Bakı merinin gözləri qarşısında vətəndaşlara divan tutuldu (FOTOLAR)
Nə Hacıbala Abutalıbov, nə də «Şərurlu İsfəndiyar» aldadılan vətəndaşların qarşısına çıxdı
Zərərçəkmişlər Prezident Administrasiyasına yürüş etməyə cəhd göstərdilər
Daha bir tikinti şirkətinin qurbanları ötən gün ayağa qalxdı. Söhbət “Kamran B.Ə.” MMC-nin fırıldağının qurbanı olmuş vətəndaşlardan gedir. Bir gün əvvəl zərərçəkmişlər mətbuat konfransı keçirərək, problemlərini dilə gətirmişdilər. Elə həmin tədbirdə də bəyan etmişdilər ki, oktyabrın 20-də üç yerdə aksiya keçirəcəklər. Aldadılan vətəndaşlar əvvəlcə “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun ofisinin qarşısında, sonra Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) binası önündə aksiyalar keçirib, ardınca da Prezident Administrasiyasına (PA) yürüş edib haqlarını tələb etməyi planlaşdırırdılar.
Saat 12.00-a təyin olunan etiraz aksiyası elə həmin vaxtda da başladı. Amma etirazçılardan əvvəl polislər Isfəndiyar Axundovun ofisinin qarşısını nəzarətə götürmüşdü. Əllərində Heydər və Ilham Əliyevlərin şəkillərilə “Həyat” şadlıq sarayının qarşısına toplaşan zərərçəkmişlər Isfəndiyar Axundovla görüş tələb edirdilər. Ancaq zərərçəkmişlərin qarşısına çıxacaq kimsə tapılmırdı.
“Bir mənzil bir neçə vətəndaşa satılıb və hər payçıya ən azı 30, ən çoxu da 140 min manat ziyan dəyib. Bu günə qədər Isfəndiyar ”Safari N”, “Olimpus”, “Mur-Ay”, “Orxan” və nəhayət, “Kamran B.Ə.” MMC adları ilə minlərlə vətəndaşı aldadıb, milyonlarla vəsaiti mənimsəyib. Indi bizə məlum olub ki, illərdir Bakıda fırıldaqçı tikinti şirkətlərinin arxasında bu şəxs dayanıbmış. Yasamal rayonu, D.Bünyadzadə küçəsi 34B ünvanda tikilməkdə olan iki bloklu yaşayış binasındakı mənzillərin payçılarıyla hər kvadrat metrə görə 300-550 manatdan müqavilə bağlanılıb. Binada 96 mənzil var, amma 250-yə yaxın vətəndaşa satılıb. Müqavilələr notarial qaydada bağlanmayıb, pullar şirkətin kassirinə ödənilib. Binanın tikintisi 2010-cu ilin avqustunda yekunlaşmalı idi. Amma naməlum səbəblərdən keçən ilin iyunundan tikinti işləri dayanıb”, – deyə zərərçəkmişlər bildirdilər.
Aldadılan vətəndaşlar onu da qeyd etdilər ki, Isfəndiyar Axundov bir-birinə varis şirkətlər yaratmaqla insanları aldadır: “Guya ”Kamran B.Ə.” MMC-nin varisi “Orxan” şirkətidir. “Orxan” isə “Şaiq” MTK-nın varisidir. Bütün bu firmaların başında bir adam dayanıb. Təsəvvür edin ki, vətəndaşlarla bağlanan müqavilə də “Bismillahi Rəhmani-Rəhim” ifadəsilə başlayır”.
Bugünlərdə “Şərurlu Isfəndiyar”ın Ukraynaya qaçdığı barədə xəbər yayılmışdı. Lakin dünən məlum oldu ki, o, heç yerə getməyib və hazırda Bakıdadır.
“German Hüseynovu həbs etdirdim”
Aksiya zamanı yolda tıxac da yarandı. Tıxacın yaranmasının səbəbkarı isə etirazçılardan daha çox, hüquq-mühafizə orqanlarının əməkdaşları idi. Post-Patrul Xidməti maşınlarının çoxluğu və səliqəsiz saxlanılması digər maşınların hərəkətinə mane olurdu. Polislər isə tıxacın yaranmasının səbəbkarı kimi sakinləri görür və onlardan tez bir zamanda ərazini tərk etmələri tələb olunurdu.
