Rusiyaya məxsus olduğu güman edilən təyyarələrdən İordaniya ilə həmsərhəd bölgədəki qaçqın düşərgəsinə endirilən zərbələr 9 adam ölümünə səbəb olub, fəallar bildirir.
Ucqar səhralıqda yerləşən Həmməd çadır şəhərciyinin bombalanması nəticəsində onlarla adamın yaralandığı bildirilir.
Qurbanların çoxu Şərqin Şirləri adı ilə tanınan üsyançı qruplaşmasında döyüşən silahlıların ailə üzvləridir.
Suriyalı fəal Said Seif, Yerli Koordinasiya Komitələri (LCC) şəbəkəsinə bildirib ki, çərşənbə axşamı günü həyata keçirilən hava hücumunda kasset bombalarından istifadə olunub.
O, hava reydi nəticəsində 15 adamın həlak olduğunu və 40 nəfərin xəsarət aldığını deyir.
Əhməd əl-Maslameh adlı daha bir fəal 8 nəfərin öldüyünü bildirib, Associated Press agentliyi xəbər verir.
Suriya hökumətini dəstəkləyən Rusiya rəsmiləri hadisəyə münasibət bildirməyiblər.
Yüksək rütbəli qərb diplomatına əsasən, ilkin məlumata görə hücumda iştirak edən təyyarələrin Rusiyaya məxsus olduğunu güman etmək olar. Bu barədə diplomat Reuters agentliyinə bildirib.
Ötən ay ərzində Rusiya təyyarələri Suriyanın şimal-şərqində fəal olan üsyançı qrupunun bazalarına hava zərbələri endiriblər.