“Amnesty İnternational” Kanadaya müraciət etdi, Kanada hökuməti isə tələbi əsassız saydı
Beynəlxalq insan hüquqları təşkilatı “Amnesty İnternational” Kanadadan oktyabrın 20-də bu ölkəyə gələcək ABŞ-ın keçmiş prezidenti Corc Uolker Buşu həbs etməyi tələb edib. Təşkilat keçmiş prezidenti bir sıra cinayətlərdə, o cümlədən çoxsaylı işgəncə hallarında günahlandırıb. “Amnesty İnternational”ın nümayəndələri “Frans Press” agentliyinə hakimiyyətdə olduğu müddətdə Buşun terrorçuluqda şübhəli bilinən şəxslərə qarşı işgəncə tətbiq etmək barədə göstəriş verdiyini bildiriblər.
Xatırladaq ki, 2010-cu ildə İngiltərənin “The Times” qəzetinə müsahibə verən Ağ evin keçmiş rəhbəri ABŞ xüsusi xidmət orqanlarının məhbuslara qarşı işgəncələrinə haqq qazandırmışdı. Buşun fikrincə, işgəncə verilməklə terrorçuluqda şübhəli bilinən şəxslərdən toplanan məlumat bir sıra, o cümlədən Londonun “Hitrou” hava limanında və “Kanari-uorf” işgüzar mərkəzində terror aktlarının qarşısını almağa kömək edib.
Kanada hökuməti “Amnesty İnternational” təşkilatının tələbinə cavab verib. Hökuməti ABŞ-ın eks prezidentinin həbsinə heç bir səbəb görmədiyini bəyan edib. Kanadanın federal miqrasiya və vətəndaşlıq naziri Ceyson Kenni təşkilatın Corc Buşun həbsiylə bağlı çağırışının əsassız olduğunu bildirib. Kenni yazılı açıqlamasında Buşun ABŞ prezidenti postundan getdikdən sonra iki dəfə Kanadaya səfər etdiyini və “Amnesty İnternational” təşkilatının onun həbsiylə bağlı tələb səsləndirməyini söyləyib.
İnformasiya şöbəsi