Eyyub Hüseynov: «Nəqliyyat Nazirliyinə aid qurumlar olduqca biabırçı vəziyyətdə çalışır»
İsti yay günlərində insanların ən əsas istəyi, məkanından asılı olmayaraq, sərin hava şəraitində olmaqdan ibarətdir. Azərbaycanda, xüsusən də Bakıda ictimai nəqliyyatdan daimi istifadə edənlərin vəziyyətinin belə havalarda necə olduğunu təsəvvür etmək çətin deyil. Deyilənə görə, Bakıya yeni gətirilən avtobusların böyük əksəriyyətində kondisioner olur, amma onları çıxarırlar.
Hətta çıxarılmayan avtobuslarda da istifadə olunmur. Bu da sürücülərdən yox, marşrutlara cavabdeh olan səlahiyyət sahiblərindən asılı məsələdir. Onlar da vətəndaşların durumunu yox, öz maraqlarını nəzərə alırlar.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ictimai nəqliyyatdakı problemlərlə əlaqədar rəhbərlik etdiyi təşkilata çoxsaylı şikayətlər daxil olur. Yenicə Hindistandan qayıtdığını və Azərbaycanın bu ölkənin ictimai nəqliyyatıyla müqayisədə uduzduğunu deyən Eyyub Hüseynov bu sahədəki problemlərin kökünün Nəqliyyat Nazirliyindən başladığını vurğulayır: “Insanlar bizə müraciət edərək belə dözülməz vəziyyətin nə vaxtadək davam edəcəyini soruşur. Bu, əlbəttə ki, istehlakçı hüquqlarının pozulması deməkdir. Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin qurumları olduqca biabırçı vəziyyətdə çalışır. Bu yaxınlarda bizim təşkilata nazirlik əməkdaşlarının kobud davranışı barədə iki şikayət gəlib. Bu qurumdan yalnız mənfi hadisələr gözləmək mümkündür. Nazirlik ümumiyyətlə, keyfiyyət məsələsinə diqqət yetirmir”.
E.Hüseynov deyir ki, hazırkı dözülməz vəziyyət yalnız insanlar ictimai nəqliyyat vasitələrini boykot edəcəyi təqdirdə düzələcək. Qurum sədri sahibkarları yalnız bu yolla “ağıllandırmağın” mümkün olduğunu düşünür. Onun fikrincə, sərnişinlər israrla daha rahat nəqliyyat vasitələri tələb etməlidir: “Hətta ən geridə qalmış ölkələrdə də belə biabırçı vəziyyət yoxdur. Azərbaycandan qat-qat aşağı, antisanitar durumda yaşayan hindistanlılar kondisionerli nəqliyyat növlərindən istifadə edir. Bizdə isə vəziyyət olduqca biabırçıdır. Insanlar çarəsizlikdən ictimai nəqliyyatdan istifadə etməyə məcbur olur. Azərbaycanda hər sahədə olduğu kimi, istehlakçı hüquqlarının qorunması da olduqca pis vəziyyətdədir”.
Dünən şənbə günü olduğundan Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Amma istənilən halda, Nəqliyyat Nazirliyi hazırkı acınacaqlı duruma aydınlıq gətirməlidir.
Nigar