“Respublikaçı Alternativ” (REAL) Hərəkatının sədri İlqar Məmmədovun hazırda saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində həftədə iki dəfə telefonla əlaqə saxlamaq hüququ artıq bir aya yaxındır ki, pozulur. Bu barədə REAL Hərəkatının yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, eləcə də Avropa Şurasının Bakı nümayəndəliyinin rəhbəri cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşüb, onun vəziyyəti, saxlanma şəraitilə maraqlanıblar.
“Baxmayaraq ki, İlqar Məmmədovun telefonla əlaqə saxlamaq hüququ bir aya yaxındır pozulur, cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi beynəlxalq qurumlara israrla doğru olmayan məlumat verib. Bildirilib ki, İlqar Məmmədovun telefondan istifadəetmə hüququ məhdudlaşdırılmayıb.
İlqar Məmmədovun ailəsi və yaxınları ilə telefonla əlaqə saxlama hüququ hələ də bərpa olunmayıb. REAL Hərəkatı olaraq İlqar Məmmədovun pozulmuş hüququnun bərpa olunmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmasını tələb edirik“, – deyə REAL–ın açıqlamasında bildirilir.