Qazaxıstanın 30 milyardlıq büdcəsinin 9 milyardı neft, 21 mlrd dolları isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşır
Azərbaycanda isə büdcənin 73 faizi neft gəlirləri hesabınadır
Bu günlərdə iqtisadçı ekspert Rövşən Ağayev 2012-ci ildə Azərbaycanın neftsiz büdcəsinin 4,1 milyard manat olduğunu açıqlayıb. Ötən il Azərbaycanın neftsiz ÜDM-i 35 milyard dollar, neftsiz büdcəsi 5,2 milyard dollar olub. Halbuki Gürcüstan 2012-ci ildə neftsiz-qazsız, təxminən 16 milyard dollarlıq ÜDM-dən vergilər vasitəsilə 4 milyard dollar civarında büdcə gəliri formalaşdırıb.
Gömrük vergi və rüsumlarını nəzərə almadıqda 2012-ci ildə Azərbaycanın neftsiz büdcəsi Gürcüstanın büdcəsindən təxminən 15% azdır.
O da məlumdur ki, Azərbaycan büdcəsinin 73%-i neft gəlirləri hesabına formalaşır. Ixracda neft və neft məhsullarının payı isə 80%-dən artıqdır. Əgər neft ölkələrinin əksəriyyətində ÜDM-də xidmət sektorunun payı 35-40 faiz arası dəyişirsə, Azərbaycanda bu göstərici 10-15 faizdən çox deyil.
Bütün bunlar Azərbaycan büdcəsinin, eləcə də bütövlükdə iqtisadiyyatın neftdən asılı olduğunu, rəsmilərin qeyri-neft sektorunun inkişafı ilə bağlı dediklərinin həqiqətdən uzaq olduğunu göstərir.
Digər neft ölkələrinin dövlət büdcəsinə nəzər salanda orada neftin payının Azərbaycandan xeyli az olduğunu görmək olur. Məsələn, MDB dövlətlərindən neft ölkəsi olan Qazaxıstanda ixracda neft və neft məhsullarının payı cəmi 35%-dir. Dövlət büdcəsi 30 mlrd dollardır. Onun 9 mlrd dolları neft, 21 mlrd dolları isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşır.
Neft hasilatı həcmlərinə görə OPEK üzvləri arasında ikinci olan qonşu Iranın iqtisadiyyatı Asiyada yalnız Çin, Yaponiya, Türkiyə, Cənubi Koreyadan geri qalır. 51 mlrd dollarlıq dövlət büdcəsinin cəmi 45%-i neftdən asılıdır.
Zəif inkişaf etmiş ölkələrlə bir sırada
Azərbaycanın neftsiz büdcəsinə bərabər büdcəsi olan ölkələr arasında Kot-d-Ivuar, Qvatemala, Konqo, Kamerun kimi zəif inkişaf etmiş ölkələri göstərmək olar. Bu ölkələrin iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur.
Ermənistanın dövlət büdcəsi də təxminən 4 mlrd dollardır. Bu da Azərbaycanın neftsiz büdcəsindən bir qədər azdır. Düşmən ölkənin iqtisadiyyatını əsasən sənaye və kənd təsərrüfatı təşkil edir. Hər iki sahədə Azərbaycanın potensialı Ermənistandan qat-qat artıq olsa da, ölkəmiz bundan yetərincə yararlanmır.
Azərbaycan kimi büdcəsi neft gəlirlərindən ibarət olan ölkələr də var. Bura əsasən ərəb ölkələri daxildir. Ancaq bu ölkələrdə həyat səviyyəsi nəinki Azərbaycandan, hətta inkişaf etmiş digər ölkələrdən də yüksəkdir. Ona görə neftlə zəngin ərəb ölkələri ilə Azərbaycanı müqayisə etmək yersizdir. Dəfələrlə belə müqayisələr aparılıb və nəticə də ölkəmizin xeyrinə olmayıb.
Anqola və Nigeriya ilə müqayisədə də uduzuruq
Ancaq büdcəsinin əsas hissəûsi neft gəlirlərindən ibarət olan kasıb ölkələr də var. Onların arasında Anqolanı göstərmək olar. Bu ölkənin iqtisadiyyatı əsasən neft ixracına əsaslanıb. ÜDM-də neftin payı 85% təşkil edir. Anqola iqtisadi cəhətdən zəif inkişaf edən ölkə sayılsa da, son illər burada iqtisadi artım müşahidə edilir. Adambaşına düşən ÜDM 6443 dollar təşkil edir. Bu göstəriciyə görə Anqola 95-ci yerdə qərarlaşıb. Bu da onun yerləşdiyi region üçün yüksək göstərici sayılır. Dövlət büdcəsi isə 27 mlrd dollardır.
Neftlə zəngin, lakin kasıb ölkələrdən biri də Nigeriyadır. Uzun illər siyasi qeyri-stabillikdən əziyyət çəkən bu ölkədə iqtisadi inkişaf müşahidə edilmirdi. Ötən illərdə bu ölkənin gəlirlərinin 80%-ni neft pulları təşkil edirdi. Lakin son illər həyata keçirilən iqtisadi islahatlar ölkədəki inkişaf tempini artırıb. Xüsusilə hökumət özəl sektorun inkişafı üçün zəruri addımlar atır. Adambaşına düşən ÜDM 2400 dollar təşkil edir və bu göstəriciyə görə Nigeriyə 138-ci yerdə qərarlaşıb. Ölkənin dövlət büdcəsi təxminən 30 mlrd dollar təşkil edir.
Neftlə zəngin ölkələr arasında Venesuelanı göstərmək olar ki, bu ölkənin ixracdan gələn gəlirlərinin 80%-ni neft pulları təşkil edir. Dövlət büdcəsinin 50 faizi də neftdən gələn pulların hesabına formalaşır. Venesuelanın dövlət büdcəsi 106 mlrd dollardır.
Bu, büdcəsi neftdən asılı olan və inkişaf etmiş ölkələrlə bir sırada dayanmayan dövlətlərdir. Azərbaycan rəhbərliyi isə ölkəmizi dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada tutur. Hətta bəzi göstəricilərə görə onları geridə qoyduğunu iddia edir. Ancaq növbəti kiçik müqayisə bunun həqiqətdən nə qədər uzaq olduğunu üzə çıxardı.
Fizzə