Soveti özündə qoruyub saxlayan şəhər Bu qədər təmiz-səliqəli küçələri və qayda-qanuna riayət edən, dəqiq insanları nə zaman bir arada gördüyümü xatırlamıram. Öyrəşmədiyimiz qədər enli küçələri, geniş avtomobil yolları və təmizliyi ilə yadımda qaldı Minsk.
1 milyon 959 min nəfər sakini var. Və insanlar heç biri yerə zibil atmır, tüpürmür, yol hərəkatı qaydasını pozmur. Sizcə də çox standart deyilmi? Bəlkə də elə buna görədir ki, Minskdə özümü digər Avropa şəhərlərindəki kimi rahat hiss etmirdim. Içimdə bir narahatlıq var idi. Ancaq küçələrdə gəzməkdən və hər anı fotoaparatımın yaddaşına həkk etməkdən yorulmurdum.
Mədəni sürücülər, qayda qanuna riayət edən piyadalar… Minsk Ikinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalına məruz qalıb, 80 faizi dağıdılıb. Çox çox sonralar özünə gəlməyə başlayıb. Demək olar bütün binaları yenidən tikilib. Bəlkə də, bu qədər gözəl şəhərsalmanın sirri də bundadır? Geniş avtomobil yollarını yol boyu uzanan yaşıl parklar müşayiət edir. Sürücülərin mədəni olduğu qədər, piyadalar da qayda-qanuna riayət edəndilər.
Qaldığım müddətdə bir dəfə olsun maşın yoluna çıxan piyada, piyadaya siqnal verən sürücü görmədim. Bəlkə də istirahət günləri olduğundan şəhərdə maşınlar az idi. Nə bilmək olar – deyib, özümüzə təsəlli verək.
Belarus – gedilməsi gərəkən ölkə
Vitebsk, Brest, Gomel, Mogilev, Grodno və paytaxt Minsk olmaqla 6 hissəyə ayrılıb Belarus. Qüsursuz şəhərsalma, ətraf kənd və qəsəbələri, müasir arxitektura örnəkləri və müasir dizaynlı parkları, meşələrlə əhatələnmiş, gedilməsi və gəzilməsi gərəkən ölkələrdəndir.
Sovetdən qalan küçə və dükan adları Minskin səliqəsi tipik Avropa şəhəri düzəninə bənzəmir. Bu şəhər hələ də Sovet Ittifaqını özündə qoruyub saxlayıb. Adicə küçə və dükanların adları çox şey deyir: “Lenin”, “K.Marks”, “Kommunistiçeskaya”
Avropa şəhərlərinin hüzurlu havası sanki burada yoxdu. Şəhəri gəzərkən içində bir narahatlıq hiss edir insan. Hətta internetdə, televiziya kanallarında xəbərlərdən gördüyümüz Şimali Koreyanı xatırladır.
Minskdə internet çətinliyi
Internet demişkən, şəhərdə yerləşən kafelərdə, ictimai yerlərdə pulsuz internet şəbəkəsinə bildiyimiz qaydada daxil olmaq olmur. Internetə qoşulmaq istəyənin yerli mobil nömrəsi olmalıdır. Öncə mobil nömrəni daxil etməli, sonra sənə sms-lə göndərilən şifrəni qeyd edib internetə qoşulmalısan. Eynən Istanbulun hava limanlarındakı kimi. Yerli insanların fikrincə, bu qayda vətəndaşları nəzarətdə saxlamaq üçün hələ 1994-cü ildən Lukaşenko hakimiyyəti tərəfindən qoyulub. Ötən ildənsə internet dövlət tərəfindən xüsusi nəzarətə götürülüb. Belarusda yaşayanlar internet brauzerlərində istifadəsi mümkün olan “Inkoqnito” opsiyasından da məhrumdular.
Şəhərin görməli yerləri 25 mərtəbəli, nəhəng almaza bənzəyən Milli Kitabxanaya mütləq getmək lazımdır. Burada 14 milyondan artıq kitab var. Bundan əlavə, Aleksandrovsky və Oktyabrskaya meydanları, Francyska Skaryny küçəsi, Hökumət binası, Mədəniyyət sarayı, Beynəlxalq Tarix və Mədəniyyət muzeyi, Müqəddəs Ruh Katedralı, Aleksandr Nevskiy kilsəsi, Traetskae Pradmestse bölgəsi, Gözyaşları Adası – bunlar hamısı görülməli, gözəl yerlərdir.
Bakıdan Minskə necə, neçəyə gedə bilərik?
Bakıdan Minskə Ukrayna və Azərbaycan Hava Yolları aviaşirkətləri ilə gedə bilərsiniz. Gediş-dönüş qiymətləri təxminən 180-400 avro arası dəyişir. Çox yox, bir dəfə bu şəhərdən yolunuzu sala bilərsiniz. Şəhəri gəzməyə 2-3 gün kifayətdir. Məsələn, bir həftə sonunu burada keçirməyə nə deyirsiz? Hava limanından şəhər mərkəzinə təxminən 42 kilometrdir. Azərbaycandakı kimi taksiyə minmədən öncə mütləq qiyməti danışmalı, bacardığın qədər endirməlisən.
Yoxsa, mənzil başına çatanda söyləyəcəyi qiymətə məsuliyyəti mən daşımıram.
Müstəqil jurnalist Gülnar Səlimova, bu yazını Səyahətçi izləyiciləri üçün hazırlayıb.