Bazar günü ölkədə seçki adına bir şey oldu. Təbii, buna seçki deyənin dili quruyar. Işin əslini qutudan çıxan rəngarəng bülletenlər də ortaya qoyur. O bülletenlər ki, insanlar qəzəblərini ifadə etmək üçün üstünə maraqlı şüarlar yazıb qutuya atıb gediblər. Sosial şəbəkələrdə yayılan onlarla belə xalq yaradıcılığı nümunəsini siz də görmüsünüz yəqin. Orda ironik rəsmlərdən tutmuş, azad seçki çağırışına kimi hər şey var. Bu da insanların etirazı, üsyanı və nifrəti! Həmin bülletenlər marağımı xüsusi olaraq çəkdiyindən, hamısını bir-bir “incələdim”. “Incələyincə” də bu hekayəti xatırladım. Banan Respublikasının başçısı üzərində öz şəkli olan möhür hazırlanmasını göstəriş verir və bütün rəsmi məktublarda onlardan istifadə olunmasını tapşırır. Bir müddət sonra məlum olur ki, möhürlər zərflərə yapışmır. Başçı qəzəblənir və səlahiyyətli şəxsləri çağırıb soruşur: “Üstündə şəklim olan möhürlər niyə yapışmır. Möhürün arxasına kifayət qədər yapışqan sürtmədinizmi?”. Səlahiyyətli şəxs “sürtdük, amma yapışmamasının səbəbi hər kəsin möhürün arxa üzünə deyil, ön üzünə tüpürməsidir”- deyir. Indi bizim bülletenlərin başına gətirilənlər də buna bənzəyir. Illərdir peşəkar saxtalaşdırıcılar bülletenlərin başına oyun açırdılar. Bu dəfə seçicilər onlardan əvvəl tərpənib və bülletenlərə sözünü deyib çıxıb…
Şübhəsiz, o bülletenlərin nəticələrə heç bir təsiri olmayacağı da bəllidir. Uşaq da anlayır ki, indiki şərtlərdə bizdə seçki yolu ilə dəyişim etmək imkansız bir şey. O qədər imkansız ki, öncədən açıqlanan siyahı da az qala adbaad doğru çıxır. Belə olan halda niyə zəhmət çəkib istirahət günü məntəqələrə gedirsiniz ki? Sizin yerinizə onsuz da kimlərsə bülleten yazıb dolduracaq qutuya. Onsuz da siz qutuya nə atırsınız atın, ordan məlum xoşbəxtin adı çıxacaq. Bəli, kimsə bu haram, oğru və cinayətkar yolla bəxtəvər olacaq. Kimsə kiminsə haqqını yeyəcək, yerini tutacaq, yolunu kəsəcək, layiq olmadığı mərtəbəyə qalxıb yekəxana duruşuyla yuxarıdan aşağı baxacaq. Yazıq deyilmi bu xalqa? Yazıq deyilmi bu ölkə ilə bağlı gözəl xəyallar quran insanlara? Yazıq deyilmi bu ölkədə əlləşib-vuruşub həyatını normal şərtlər altında qurmaq istəyən gənclərin arzularına? Yazıq deyilmi yaşlandığında bir ömrü fəda etdiyi dövlətdən qayğı, təminat, himayə gözləyən yaşlıların ümidlərinə? Siz bir yeni deputat siyahısına baxın! Necə böyük bəlaya düşdüyümüzün fərqindəmisiniz? Necə alçaldığımızın, sürükləndiyimizin, sayılmazlığımızın fərqində olmanız lazım, bilirmisiniz? Bu həqarətin gerçəkdən fərqində olmanız lazım…
Artıq iş işdən o qədər keçib ki, çox şeyi ya başına buraxır, ya da yumora bağlayırıq. Insanların dünənki seçkiyə münasibətində də bunu bir daha sezdim. Amma gülməli bir şey yox, gerçəkdən. Durum ciddidən də betərdir, yəni qorxuncdur. Bizim başına buraxdığımız məsələ qonşuların çəpər və ya toyuq-cücə davası deyil, ölkənin gələcək taleyidir. Görürsünüz ki, biz hər dəfə zorakı iradənin bir az da irəli getməsinə icazə verdikcə, durum daha qorxunc hal alır. Il ildən daha pis gəlir. Yaşam şərtləri daha da ağırlaşır. Gün-güzəran daha da çəkilməz olur. Indi də belə çıxır ki, beş il daha bu qayda ilə gözləməliyik. Beş il daha o köhnə, qoca, rəngsiz və anlamsız üzlərə dözməliyik. Bu gedişlə beş ildən sonra nəsə dəyişə bilər, elə düşünürsünüz? Dəyişməz, vallah dəyişməz. Biz dəyişmədikcə, bütün var-gücümüzlə istəmədikcə, seçkiyə haram qatan qanıpozuqlarla hesab çəkmədikcə bir şey dəyişməz. Ölkənin gələcəyi əldən gedir. Gerçəkdənmi canınız yanmır? Gerçəkdənmi içiniz qanamır? Istərsəniz qınayın, amma insanlarımıza da çox qırğınam, ölkəm qədər qırğın. Bu yorğunluq, durğunluq və vecsizlik daha nə qədər?