Daha 230 nəfər seçkini boykot etdi
Iki həftədən sonra ölkəmizdə parlament seçkiləri keçiriləcək. Müddət azaldıqca mənzərə şəffalaşmağa başlayır. Seçkinin mənzərəsi təkcə real müxalifətin boykot qərarı ilə, yaxud beynəlxalq aləmin bu seçkilərdən imtinası ilə müəyyənləşmir.
Təbii ki, bu faktlar seçkinin hansı səviyyədə keçiriləcəyinə möhür vurmuşdu. Amma sonrakı mərhələdə hakimiyyət özü ifşaedici addımlar atmağa başladı. Belə ki, namizədlərə təzyiqlər, seçki siyahısının əvvəlcədən bəlli olması, müxtəlif peşə sahiblərinin süni şəkildə seçkiyə qoşulması ciddi siqnal idi. Amma indiki mərhələdə daha maraqlı vəziyyət yaranıb. Belə ki, MSK sədri Məzahir Pənahov 1246 nəfərin namizədliyinin qeydə alındığını bildirmişdi. Bugünlərdə isə MSK sədri açıqlama verib ki, artıq namizədlərin sayı 1000-in ətrafındadır. Təxminən 230 nəfər namizədliyini geri götürüb.
Bəs, bu sürətli “gerigötürmə” nə ilə bağlıdır? Bunun bir neçə səbəbi ola bilər. Daha doğrusu bir neçə səbəbə görə namizədlər seçkidən qaçmağa qərar verib.
Birincisi, seçki siyahısının öncədən bəlli olması xeyli namizədin inamını öldürüb. Və bu, nəticəsi bəlli olan oyunda iştirak etməyin, enerji və pul xərcləməyin əbəs olduğunu başa düşüblər. Ona görə də sakitcə geriyə çəkiliblər.
Ikinci səbəb təzyiqlərlə bağlıdır. Bir neçə şəxsin təcrübəsində də şahid olduq ki, nazmidələrə təzyiqlər edilir. Ona görə də pul və hədə qarşılığında geri çəkilənlərin olması təbiidir. Həm də bu qism namizədləri inandırırlar ki, nəticədə onsuz da seçilməyəcək və ən yaxşısı müəyyən miqdar pul qarşılığında “ağ bayraq” qaldırmaqdı.
Üçüncüsü isə süni şəkildə namizədliyi irəli sürülmüş montyor, meşəbəyi, rəngsaz və digər peşə sahiblərnin görüntü yaradandan sonra geri çəkilməsidir. Yəni “missiya” başa çatandan sonra “geriyə” komandası verilir. Həm də bu adamların deputat olmaq iddiası yoxdur.
Istənilən halda baş verənlər seçkinin boykot edilməsinin göstəricisidir. Kütləvi şəkildə seçkidən imtina edilməsi, 1 noyabrda “böyük şou” olacağından xəbər verir. Daha dəqiq desək, hökumətin öz “ssenari”si də seçkinin oyun olduğuna işarə verir.
Belə getsə, seçkiyə 125 namizədlə qədəm qoyacağıq və “xüsusi təyinatlılar” parlamentə daxil olacaq. Beləliklə, bütün mənalarda boykot olunmuş seçkiyə gedirik.
İlham