Ülvi Hüseynov: «Kompensasiyanı mənimsəmək fikirləri varsa, açıq bəyan eləsinlər, şəxsən mən halal edərəm…»
Bu il mayın 19-da Binəqədi rayonu ərazisində 16 mərtəbəli binadakı dəhşətli yanğın nəticəsində ziyan çəkmiş sakinlərə kompensasiya ayrılsa da, adamlar həmin vəsaiti ala bilmirlər. Narazı sakinlərin sözlərinə görə, sonuncu dəfə avqustun 15-də onlara vəd verilib ki, yaxın günlərdə kompensasiyalar ödəniləcək. Lakin üstündən az qala, iki ay keçsə də, elə söz olaraq qalıb.
Ona görə də yanan binanın bir qrup qrup sakini dəymiş ziyanın ödənilməsi tələbilə etiraz aksiyası keçirib. Onlar yanğın zamanı 10 avtomobilə, həyətdəki kiçik ticarət obyektlərinə dəymiş zərərin ödənilməsini tələb ediblər.
“Dilənçi kökünə düşmüşük”
Həyətdəki internet-klubun sahibi Zəmanət Daşdəmirov deyir ki, dövlət başçısının verdiyi sərəncama əməl olunmasını istəyir: “Avqust ayında aksiya keçirdik, o zaman bizə bildirdilər ki, iki həftə ərzində kompensasiyalar ödəniləcək. Artıq iki ay keçib, heç kəsə bir qəpik də ödənilməyib. Indiyə qədər gözləyirik. Banklara borclarımız var, ödəyə bilmirik. Şikayət etmədiyimiz, xahişə getmədiyimiz dövlət orqanı qalmayıb. Indiyə qədər biz bu dövlətdən heç bir yardım istəməmişik, birtəhər dolanırdıq. Dilənçi kökünə düşmüşük. Elə bilirlər dilənçi payı istəyirik. Prezident sərəncam verib, əməl eləsinlər. 16 ildir bu binanın sakiniyəm, binanın həyətində obyektim vardı. Onun gəliri ilə ailəmi dolandırırdım. Əlavə bir neçə adam da burada işləməklə ailəsinin yaşayışını təmin edirdi”.
“Heç olmasa, öz dediklərini versinlər”
Tofiq Mustafayev də yanğından ziyan çəkənlərdəndir. O, yanmış avtomobilinə görə hesablanmış ziyanın ödənilməsini tələb edir: “Servis tərəfindən mənim avtomobilimə 6300 manatlıq zərər hesablanıb, komissiya isə 4000 manat zərər dəydiyini bildirir. Buna da razıyam, heç olmasa, öz dediklərini versinlər, özümə bir maşın ala bilim. Müəllim işləyirəm, məktəbə gedib-gəlməyə çətinlik çəkirəm”.
Qəribalı Rizvanovun problemi də təxminən eynidir: “Mənim maşınım əvvəl yanmamışdı. Uşaqları göndərdim ki, çıxarsınlar, polislər imkan vermədi. Eyni qayda ilə mənə də qüsur aktındakı məbləğdən aşağı miqdarda kompensasiya veriləcəyini elan ediblər. Amma onu da vermirlər”.
“Boyunlarına alsınlar ki, prezidentin sərəncamına əməl eləmirlər”
Binanın sakinlərindən Ülvi Hüseynov ehtimal edir ki, onlara çatası vəsaiti kimlərsə mənimsəmək niyyətindədir. O üzdən də kompensasiyalar ödənilmir: “Maşınımın dəyəri 10 mindən artıqdır, komissiya isə 6500 manat təyin edib. Buna baxmayaraq, mən də razılaşdım. Çünki bu ümumi dərdddi. Sonuncu dəfə bizə deyilmişdi ki, iki həftə ərzində ödəniləcək. Dünən icra hakimiyyəti ilə əlaqə saxladım, ”dedilər ki, heç bir məlumat yoxdur, nə zaman ödəniləcəyini də bilmirik, verin məhkəməyə“. Bu kompensasiya prezident sərəncamı ilə ayrılıbsa, niyə məhkəməyə müraciət etməliyik? Guya məhkəməyə müracət etsək, məhkəmə bizim pulları alıb verəcək? Əgər həmin kompensasiyanı mənimsəmək fikirləri varsa, açıq bəyan eləsinlər, şəxsən mən halal edərəm. Ancaq boyunlarına alsınlar ki, biz prezidentin sərəncamına əməl etmirik”.
“Öhdəliyə əməl olunmalıdır”
Sakinlər onu da qeyd etdilər ki, onlara çatası kompensasiyanı ala bilməsələr, daha sərt addımlar atacaqlar.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirib ki, dövlət başçısının sərəncamında binanın həyətindəki avtomobillərə və əmlaka dəymiş ziyana görə kompensasiya ödənilməsi qeyd edilməyib: “Lakin sonradan komissiya həmin halları ortaya çıxarıb, sakinlərə dəymiş məbləğin ödənilməsi barədə qərar veribsə, deməli, öhdəliyə də əməl olunmalıdır. Konstitusiyaya görə, maddi ziyanla üzləşmış bina sakinlərinin məhkəməyə müraciət etmək hüququ var”.
Təzəxan Mirələmli