MTN-dəki şəbəkənin dəhşətli cinayətləri ilə bağlı yeni faktlar üzə çıxdı; Qurumun daha 4 yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı; Onlardan ikisi generaldır
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsindən sonra daha üç əməkdaşı işdən çıxarılıb. Trend-in məlumatına görə, MTN-in Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş Idarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.
Işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-in Kadrlar Baş Idarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.
Qafqazinfo-nun yaydığı məlumata görə isə milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin əmri ilə general-mayor Vüqar Zülfüqar oğlu Allahquliyev də MTN-in hərbi hissəsinin komandiri vəzifəsindən azad edilib. Vüqar Allahquliyev eks-nazir Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsidir.
Allahquliyev Azərbaycanda ən gənc generaldır. 36 yaşlı Vüqar Allahquliyevə bu ilin mart ayında General-mayor ali hərbi rütbəsi verilib. 2007-ci ildə o prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə də təltif olunub.
MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası artıq başqa güc strukturlarına da çatıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq saxlanılıb.
General Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.
Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.
MTN işi üzrə daha bir yüksək vəzifəli həbs oluna bilər
“MTN işi” ilə bağlı Bakı Telefon Rabitəsi Istehsalat Birliyində (BTRIB) yoxlamalar aparılır. Bu məlumatı isə musavat.com yayıb. Məlumata görə, artıq BTRIB-in baş direktor müavini Əhməd Mehdiyevin də fəaliyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.
Məlumata görə, Əhməd Mehdiyevlə qurumun texniki direktorunun müavini Qalib Xəlilovun (onlar həm də yeznə-qayındılar) qısa müddət ərzində böyük sərvətə sahib olması, hər iki məmuru diqqət mərkəzinə gətirib. Belə ki, məlumatlara görə, Əhməd Mehdiyev qayını Qalib Xəlilovun əli ilə qeyri-qanuni tikintilər aparıblar. Məsələ ilə bağlı araşdırmanın aparıldığı bildirilir.
Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra, onun qohumu BTRIB-in rəhbəri Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daha sonra isə o, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən azad olunub.
MTN-in daha bir cinayəti haqda ilginc açıqlama
Azərbaycanda daha bir iş adamı Hafiz Vəliyevin MTN-in qurbanına çevrildiyi məlum olub. Bu barədə “Qafqazinfo”ya hazırda həbsdə olan sahibkar Vəliyev Hafiz Ramiz oğlunun anası Dilzarə Vəliyeva məlumat verib. O qeyd edib ki, 2013-cü ilin may ayında oğlunu heç bir günahı olmadan qanunsuz olaraq MTN-in əməkdaşları həbs ediblər: “Oğlum Irandan qab-qacaq gətirməklə məşğul idi. O Irana mal dalınca gedərkən aeroportda MTN əməkdaşları tərəfindən saxlanılıb. Üç gündən sonra onun yerini bildik. Ondan qanunsuz olaraq 100 min manat pul tələb ediblər. Hafiz kiçik bizneslə məşğul idi. Bu qədər pulu hardan alsın? Tələb olunan rüşvəti vermədiyi üçün onun boynuna yalandan narkotik ittihamını qoydular. Vəkil tutmaq istəsək də, MTN buna imkan vermədi. 1 il yarımdır ki, MTN yollarında qalmışıq. Oğluma orada işgəncə veriblər, ayağını sındırıblar. Biz məsələni gizli saxlamayıb ictimailəşdirdiyimiz üçün oğlumun boynuna növbəti yalan ittiham ”vətənə xəyanət” ittihamı kimi ağır maddəni boynuna qoydular. 01.08.2014- cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 274 və 234.4.3-cü maddəsi ilə ittiham olunaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Oğlumla bərabər, onun ətrafında olan 12-yə yaxın iş adamını da tutmuşdular. Amma onlardan pullarını alıb buraxdılar”.
Dilzarə Vəliyeva qeyd edib ki, oğlunu tanıyanlar onun necə vətənpərvər insan olduğunu yaxşı bilirlər: “Amma yalandan olaraq onun boynuna bu ağır maddəni qoyublar, ömürlük həbsə məhkum ediblər. 3 qız övladı atalarının yolunu səbirsizliklə gözləyir. Biz haqsızlığın qurbanı olaraq ömürlük azadlıqdan məhrum edilmiş övladımızın tezliklə həbsdən çıxmasını istəyirik. Ümid edirik ki, MTN-nin quldur dəstəsinə qarşı mübarizə aparıldığı bir vaxtda, bizim müraciətimiz də müvafiq qurumlar tərəfindən araşdırılacaq. Cənab prezidentə də müraciət edərək ədalətin bərpa olunması üçün ondan yardım istəyirik”.
Eldar Mahmudova yaxın dələduz ölkədən qaçıb
Hazıda MTN cinayətləri ilə bağlı yaradılan istintaq qrupunda iş adamlarının dindirilməsi prosesi davam edir. Məlumatlara görə, onlarla iş adamı qrupa müraciət edərək məruz qaldıqları təzyiqlər, ödədikləri pullarla bağlı məlumatlar verirlər. Moderator.az yazır ki, MTN-in sabiq rəhbəri Eldar Mahmudovla bağlı istintaq qrupuna daxil olan məlumatlardan biri Hacı Vüqar adlı şəxslə bağlıdır. Hansı ki, vaxtilə Eldar Mahmudovun tikinti işlərini həyata keçirən Hacı Vüqar nazirə yaxın şəxs imicindən istifadə edərək yüzlərlə sahibkarı aldadaraq onlara milyonlarla manat ziyan vurmuş, Bakıda qalması mümkünsüz hala gəldikdə isə sabiq nazir tərəfindən Azərbaycandan çıxarılıb.
Mənbə sayta bildirib ki, Hacı Vüqar adlı şəxs sahibkarlardan nağd pul almaqla yanaşı, onlardan dəyəri milyonlarla hesablanan tikinti materialları almış, aldığı materialların pulunu ödəməyi aylarla təxirə salaraq sonda himayədarları tərəfindən ölkədən qaçırılıb. Hazırda 2011-ci ildə baş verən bu olayla bağlı sahibkarların müraciəti əsasında araşdırmaya başlayan istintaq qrupunun Hacı Vüqarın yerinin müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində konkret addımlar atacağı gözlənilir.