Yaptokrat deputat Aydın Mirzəzadə istiqlalçı deputatlara rejimin düşmən münasibətinə haqq qazandırmaq istəyib. Təbii ki, sonda özünü komik duruma salıb.Ümumiyyətlə, bu hakimiyyətin yanında dayanıb məntiqli, arqumentli danışmaq qeyri-mümkündür. Bunun üçün əvvəlcə həqiqətin yanında olmaq lazımdır.Yeri gəlmişkən, Aydın müəllimi yaxından tanıyan həmkarlarım bilirlər, onun çox maraqlı bir xüsusiyyəti var. Həmişə hansısa siyasi-ictimai müzakirə, mübahisə zamanı fakt qarşısında qalanda, tupikə dirəndiyini görəndə mənalı-mənalı gülümsəyir, yəni, demək istəyir ki, “mən hər şeyi başa düşürəm, amma siz də məni başa düşün də…”
Gələk yaptokrat-deputatın istiqlalçı deputatlara Əliyevçi rejimin yad, ögey, bir az da dərinə getsək, düşmən münasibətinə haqq qazandırmaq istəyərkən söylədiklərinə. Mirzəzadə deyib ki, müstəqilliyi bir qrup xidməti olan insanın adına bağlamaq düzgün deyil.
Indi Aydın müəllimdən məni diqqətlə dinləməsini istəyirəm. Onun məntiqinin nə qədər məntiqsiz, gülünc olduğunu beş abzasda izah etməyə çalışacam.BIR: Yaxşı, biz müstəqilliyi bir qrup xidməti olan insanın adına bağlamadıq, bəs siz özünüz hansı haqla bir neçə gün əvvəl hakimiyyət saytlarından birinə müsahibə verib, müstəqilliyi yalnız Heydər Əliyevin adı ilə bağlamışdınız? Müstəqilliyi bir qrup xidməti olan adamın adı ilə bağlamaq olmaz, amma heç bir xidməti olmayan bir adamın adı ilə bağlamaq olar?
IKI: Deyək ki, müstəqilliyin lehinə səs vermiş insanları qiymətləndirməyi doğru saymırsınız. Lap gözəl. Bəs onda müstəqilliyin əleyhinə səs vermiş adamları niyə qiymətləndirir, ödülləndirirsiniz? Müstəqilliyə səs verənləri qiymətləndirmirsinizsə, heç olmasa, müstəqilliyə səs verməyənləri də mükafatlandırmamaq olar də. Bəs bunu niyə etmirsiniz?
ÜÇ: Keçənlərdə neftçilərin peşə bayramı oldu, Ilham Əliyev bir qrup neftçiyə neft sənayesinin inkişafındakı xidmətlərinə görə orden-morden payladı. Neft sənayesinin inkişafını bir qrup adamın adına bağlayırsınız, bəs eyni münasibəti müstəqilliyin qazanılmasında üstün xidməti olan bir qrup adama niyə göstərmirsiniz?
DÖRD: Əlinizi ürəyinizin üstünə qoyun, bütün səmimiyyətinizlə deyin: müstəqilliyin qazanılmasında xidməti olan o bir qrup adamın içində Ilham Əliyev də olsa, yenə bu gün eyni mövqeni, eyni münasibəti sərgiləyərdinizmi?BEŞ: Ümumiyyətlə, niyə müstəqilliyi bir qrup insanın adı ilə bağlamağa etiraz edirsiniz, amma ölkədə az qala, hər şeyi ancaq bir adamın adı ilə bağlayırsınız?Aydın müəllim hər abzasın sualla bitdiyini görüncə çaşıb onlara cavab verməyə qalxar, aman belə etməsin. Daha komik duruma düşər, yaxşı deyil, dost var, düşmən var.
Qənizadənin ağ yalanı
Ramil Usubovun çiçəyi burnunda “teloxranitel”i Çingiz Qənizadənin QAT üzvlərinə məktubunu oxudum. Bu məktub “filfilo ədəbiyyatı”nın şah əsərlərindən sayıla bilər, mənsə oradakı bir məqama toxunmaq istəyirəm.
Qənizadə yazıb: “Bəzən mətbuatda belə fikirlərə rast gəlinir ki, guya Azərbaycanda polis rejimi hökm sürür. Bu yaxınlarda MDB və bir sıra Avropa ölkələrində hər 100 min nəfərə düşən polis əməkdaşlarının sayı haqqında bir cədvəl əldə etmişdim. Məsələn, Rusiyada hər 100 min nəfərə 648, Özbəkistanda 592, Ukraynada 521, Gürcüstanda 522, Türkiyədə 440, Latviyada 436, Çexiyada 438, Avstriyada 321, Almaniyada 305, Macarıstanda 385, Belarusda 1473, Azərbaycanda isə 272 nəfər polis əməkdaşı düşür. Həmin siyahıda cəmi iki dövlət – Polşa 271, Rumıniya 248 olmaqla bizdən irəlidədir. Məncə, şərhə ehtiyac yoxdur”.
Səncə şərhə ehtiyac yoxdur, amma məncə, var. Özü də bal kimi, var. Əvvəla, Azərbaycanda polisin rəsmi statistikası açıqlanmır, belədə Qənizadə Azərbaycanda hər 100 min nəfərə 272 polis düşdüyünü hardan çıxarıb?Ikincisi, bütün beynəlxalq hesabatlarda rejim poqonluların sayını gizlətdiyinə görə tənqid edilməklə yanaşı, təxmini hesablamalara əsasən, ölkədə hər 100 min nəfərə 456 polis düşdüyü bildirilir (bax: http://www.azadliq.org/content/article/24250415.html).Məncə, bax indi şərhə ehtiyac yoxdur!