Deyilənə görə, Qırğızıstanda yeni səsli seçki texnologiyası tətbiq olunmağa başlanıb. Qutuya bülleten atan şəxsin səsi ordaca avtomatik qeydə alınır, həm də səsli şəkildə. Xəbəriniz varsa, biz də yeni seçki ərəfəsindəyik. Səs hüququ olan vətəndaşlarımızın qutu başına gedib seçim etməsinə 23 gün qalır. Amma seçki keçirən ölkədə hökm sürən ölü sükuta özünüz diqqət verin. Biz qırğız deyilik ki, səsli seçki keçirək. Hər şeyi səssiz-səmirsiz, sözsüz-sovsuz yola veririk gedir. Bir daş altda, biri də üstə. Ancaq indi daha bu daşları gizlicə üst-üstə qoyub bildiyini etmək özbaşınalığı keçmir. Mütləq mənada biriləri çıxıb daşları tərpədir və altdakı yalanı çıxarır. O yalanlar üzə çıxınca da işi altdan-altdan yola vermək şansları itir, saxtakarlıq məcburən açıq müstəviyə keçir. Ölkədə indiki durum belədir. Hökumətin seçki imitasiyası həm yerli, həm beynəlxalq səviyyədə əsaslı şəkildə boykot olunduqdan sonra bütün qanunsuzluqlar gün işığına çıxdı. Daha heç bu seçki oyununu quranlar da nəyisə gizləməyə maraqlı görünmür. “Biz belə istəyirik” hikkəsi və lovğalığı ayaq alıb gedir. Xeyli öncədən boykot çağırışlarını eşitməzliyə vurub meydana girənlər indi dad-aman edir. Namizədlik müraciətinə qadağa qoyularaq burnundan vurulub geri qaytarılan kim, namizədliyi qeydə alınmayan kim, məhəllələrdə imza vərəqələrinin doldurulmasına əngəl yaradılan kim…
Bax, 23 gündən sonra belə bir mühitdə yeni parlament seçkiləri keçiriləcək. O parlament ki, ölkənin taleyi ilə bağlı bütün qərarların xeyir-duası ordan çıxır. Əhalinin həyat səviyyəsi ilə bağlı bütün qanunların müzakirəsi ordan keçir. Bütün sosial-iqtisadi, rifah, yaşayış məsələlərinə orda səs verilir. On illərdir yüz cür saxtakarlıqla formalaşan parlamentlərin hansı bir qərarındansa məmnun qaldığınızı xatırlayırsınız? Orda dəstəklənən hansısa qanunun həyatınızı yaxşılığa doğru dəyişdiyini tərəddüdsüz deyə bilərsiniz? Nə vaxtsa orda oturan 20-30 nəfərin kütləvi şəkildə sizin mənafeyinizə zərər vura biləcək bir qərar layihəsinə qarşı çıxdığınızı görmüsünüz? Heç xəyal da etməyin. Axı orda səs verib seçdiyiniz neçə nəfər millət vəkili oturub ki, sizin gününüzə də ağlasın. Bizdə parlament hər kəsin özünə gün ağlamağı üçün dəridən-qabıqdan çıxdığı kürsüdür, qardaşım. Bu şərtlərdə formalaşan qurumdan başqa bir şey gözləməyə də dəyməz artıq.
Ötən həftə siyasi məhbuslarımızın sayı daha bir nəfər artdı. AXCP sədrinin müşaviri Məmməd Ibrahimi xuliqanlıq maddəsi ilə həbs edib, Şüvəlana göndərdilər. 221.1-ci maddədə həbs motivi birmənalı olaraq istisna olunur. Ancaq indiyə kimi dünyanın ən pis nümunələrini yaratmış bizim novatorlar qanuna məhəl qoymadan bunu da etdilər. Hələ ortalıqda “seçki mühiti” deyilən bir söhbət də dolaşır. Mühit nədir, heç ölkədə onun baş hərfinə yaxın gələn qımıltı belə yox. Nə bu günə kimi özündən deyən bir təşkilat irəli durub seçki adına mitinq keçirib, nə də ortada sadə əhalini məlum məsələdən xəbərdar edən ciddi bir kampaniya-filan yox. Yerli TV-lərdə namizədlər üçün açıqlanmış reklam qiymətlərini də gördünüz. Budəfəki parlamentin deputat siyahısı nəyin əsasında, necə, hansı haqq-hesabla müəyyən edilib, bilmirəm. Yəqin ki, ənənəvi qaydalardan çox da kənara çıxmayıblar. Amma bu başdan açıq-aşkar görünən o ki, qarşıdakı parlament də əvvəlkilərdən heç nəylə fərqlənməyəcək. Ən betəri də odur ki, illərdir ölkənin şəffaf seçki davası aparan barışmaz fəal kəsimi bu seçki oyununda iştirak etməyəcək. On minlərlə insan səsini verməməklə saxtakarlığı boykot edəcək. Köhnə seçki heyəti özü çalıb, özü oynayacaq. Həyatımıza da daha bir itirilmiş seçki tarixi yazılacaq beləcə…