Uzaq tarixin ən xeyriyyəçi insanı kim olub? Yazılı mənbələrə görə 2-ci əsrdə yaşamış zəngin Opramoas. Onun zamanında ətraf şəhərlərə və insanlara təxminən 3 milyon dinar vəsait xərclədiyi yazılır. Dövrünün “ən xeyriyyəçi insanı” titulunu qazanmış bu şəxs Antalyanın Kumluca mahalında olan Rhodiapolis antik şəhərində yaşayıb. O, ən böyük xeyriyyə yardımını 141-ci ildə meydana gələn zəlzələdə yıxılan 33 Likya şəhərinin yenidən inşasına edib. Bundan başqa, Opramoasın gəlin köçən qızlara cehiz pulu, kiçik uşaqlara təhsil dəstəyi verdiyi, yoxsullara kömək göstərdiyi, acların doydurulması kimi bir çox xeyirxah işləri də boynuna götürdüyü xəbər verilir. Onun etdiyi yardımlar öz adına inşa edilən abidə məzarın üzərində sətir- sətir qeyd olunub.
Rhodiapolis antik şəhərində qazıntı işləri aparan Aralıq dənizi Universiteti Arxeologiya bölümünün müəllimi, dosent-doktor Isa Kızgut Opramoasun ölümündən sonra ona qoyulan abidə məzar daşlarının üzərində həmin yardımların siyahısını çıxarıb. Romalı rəsmilərlə yazışmaları əhatə edən bu siyahıya 12 kitabə, 19 məktub və 33 sənəd daxildir. Dünyanın ən qədim xeyriyyəçisi haqqında danışan Isa Kızgut deyir ki: “Dünyanın ən xeyriyyəçi adamı olaraq bilinən Opramoasun adına ucaldılan abidə məzar daşlarının üzərinə, sağlığında etdiyi bütün xeyriyyəçilik işləri siyahı halında yazılıb. Bu şəhərlərə etdiyi yardımların hamısı hesablamalara görə 3 milyon dinar. Təbii, bu miqdarı günümüz puluyla müqayisə etmək və qəti qarşılığını söyləmək çox çətindir. Biz bu pulun qızıl olduğunu düşünürük. Bəlkə irəlidəki tapıntılara görə bunu daha dəqiq, daha qəti olaraq söyləmək şansımız olacaq”.
Günümüzün Opramoasu Bill Qeyts
Opramoasu günümüzdə dünyanın hansı ən böyük xeyriyyəçisi ilə müqayisə edərdiniz? Dünyanın texnoloci nəhənglərindən sayılan, “Microsoft”un yaradıcısı Bill Qeytslə hər halda. Müasir dünya üçün hələ ki, ondan daha böyük, daha faydalı və humanist işlər görən yoxdur. Bu il məşhr “Forbes” jurnalının “dünya zənginləri” siyahsına birincilik edən Qeyts yenə də öz nəhəng layihələrinə dayanmadan davam edir. Həmin siyahıda 30 ildir yalnız 5 adam dünyanın ən zəngin insanı statusunu qoruyub saxlayır. Bu beşlik içində bəşəriyyət üçün ən çox xeyirxah işlər görən yenə də Bill Qeytsdir. Ümumi götürüldükdə, 2016-cı ildə dünyada milyarderlərin sayı 1810 nəfər, bunların sərvətlərinin məbləği isə 6,48 trilyon dollardır. Dünyanın ən zəngini olan Bill Qeytsin sərvəti də 75 milyard dollar. Bu nəhəng adam 1995 – 2007-ci illər arasında 13 il və sonra da 2009, 2014, 2015 və 2016-cı illərdə “dünyanın ən zəngini” ünvanını kimsəyə “yedirməyib”. Ondan sonrakı yerlərdə gələnlər bunlardır: Amancio Ortega( Ispaniya) – 67 milyard dollar, Varren Buffett (ABŞ) 60,8 milyard dollar, karlos Slim Helu(Meksika)- 50 milyard dollar, Ceff Bezos(ABŞ)- 45,2 milyard dollar, Mark Zuckerberg(ABŞ)- 44,6 milyard dollar.
