaiyyət ələndi. “Azadlıq” sınaqdan çıxdı. AXCP-nin nüfuzu, AXCP sədrinin etibarı bir daha təsdiqləndi. Xalq öz qəzetini yaşatmaqda qərarlı olduğunu göstərdi. Mən də öz adımdan hər kəsə “sağ ol” deyirəm. Televiziyaların SMS-li proqramlarında deyilən kimi səs verənlər (yardım edənlər) də sağ olsun, səs verməyənlər (yardım etməyənlər) də. “Sağ ol” dediyim yardım etməyənlər mənəvi dəstək göstərənlər, isti sözlə münasibət bildirənlər, yanan ocağa “saman çöpü” yox, “bir damcı su” atanlardır. Görünür, yardım etməməklə bağlı onların da öz arqumenti var…
Bu bir sınaq idi. Birliyin, birgəliyin, dar günün sınağı. Cəmiyyətin üzdə olan, tanınan demokratik düşüncəli kəsiminin sınağı. Unutmayaq ki, əsasən vətəndaş cəmiyyətinin təmsilçiləri olan bu insanların çoxunun illik gəliri hansısa məmurun bir saatlıq gəlirindən də azdır. Amma onlar vəsaitlərindən keçdilər. “Azadlıq”sız qalmaq istəməyən imkansızların ailəsinin boğazından kəsdiyi “on manatlar” milyonlardan dəyərli oldu cəmiyyət üçün. Kəbirə Məmmədovanın, Tağı Əhmədovun maddi təzminat tələbindəki on minləri gözdən, dəyərdən düşürdü. “Azadlıq”a ictimai yardım vətəndaş mövqeyi, əxlaq, mənəviyyat döstəricisiydi.
“Azadlıq”ın saytında yardım aksiyasında iştirak edənlərin adlarını oxudum, şəkillərinə baxdım. Çoxu demokratik düşərgədə, vətəndaş cəmiyyətində, müstəqil fəlaiyyətdə olan tanınan insanlardı. O fotoların arasında AXCP sədri Əli Kərimli ilə şəkil çəkdirən şəhid atalarını gördüm. Onlardan birini tanıyıramm – Bəybala Əzizovdur. Bəybala kişinin oğlu Elxan Əzizov 2010-cu ildə hərbi xidmət zamanı həlak olub. Ata sülh şəraitində əsgər ölümlərinə etiraz olaraq keçirilən bütün aksiyalarda fəal iştirak edir, ictimai fəallıq göstərib ordudakı qanunsuzluqlara qarşı mübarizə aparır. 2011-ci ildə Murov dağında növbə çəkərkən öldürülən yeddi əsgərdən birinin atası Etibar Quliyevlə birgə Atəşkəs Qurbanları Ictimai Birliyi yaratmışdı. Etibar Quliyev haqsızlığa, etinasızlığa, gərginliyə dözmədi. Dünyasını dəyişdi. Allah şəhid atalarına ömür versin; həm öz əvəzlərinə, həm də balalarının yerinə yaşaya bilsinlər. Bəybala kişi olmayan büdcəsindən “Azadlıq”a pul ayırıb. O pulun dəyəri pulla ölçülməz. O pulun dəyəri insanlıqla, ləyaqətlə, bir ömrə sığa bilməyəcək qədər ağır yoxluqla ölçülər.
Bəybala Əzizovun şəklini “Azadlıq”da görməsəydim Prezident Administrasiyasının şöbə müdiri, “KIV-lərin kuratoru” Əli Həsənovun “Onlarla bu mövzuda danışıq aparmaq fikrimiz yoxdur”, “Müvəffəqiyyətlərinə də, uğursuzluqlarına da özləri cavabdeh olmağı bacarmalıdırlar” deməsinə fikir verməzdim. Əslində KIV-lərlə çalışan dövlət məmuru kimi Əli Həsənov məsələnin ciddiliyini, Azərbaycan hakimiyyəti adına biabırçılığın səviyyəsini qəbul edib neytral mövqe sərgiləyə bilərdi. Bir balaca obyektivlik göstərib problemin həllinə dəstək olmağa çalışardı. Məhkəməyə üz tutan adamlarını “geri çəkdirərdi”. Amma adam əlində “saman çöpü” olduğunu göstərdi. Cəmiyyəti bir daha “onlara, bizə” parçaladı. “Onlar müstəqil mətbuatdırlar. Necə istəyirlərsə, o cür də işləyə bilərlər. Müstəqil mətbuatı hakimiyyətlə bağlayan yeganə amil onların eyni cəmiyyətdə fəaliyyət göstərməsidir. Bizim ”Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur. O cümlədən, düşünürəm ki, bu qəzetlərin də buna ehtiyacı yoxdur. Əgər onlar özlərinin çətin vəziyyətə düşmələrinin səbəbini hakimiyyətlə bağlamaq istəyirlərsə, mən buna təəssüflənirəm”- dedi. Və “imtahandan kəsildi”. Bəybala Əzizov kimilərin “əla” qiymət aldığı imtahandan bir alim kəsildi.
“Azadlıq” xalqın sınağından çıxdı. Insanlar sonuncu üz tuta bilcəkləri qapının qapadılmasını istəmədilər. Bu, şərəfdir. Dünya “dünyanı basıb yeyənlərin” yox, şərəfli insanların çiynində fırlanır. Sağ ol, Bəybala dayı! Mirşahin də sağ olsun!
Azadə