Baş nazir Azərbaycanın Azad Ticarət Zonasına üzv olacağını deyir
Zərdüşt Əlizadə: «Azərbaycan rəhbərliyi Rusiyaya «yox» deyərək başını ağrıtmamağa çalışır»
Rusiyanın baş naziri Vladimir Putin Azərbaycan, Özbəkistan və Türkmənistanın bu ilin sonuna qədər Azad Ticarət Zonasına üzv olacağına əmindir. Baş nazirin sözlərinə görə, bu dövlətlər sazişə ona görə qoşulmayıblar ki, onları Rusiyadan ixrac olunan əsas mallarla bağlı rüsumların saxlanması haqda çıxarışlar qane etmir. Bəs görəsən, Putində Azərbaycanın da Azad Ticarət Zonasına üzv kimi müraciət edəcəyi barədə əminlik hardandır?
Siyasi ekspert Zərdüşt Əlizadə bildirdi ki, Azərbaycan MDB-yə daxil olandan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi və gömrük haqqında saziş istisna olmaqla Rusiya tərəfindən irəli sürülən bütün sənədlərə imza atıb. Hər şeydən əvvəl bütün bu sənədlərin heç bir əhəmiyyətinin olmadığını və onların sırf formal xarakter daşıdığını deyən Z.Əlizadə vurğuladı ki, Azərbaycan məcburiyyətdən bu sənədlərə imza atır: “Azərbaycan rəhbərliyi Rusiyaya ”yox” deyərək başını ağrıtmamağa çalışır. 1993-cü ildən Azad Ticarət Zonası fəaliyyət göstərir. Amma bu qurum işlək deyil. Necə təsəvvür edirsiniz, Azərbaycanla Ermənistan bu sazişin üzvüdür, amma onlar arasında azad ticarət yoxdur. Sadəcə olaraq Rusiyada qarşıdan seçkilər gəlir və rus xalqı nağıllara inanır. Putin də xalqın istədiyi bəyanatları verir. Elə təəssürat yaratmağa çalışır ki, guya SSRI-nin bərpası uğrunda iş gedir. Bu da xalqın xoşuna gəlir”.
Digər tərəfdən, Azərbaycanın Azad Ticarət Zonasına üzv olmağa ehtiyacının olmadığını deyən Z.Əlizadə vurğuladı ki, Azərbaycan o qədər mal istehsal etmir ki, onları bu qədər geniş bir məkana çıxarsın. Azərbaycanın ixracının əsasən neft və neft məhsulları təşkil etdiyini deyən Z.Əlizadə bildirdi ki, nefti də satmaq üçün Azərbaycanın bu təşkilata üzvlüyü məcburi deyil.
Xəyal