Bill Qeytsi son illərə qədər dünyanın başqa bir texnoloji nəhəngi “Apple”ın yaradıcısı Stiv Cobsla müqayisə edirdilər. Onların arasında xoşagəlməz bir münasibət vardı. Bu gərginliyin bir “gözlətmə” hadisəsindən qaynaqlandığı söylənir. Iddialara görə Cobs sırf onu hirsləndirmək üçün hotel lobbisində düz 1 saat gözlətmişdi. Stivin təkcə 2005-ci ildə telefon olaraq istifadə edilə bilən yeni kəşfi iPod “pendir, çörək” kimi satılırdı. Həmin il Stivin bu “sehirli qutusu” iyirmi milyon ədəd satılaraq əvvəlki ildən dördqat irəli getmişdi. Onun bu möcüzəsinin qarşısında duran ikinci güc yox kimiydi. Amma onunla bağlı hər şey, göründüyü kimi, qibtə ediləcək dərəcədə gözəl idimi? Beyniylə dünyanı dəyişən bu “div adam”ın şəxsi həyatına nəzər salanda, əslində hər şeyin nə qədər fərqli olduğu üzə çıxır. Onun dünyadakı əsas rəqibi sayılan “Microsoft”un yaradıcısı Bill Qeyts aclıq çəkən uşaqlar üçün milyardlar xərclədiyi halda, o heç vaxt bunu etmədi. Uşaqlıqda gözəl sözlərin sahibi olan bu adam böyük milyardlar qazanınca, hər şeyi unutdu. Hər kəs bilirdi ki, o, şirkətin pullarını xeyriyyə işlərinə xərcləməyin qəti əleyhinədir. Bununla bağlı məşhur yazar Malcolm Qladvell deyirdi ki, 50 il sonra 3-cü dünya ölkələrində böyük xeyriyyəçi milyarder Bill Qeytsin heykəlləri qoyulacaq, Stiv Cobsu isə kimsə xatırlamayacaq. 2005-ci ildə xərçəngə tutulan Stiv Cobs ölümündən öncə bunları yazmışdı: “Gənc yaşlarımda bizim nəslin oxuduğu ”The Whole Earth Catalog” adlı bir nəşr vardı. 1970-ci illərdə son saylarını yayınladılar. Arxa səhifədə sabahın ilk saatlarında çəkilmiş bir kənd yolunun fotosu vardı. Altında vida cümləsi olaraq belə yazılmışdı: “Stay hungry, stay foolish- Ac qalın, səfeh qalın”. Hər zaman belə olmağı arzuladım. Indi sizə də eyni şeyləri arzulayıram!”
Dünyanın böyük sərvət zəngini bunu nə üçün demişdi ki? Kim bilir, bəlkə dahiliyin və ac uşaqlara belə xərcləməyə qıymadığı sərvətin də hər zaman işə yaramadığını anladığı üçün…
Zənginlik qazanmaqmı, yoxsa paylaşmaqmı?
Stivin rəqibi Bill Qeytsə də bu qədər varidatı qazandıran zəkası və azad iqtisadi mühit idi. O, orta qazanclı bir ailədə böyümüşdü. Atası vəkil, anası isə müəllim idi. Ilk kompüter proqramını 13 yaşında “General Electric” markalı bir kompüterdə yazdı. Proqram “üç daş” oyunu üçün nəzərdə tutulmuşdu. O, 17 yaşında ilk kompüter proqramını sataraq, 4,200 dollar qazandı. Oxuduğu özəl litseyin haqqını şəxsi qazancı ilə ödəməyə başladı. 1975-ci ildə Harvard Universitetini buraxdıqdan sonra özünü Paul Allen ilə 100 dollara qurduqları “Microsoft”a həsr etdi. Qeytsin saniyədə 250, dəqiqədə 15 min, gündə 20 milyon, ildə 7 milyard dollar qazandığı yazılır.O, bu qədər sərvətindən hər övladına miras olaraq ancaq 10 milyon dollar buraxacaq. Qeyts gənc nəsillərə çoxlu miras buraxılmasının onlara pislik olduğunu deyir. Bütün mirasını həyat yoldaşıyla birlikdə qurduqları xeyriyyə fonduna köçürəcəyini bəyan edib. Qeytslər bu günə qədər xeyriyyə işlərinə tam 28 milyard dollar xərcləyib və xərcləməyə davam edirlər. Onların yardımı ilə yoxsul ölkələrdə paylanan peyvəndlərin və göstərilən səhiyyə xidmətlərinin təxminən 6 milyon insanın həyatını qurtardığı təxmin edilməkdədir. Bu gün dünyada baş verən iqtisadi təlatümlər və tənəzzüllər yoxsulluqla zənginlik arasındakı yaşanan problemləri bir daha açıq şəkildə gözlər önünə sərir. Ötən il Davosda keçirilən Dünya Iqtisadi Forumunda çıxış edən OXFAM-ın icraçı direktoru Vinnie Byanyiman bəyan etmişdi ki, gələn il dünya əhalisinin 1%-nin sərvəti yerdə qalan 99 % əhalinin sərvətindən çox olacaq. Byanyiman gələn il deyəndə bu ili nəzərdə tuturdu. Indi dünya hardasa gəlib həmin qorxunc mərhələyə yetişib. Zənginləşmə və yoxsullaşma arasındakı fərq getdikcə böyüyür. Gündəlik ehtiyaclarını qarşılaya bilməyən insanlarla gündə milyonlar qazanan adamlar arasındakı uçurum da günbəgün dərinləşir. Amma yer üzündə gəlirini usanmadan paylaşmağı bacaran Bill Qeytslər çox olsaydı, insanlar bu qədər fəlakətlərə düçar olmazdı. Əsl zənginlik qazanmaqmı, paylaşmaqmı yoxsa? Əsl zənginlik paylaşmaqdır, qazanmaq da paylaşmaqdan daha asandır, belə görünür ki. Bunu Stiv Cobs və Bill Qeyts nümunəsi arasındakı fərq bir daha ortaya qoyur…
Hazırladı: Mirəli