The İndependent” Britaniyanın keçmiş baş prokuroruna istinadən yazır ki, ölkədə ikinci Avropa İttifaqı referendumunun keçirilməsi hüquqi baxımdan tamamailə mümkündür.
Baş prokurorun fikrincə buna Britaniyada ictimai rəyin dəyişməsi əsas verə bilər.
Mühafizəkarlar Partiyasından millət vəkili Dominic Grieve deyib ki, birinci referendumun nəticələrinə hörmətlə yanaşılmalıdır, lakin bu o demək deyildir ki, bu nəticə mütləq dəyişməzdir.
“The Independent” yazır ki, bu fikirləri cənab Grieve öz seçicilərindən birinə məktubunda yazıb.
Bu məktubda hökümətin keçmiş baş ədliyyə müşaviri yazır ki, birinci referendumun nəticəsi qulaqardına vurula bilməz, lakin ikinci referendumun keçirilməsi də hüquqa və demokratiyaya zidd olmazdı.
Cənab Grieve Avropa İttifaqı tərəfdarlarının referendumun nəticəsini tənqiq etmək haqqı olmadığı barədə müddəaları da rədd edib.
O yazır ki, azlığın çoxluğun qərarını tənqid etməsi demokratiyaya zidd deyil.
Öz şəxsi mövqeyi barədə yazan Grieve qeyd edir ki, o, Avrop İttifaqından ayrılmağın qəti əleyhdarı olaraq qalır və səsvermənin nəticəsi onu “ciddi şəkildə əndişələndirib”.
“Mən düşünürəm ki, sizin hazırda iştirak etdiyiniz petisiya və kampaniyaçılığın başqa formaları debatları müsbət istiqamətsddə təsirləndirə bilər. Mən sizi mövqeyinizdən çəkinməməyə çağırıram” – yazır Grieve.
“Bizim azad cəmiyyətdə…”
“Bizim azad cəmiyyətimizdə kiminsə öz fikrini hazırkı çoxluğun fikrinə görə dəyişməsi tələb olunmur. Mən öz fikrimdə qalıram və bizim maraqlarımız üçün nəyin daha düzgün olması barədə mövqeyimin müdafiəsini davam etdirəcəyəm” – deyə qeyd edir hüquqşünas.
“The İndependent” yazır ki, cənab Grieve belə bir məktuba müəlliflik etdiyini təsdiqləyib.
Bu məktubdan bir qədər əvvəl bir araşdırma Avropadan ayrılmağa səs vermiş 1, 2 milyon seçicinin peşman olduğunu göstərib.
Opinium ictimai rəyi araşdırma firması Avropa referendumunun nəticəsini düzgün proqnoslaşdırmışdı, amma onun tədqiqatı Brexitə səs verənlərin 7 faizinin dərhal peşmançılıq çəkdiyini aşkar edib.
Peşman olanların əksəriyyəti sadəcə olaraq etiraz bildirmək üçün belə səs verdiklərini etiraf ediblər.
Çıxışdan çıxış yolu
Ötən həftə leyborist millət vəkili Geraint Davies parlament təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüsdə Brexit barədə danışıqların aparılmasının zərurətinə dair daha bir referendum keçirilməsi təklif olunurdu. Cənab Grieve bu təşəbbüsə qoşulmayıb.
Britaniyanın Aİ-də qalıb-qalmamasına dair iyunun 23-də keçrilmiş referendumda Avropa İttifaqından çıxmağa səs verənlər çoxluq (52-48) təşkil etmişdilər.
“The İndependent” yazır ki, referendumun sualında Britaniyanın çıxış üçün Avropa İttifaqı ilə danışıqları məsələsinə toxunulmamışdı.
Hazırda siyasətçilər Britaniyanın Aİ-dən çıxdıqdan sonra hərəkət sərbəstliyi prinsipinə necə əməl etməli olduğu və vahid bazara girişi necə saxlaya biləcəyi üzərində baş sındırırlar.
Britaniyanın Aİ-dən çıxışına start verəcək 50-ci maddənin aktivləşdiriləməsi məsələsi də dərin ixtilaflara səbəb olub.
Referendum qaçqınları
“The İndependent” qəzetinin başqa bir məqaləsi İkinci Dünya Müharibəsinın qaçqınları olmuş yəhudilərin törəmələrinin Britaniyanı tərk edib Almaniyaya üz tutduqları barədədir.
“The İndependent” yazır ki, Birləşmiş Krallıqda Avropa referendumundan sonra nasistlərin təqibindən qaçanlar Almaniya vətəndaşlığı almağa çalışırlar.
Məqalədə deyilir ki, bu referendumun ardınca yaranmış siyasi-iqtisadi təlatümə görə bəzi britaniyalılar Avropa İttifaqı ölkələrinin vətəndaşlığını əldə etməyə can atırlar.
Adamların əksəriyyəti İrlandiya vətəndaşlığı almağa cəhd göstərir.
Almaniya qanunlarına görə, bu ölkənin vətəndaşlığını valideynlərindən ən azı biri alman olanlar ala bilərlər.
Almaniya vətəndaşlığını normal şəkildə əldə etməyin başqa bir yolu da bu ölkədə müəyyən müddətdə davamlı yaşamaqdır.
Lakin Hitler reyxindən qaçqın düşənlər barədə xüsusi qaydalar mövcuddur.
Almaniyanın təməl qanunlarından biri olan vətəndaşlığın bəradə qanun – Grundgesetz 1933-cü ilin yanvarı ilə 1945-in 8 mayı arasında dini və ya etnik zəmində vətəndaşlıqdan məhrum edilənlər və ya onların törəmələri müraciət etdikləri halda dərhal vətəndaşlığa bərpa olunmasını nəzərdə tutur.
