Hüquq müdafiəçiləri «Azad olmayan ölkədə azad musiqi» kampaniyasını keçirməkdə israrlı olacaqlarını dedilər
Media Mərkəzində “Azad olmayan ölkədə azad musiqi” kampaniyası çərçivəsində növbəti dəyirmi masa keçirilib. Kampaniyanın məqsədi “Eurovision-2012″ mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları sahəsində problemlərə diqqət çəkməkdən ibarətdir. QHT rəhbəri Anar Məmmədli qeyd edib ki, hüquq müdafiəçiləri ölkədə “Eurovision” müsabiqəsinin prinsipi və şərti olan demokratik azadlıqların təmin edilməsinə nail olmaq niyyətindədirlər. Belə ki, kampaniyanın prioritetləri siyasi məhbusların azad edilməsi, alternativ fikirlərin televiziya və radioya bərabər çıxışının təmin edilməsi, mülkiyyət hüquqlarına riayət olunması, məhkəmə sistemində islahatlar, müstəqil vəkillərin təqibinə son qoyulması, viza rejiminin sadələşdirilməsidir. O, təəssüflə qeyd edib ki, hakimiyyət indiyədək ölkədə azad fikrin, azad mətbuatın və azad sözün reallaşması üçün şərait yaratmayıb. “Biz istərdik ki, Azərbaycanı fundamental insan hüquq və azadlıqlarına hörmət edən ölkə kimi tanısınlar”, deyə Məmmədli bildirib. Onun sözlərinə görə, kampaniya hər ay öz tədbirlərini keçirəcək.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus deyib ki, ölkədə hələ də siyasi məhbus problemi var. Onun sözlərinə görə, artıq siyasi məhbusların yeni siyahısı tərtib olunub. Siyahıya etiraz aksiyaları ilə əlaqədar həbs edilmiş fəallarla yanaşı, bu ay həbs edilmiş Islam Partiyasının lideri Mövsüm Səmədovun və digər AIP fəallarının, habelə Səid Dadaşbəyli başda olmaqla, casusluq ittihamı ilə həbs edilmiş gənclərin adları daxil edilib. “Bizim vəzifəmiz beynəlxalq ictimaiyyətə Azərbaycanda insan hüquqlarının əsl vəziyyəti barədə məlumat verməkdir”, deyə Yunus qeyd edib.
Insan Hüquqları Klubunun əlaqələndiricisi Rəsul Cəfərov oktyabr ayından etibarən müsabiqənin təşkili üzrə məsul qurumlardan biri olan ITV-nin monitorinqinə başlayıb.
R.Cəfərov, həmçinin qeyd edib ki, “Azad olmayan ölkədə azad musiqi” kampaniyasını dəstəkləyənlərin sayı artmaqdadır və bu gün bu təşkilatların sayı artıq 16-ya çatıb. Beynəlxalq təşkilatlar kampaniyaya da maraq göstərir. Daha sonra Yunus qeyd edib ki, Avropa Yayım Ittifaqının iştirakçısı olan hər bir ölkəyə Azərbaycanda mövcud olan problemlərlə bağlı müraciətlər göndərilib. “Biz Azərbaycanda insan hüquqları ilə bağlı yeni veb-sayt üzərində işləyirik”, – deyə Leyla Yunus bildirib.
Hüquq müdafiəçisi Iradə Cavadova sahibkarlara və müstəqil vəkillərə təzyiq faktlarına diqqət çəkib. Lakin Eynulla Fətullayevin fikrincə, həyata keçirilən kampaniya nəticə verməyəcək, çünki xalq musiqi dinləmək istəyir, çünki insan hüquqları xalqı maraqlandırmır, hakimiyyət isə getdikcə daha da sərtləşir.ITV nümayəndəsi Tahir Məmmədli hesab edir ki, hüquq müdafiəçilərinin tutduğu istiqamət düzgün deyil, belə ki, “Eurovision” siyasi tədbir deyil, sadəcə mahnı müsabiqəsidir. O, hüquq müdafiəçilərini “qeyri-peşəkarlıqda” ittiham edərək, telekanalın mövqeyini ifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, müzakirələr gərgin emosional şəraitdə keçirilib. Hüquq müdafiəçiləri kampaniyanı davam etdirmək və genişləndirmək niyyətindədirlər.