Zərərçəkənlər isə bildirirdilər ki, Isfəndiyar Axundovla görüşməyincə heç yerə getməyəcəklər. Bu zaman mülki geyimli polislər vətəndaşlara məsləhət gördülər ki, Yasamal Rayon Polis Idarəsinin rəisi Ismayıl Əsədovun qəbuluna getsinlər: “Beş nəfər ağsaqqal getsin Ismayıl müəllimin qəbuluna. O, idarədə sizi gözləyir, gedin, probleminizi deyin”.
Sakinlər bu təkliflə də razılaşmadılar: “Məgər o, bizim pullarımızı qaytaracaq? Nə edəcək ki? Cinayət işi başlanmasından danışacaq da. Ancaq hamısı yalandır. Yalandan deyirlər ki, German Hüseynovu həbs ediblər. O, bu gün ofisin qarşısında idi. Deyilənlərə inanmırıq. Məqsədiniz insanları pərən-pərən salmaqdır”.
Vətəndaşlar bir neçə dəfə Isfəndiyar Axundovun ofisinə daxil olmağa cəhd göstərsələr də, polislər və mühafizəçilər buna imkan vermədilər. Belə olan halda, çarəsiz qalan aksiya iştirakçıları Bakı şəhər Icra Hakimiyyətinə üz tutdular. Narazı vətəndaşlar ərazini tərk edəndən sonra ofisin qarşısındakı polislər içəri daxil oldular. Bu zaman jurnalistlər Isfəndiyar Axundovdan məsələ ilə bağlı açıqlama almaq istəsələr də, buna imkan verilmədi. Amma bir qədər sonra bu istiqamətdə növbəti cəhdlər nəticə verdi. Isfəndiyar Axundov, barəsində səslənən fikirlərin yalan olduğunu söylədi:
– Istintaq artıq öz sözünü deyir. Həbslər var. Cinayətdə əli olanların hamısı türmədədir. Başımla cavabdehəm, orada heç bir problem yoxdur.
– Zərərçəkmişlər bildirir ki, German Hüseynov həbs olunmayıb, indi sizin yanınızdadır…
– Bu gün (dünən-red.) yanımda idi. Çağırtdırdım, saldırdım içəri…
Döyüldülər, tutuldular
Vətəndaşlar saat 14.00-da Bakı şəhər Icra Hakimiyyətinin binası qarşısında oldular. Həmin vaxt artıq polislər də binanın önünü kəsdirmişdilər. Narazı vətəndaşlara əvvəlcə bildirildi ki, onları Rasim adlı şəxs qəbul edəcək. Amma onlar bununla razılaşmadılar.
Bu zaman aksiya iştirakçılarının əllərində olan “Azərbaycan qanunlarına ”HƏ”, qanunları pozanlara “YOX” və başqa şüarlar onların əllərindən alındı. Aksiyaçılar israrla Hacıbala Abutalıbovla görüş tələb edirdilər. Abutalıbov isə etirazçıların qarşısına çıxmaq istəmirdi.
Vəziyyəti belə görən zərərçəkmişlər Prezident Administrasiyasına yürüş etmək qərarına gəldilər. Onlar yolu keçmək istəyəndə polislərin özbaşınalığıyla üzləşdilər. Çox sərt şəkildə insanları geri qaytarmağa çalışan polislərə kömək üçün əlavə dəstə göndərildi.
Buna baxmayaraq, vətəndaşlar sakit şəkildə Prezident Administrasiyasına yürüş etmək üçün metronun “Içərişəhər” stansiyası istiqamətinə üz tutdular. Bu zaman zərərçəkmişlər növbəti dəfə polis zorakılığıyla üzləşdilər. Xeyli sayda polis Prezident Administrasiyasına gedən yolu bağladı. Aksiya xüsusi zorakılıqla dağıdıldı və nəticədə polislərlə vətəndaşlar arasında toqquşma baş verdi. Polislər Nofəl Quliyev adlı zərərçəkmişi döydülər. Onu müdafiə etmək istəyən qadın zərərçəkmişlər də polis zorakılığına məruz qaldı.
Son nəticədə zərərçəkmişlərdən Faiq Xanquliyev, Nofəl Quliyev, Aytən adlı xanım və yoldan ötən bir tələbə 9-cu polis bölməsinə aparıldı. Təxminən bir saatdan sonra onlar sərbəst buraxıldılar.
Ramin DEKO