Nənə-babaların gəldiyi yerə
Məqalədə deyilir ki, Londondakı Almaniya səfirliyinə vətəndaşlıq üçün müraciət edən yəhudilərin əksəriyyətinin nənə-babaları vaxtilə Hitler nasistlərinin əlindən qurtularaq Britaniyaya pənah gətirmişdilər.
Britaniya yəhudilərinin əksəriyyəti Britaniyaya müharibədən azca əvvəl və sonra mühacirət edib.
“The İndependent” yazır ki, yəhudilərin əksəriyyəti ötən illər ərzində Britaniya cəmiyyətinə assimilyasiya olunsalar da, indi baş verən nasist insidentlərindən əndişəyə düşüblər.
Məqalədə deyilir ki, yəhudilərin çoxunun Almaniyaya mühacirət etməsi referendumun ardınca Britaniya iqtisadiyyatında yaranmış qeyri-meüüəyyənlikdir və əlbəttə, burada Brexiti müşayiət edən ekstremizmdən narahatlıq da xüsusi rol oynayır.
İrqçilik
Londonun şimal-qərbində yaşayan Rachel Houseman investisiya bankçılığı sahəsində çalışır. O, “The İndependent” qəzetinə deyib ki, referendumun ardınca baş verənlər ölkənin sənaye və bank sahəsinə çox pis təsir edəcək.
O deyir ki, bir sıra banklar və maliyyə xidmətləri əməliyyatlarını Britaniyadan köçürməli olacaqlar.
“Mən və ailəm irqçiliyin yüksəlişindən şokdayıq. Mən düşünmürəm ki, biz bir yəhudi kimi bütün bunlardan sığortalıyıq. Mənim tanıdığım bir ər-arvad küçədə holland dilində danışdıqlarına görə təhqir olunublar. Bu, əlbəttə yəhudilərə yox, əcnəbilərə qarşı yönəlmiş bir həqarət idi, lakin bu, burada nələrin baş verdiyini göstərir” – deyib Houseman.
O bildirir ki, belə bir şəraitdə bir vaxt qaçıb gəldikləri Almaniyaya qayıtmaqdan başqa çarələri qalmayıb.
Amma Houseman ümid edir ki, ikili vətəndaşlığını qoruyub saxlaya biləcək.
30 yaşlı israilli Jonathan Swansea sakinidir. O Almaniyanın Deutsche Welle televiziyasına bildirib ki, referendumdan sonra sanki ksenofobiyaya icazə verilib.
O deyir ki, rənginin ağ olması onun dadına çatır, amma gərək ağzını açmasın, çünki danışan kimi ləhcəsindən gəlmə olduğu bilinə bilər.
“Mən düşünmürəm ki, Avropadan çıxmağa səs verənlərin hamısı iqrçidir, lakin onların qalib gəlməsi irqçilərdə sayca çox olduqları bardə təsəvvür yaradıb.
“Yaxşı ideya”
“The İndependent” yazır ki, Almaniya hökuməti bir qayda olaraq vaxtilə ölkədən qaçmış yəhudiləri və onların törəmələrini vətəndaşlığa həvəslə qəbul edir.
Məqalədə deyilir ki, buna görə də Britaniyanı tərk edən yəhudilərin çoxu Almaniyada vətəndaşlıq almaq məsələsində çətinlik çəkməyəcək.
Bu da qeyd olunur ki, bu adamlara iki vətəndaşlıq statusu tanınacaq.
“The İndepent” qəzetinin yazdığına görə vise-kansler Sigmar Gabriel deyib ki, Avropa İttifaqında qalmağa səs vermiş britaniyalı gənclərin əksəriyyətinə Almaniya vətəndaşlığı verilməldir.
Bəziləri bu təklifi “yaxşı ideya” adlandırsalar da onu həyata keçirmək elə də asan olmazdı.
“The independent” yazır ki, İtaliya Britaniyada referendumdan sonra bir neçə gün ərzində vətəndaşlıq üçün 70 ərizə alıb.
Fransa səfirlyinə də çox sayda müraciətlər daxil olub. Londondakı İrlandiya səfirliyi bildirib ki, Dublin İngiltərə, Şotlandiya və Uelsdə yaşayan irland əsilli 430 min nəfər üçün pasportlar verməyə hazırdır.
Britaniyanın Şimali İrlandiya əyalətində yaşayanlar müraciət etdikdə avtomatik olaraq İrlandiya Respublikasının vətəndaşlığını almağa imtiyazlıdırlar. Bir vaxtlar burada hətta vətəndaşlıq üçün ərizə formalarını poçtxanalarda verirdilər.
Bəs britaniyalıların işi nə olacaq?
Məqalədə deyilir ki, hal-hazırda Avropada yaşayan 1,2 milyon britaniyalıdan bir qismi olduqları ölkələrin pasportlarına sahiblənmək istəyir.
“The İndependent” yazır ki, Belçikada yaşayan 24 min britaniyalının əksəriyyəti Brüsseldə Avropa İttifaqı təsisatlarının və NATO-nun ofislərində çalışır. Hazırda bu adamların bir çoxları Belçika vətəndaşlığı üçün müraciət edirlər.
Rəy sorğularına görə Britaniya yəhudilərinin hər üç nəfərindən ikisi Avropa İttifaqında qalmağa səs verib.
Son məlumatlarda deyilir ki, yəhudilərin 59 faizi referendumun nəticəsindən narazı, 28 faizi isə razı qalıb.
(bbc azəri)