Heydər Əliyevlə Məhəmməd Füzulini birləşdirən nəsə varmı? Ümumiyyətlə, qırılmaz düz xəttin bir ucunda Füzuli, birində Heydərin ola bilməsi mümkünmü? Daosizmin “in-yan çevrəsi”ndən (Tay Şi) yanaşsaq qaranlıqla işıq bir aradadı. Lakin bu, düz xətt deyil, iç-içə bətnlərdi və bir-birinin içində olsa da, bir-birindən sərt şəkildə ayrılırlar. Lakin Azərbaycanın fəlsəfi başbilənləri hər halda əbədiyyətlə (Füzuli) Əliyev arasında bir bağ tapmağa çalışırlar, öz aləmlərində tapıblar da – Qış bulvarı. Yenə də isti bir şey yoxdu. Yenə də qar, qış, buz. Və insan ürəklərinin dağlanması üstündə qurulan bir bağ. Əvvəlcə Leninlə Füzulini birləşdirməyə çalışmışdılar, sonra Leninin adının yerinə yeni “Lenin”i – Heydər Əliyevi qoydular. Yenə də Leninlə (“Lenin” sarayı) Füzulinin (“Füzuli” meydanı) arasında evlər vardı. Bu evlərdə adamlar yaşayırdı. Isti ocaqları vardı. Sevir, sevilirdilər. Bu evlərdə toy olurdu, yas düşürdü. Illərdi ki, onlar bu isti yuvalarına bağlanmışdılar. Bu ocaqlar onların qalası, vətəni olmuşdu. “Edəmən tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”,- bunu Füzuli demişdi zamanında, indi Füzuli ilə Əliyevin arasından didərgin salınmış və salınmaqda olan vətəndaşlar deyirlər. Ama burada Füzuli məntiqi, Füzuli sevgisi yerimir, burda Heydərizmin buz kimi sərt və amansız nifrəti iş görür. Yuvalarını başlarına uçururlar adamların.Haçansa, ilk adını Lenindən, o şər dahisindən almış sarayın üstündən Heydər Əliyev adı da götürüləcək və yenidən “Respublika sarayı” adlanacaq. Respublika sonunda qələbə çalacaq. Ancaq ürəyi dağlanmış, evi başına uçurulmuş, Füzuli demişkən, başına fələkdən (YAP-dan) daşlar yağmış o insanların yarası heç vaxt sağalmayacaq. Bəlkə o yaralı adamların arsız övladları olacaq və o Qış bulvarında gəzintiyə çıxacaqlar. Bəlkə Respublika tez, lap tez qələbə çaldı, Azərbaycan dövləti bu yanlışı düzəltdi, həmin yerdə yenidən evlər ucaltdı və həmin uçurulmuş evlərin sakinlərini yenidən vətənlərinə qaytardı. Yanlışı kim yapır-yapsın, onu yenə də dövlət düzəltməlidi. 20 illik Istiqlaldan vətəndaşların nəsibinə evsizlik düşdü, bəlkə öz suçları da az deyildi, ama bəlkə yenidən Istiqlal gəldi və budəfəki Istiqlal onları öz yurd-yuvalarına qoşvuşdurdu.
Füzuli ilə Heydər Əliyev arasında düz xətt çəkilməsinə baxmayaraq, onları birləşdirən heç nəyin olmadığı ortadadı. Bəs H.Əliyevi Istiqlalla nə birləşdirir?
Bir tək bağ var: Əliyev də Istiqlala imza atanlardan biridi. Ama o imza onu Istiqlalçı saymağa zərrəcə olsun haqq verirmi?
Hakimiyyətə qayıdışından sonrakı siyasi fəaliyyəti açıq-aydın göstərdi ki, onun Istiqlalla bağlılığı yalnız həmin çağ iqtidarı ilə düşmənçiliyinin nəticəsidi. Həmin dövrdə onun Mütəllibov iqtidarına qarşı səsləndirdiyi bəyanatlar, azadlıqdan, demokratiyadan odlu-odlu dəm vurması, hətta “Azadlıq” qəzeti haqda dediyi xoş sözlər də yalnız o iqtidarla düşmənçiliklə bağlı olub. Yoxsa Istiqlal bəyannaməsinin əleyhinə olanları, müstəqilliyimizə səs verməyənləri nədən yüksək dövlət kürsülərində oturdur, onları YAP-ın yuxarı şuralarında rahlayır və əsil Istiqlalçılarla düşmənçilik yeridir, demokratiyanın üstündən biryolluq qələm çəkirdi?
Istiqlalçılara Istiqlal ərəfəsində yenə də zindan, valideynlərinə aclıq, istiqlal düşmənlərinə Istiqlal ordeni… Yalançı Istiqlal bayramları. Saxta, boğazdan yuxarı. Yenə də xalq istiqlal, azadlıq istəyir, yenə onları boğurlar. Görəsən yenə də 20 il sonra, bir sabah bugünkü istiqlal düşmənləri Istiqlal ordeni alacaq, indi onuncun savaşanlar isə içəridə oturacaqlar? Yoxsa Bismark haqlıymış: “Inqilabı dahilər hazırlayır…”. Görəsən bir gün bu dünyada Bismarkın sözünü yalana çıxaracaq bir ölkə, bir inqilab olacaqmı? Ama bu, Azərbaycan olarsa, bizə nə mutlu…