Xorvatiyanın keçmiş Baş naziri İvo Sanader korrupsiya və rüşvət almaqda mühakimə olunaraq 4 il 5 ay həbs cəzasına məhkum edilib.
Bundan başqa, Zaqreb Kanton Məhkəməsi dörd ildir “Planinska məsələsi” adı ilə aparılan iş prosesində Sanaderlə yanaşı şübhəlilərdən Stepan Fioliç və Mladen Minareviç haqqında da qərarını açıqlayıb.
Məhkəmə qərarı əsasında Sanaderə 4 il 5 ay, Fiolic və Minarevicə isə bir il həbs cəzası verilib.
Hakim keçmiş Baş nazir İvo Sanaderin 2,3 milyon avro rüşvət aldığını və dövlətə 2 milyon avro zərər vurduğunu bildirib.
Məhkəmə qərarında bildirilir ki, Sanader Baş nazirliyi dövründə Xorvat Demokratik Birliyi (HDZ) millət vəkillərindən olan Fioliçlə birlikdə Regional İnkişaf Nazirliyi üçün alınacaq daşınmaz əmlaka bazar dəyərindən çox pul ödəyib.
Sanader bu hadisəylə əlaqədar bir milyon avro tələb edib. Bu fakt məhkəmədə Fioliç tərəfindən təsdiqlənib. Nəticədə Sanaderin aldığı 2,3 milyon avroya əl qoyulub və sözü gedən mövzuyla bağlı üç adamın dövlətə 2 milyon avro ödəməsi üçün hökm verilib.
azadliq.info