Məhkəmə sahibkarın xeyrinə qərar çıxarsa da, qərar icra edilmir
Gədəbəy şəhər sakini, sahibkar Əli Adıgözəlov avtoyuma,yanacaqdoldurma, avtotəmir məntəqəsinin icra hakimiyyətinin göstərişi ilə söküldüyünü deyir. Artıq 3 ildir ki, hadisə ilə bağlı məhkəmə çəkişməsi gedir:
“2013 cü ildən obyekti sökmək istəyirdilər. Qanunu torpağımda bütün sənədlərim qaydasındadı. Ona görə icra hakimiyyətini verdim məhkəməyə. Gəncədə Regional İnzibati İqtisad Məhkəməsi bizim xeyrimizə qərar çıxardı. Buna baxmayaraq, mən Bakıda olanda gəlib avtoyuma məntəqəsini söküblər. Kompressorumuzu qırıblar. Bahalı avadanlıqdır. Hardasa 5-6 min manat idi dəyəri”.
Əli Adıgözəlov deyir ki, ötən ilin noyabrında da ümumi məntəqəni polis gücünə gəlib söküblər.
“Gah dedilər “burda bayraq meydanı olacaq”, gah da dedilər “yol genişlənir”. Sonra da dedilər, qarşıda pionerlər evi var, onlara mane oluruq. Ora bizdən 50 metr uzaqdadır. Gözümün qabağında bulduzerin qabağına verdilər. 1 ildi söküblər, heç nə tikmirlər. Yol genişlənmir. Əlimdə məhkəmə qərarı ola-ola polislər mane olmadı. 102-yə zəng elədim, susdular. Qanun yoxdu bu ölkədə”.
Sahibkar danışır ki, icra hakimiyyəti nümayəndələri onu tamam kənar yerdə yanacaqdoldurma məntəqəsi üçün sahə veriblər. Bəzi tikinti işlərini də aparıblar. Lakin nə avtoyuma, nə də avtotəmir üçün yer yoxdu. Deyir ki, 30-a yaxın adam oradan ailəsinə pul aparırdı: “Təzminat ödəmirlər ki, tikib düzəldək. 3 böyük məntəqənin tikilib fəaliyyətə başlaması üçün 124 min manat vəsait lazımdır. Lakin icra hakimiyyəti pulu ödəməkdən imtina edir”.
Gədəbəy rayon İcra Hakimiyyətindən mövzu ilə bağlı danışmaq istəmədilər. Rayon bələdiyyəsinin sədri Zülfiqar Yusifov isə sahibkarın haqsız olduğunu deyir:
“Sözügedən məntəqələr Heydər Əliyv adına parkın qarşısında idi. Üstəlik, yaxınlıqda incəsənət məktəbi var. Orada yanacaqdoldurma məntəqəsinin olması təhlükəlidir. İcra hakimiyyətinin göstərişi ilə söküldü”.
Zülfüqar Yusifova məhkəmənin obyektlərin sökülməməsi haqda qərarı olduğunu xatırlatdıqda bunları söylədi: “Mən məhkəmə qərarı-filan bilmirəm. Bildiyim odur ki, sahibkar üçün yer ayrılıb. Tikinti aparılıb, heç bir konpensasiadan da söz gedə bilməz”.
Əli Adıgözəlov deyir ki, Ali Məhkəmənin qərarına əsasən Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən 124 min manat kompensasiya ödənilməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər. (meydan.tv)