AXCP funksioneri barədə həbs qərarından apelyasiya şikayəti verilib
AXCP sədrinin müşaviri, saxta cinayət işi əsasında xuliqanlıq ittihamıyla həbs olunan Məmməd Ibrahim Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə “Azadlıq”a Məmməd Ibrahimin vəkili Yalçın Imanov məlumat verib.
Məmməd Ibrahimin barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarından da apelyasiya şikayəti verilib. Vəkilin sözlərinə görə, şikayət dünən məhkəməyə təqdim olunub.
Apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun çıxardığı qərarın qanunsuz və əsassız olduğu vurğulanıb və ləğv olunması istənilib.
Bu arada, AXCP rəhbərliyi dünən Məmməd Ibrahimin ailəsinə baş çəkib. AXCP sədri Əli Kərimli, onun müavinləri Nurəddin Məmmədli və Fuad Qəhrəmanlı, partiyanın Rəyasət Heyətinin üzvü Səadət Cahangir partiyadaşlarının yaşadığı evə gedərək, ailəyə mənəvi dəstəyini ifadə edib.
Xatırladaq ki, Məmməd Ibrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev adlı birinin şikayəti əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mikayıl Quliyev Məmməd Ibrahimin onu vurduğunu iddia edir. AXCP funksioneri isə həbsindən əvvəl “facebook” səhifəsində insident barədə ətraflı məlumat yayaraq göstərmişdi ki, Mikayıl Quliyev özü ona qəfil hücum edərək, zərbə endirib. Sonradan məlum olub ki, əslində, bu təxribat imiş. Təsadüfi deyil ki, bu insidentdən cəmi bir neçə dəqiqə sonra Məmməd Ibrahimin dostları ilə birlikdə əyləşdiyi çayxanaya polislər gələrək, onu bölməyə aparıblar.