Mərkəzi Bankın rəhbəri manatın devalvasiyaya uğramayacağını arqumentləşdirə bilmədi
Samir Əliyev: «Yaxın 4 ildə manatın kursunu indiki səviyyədə saxlamaq qeyri-mümkün olacaq»
Bir neçə gün əvvəl Mərkəzi Bankın sədri Elman rüstəmov qarşıdakı 4 ildə Azərbaycan manatını nələrin gözlədiyindən danışıb. Hökumət açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirilib. 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro isə 1 manat 13 qəpik civarında qalacaq.
Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirəri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya Inkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.
Asiya Inkişaf Bankı qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Azərbaycan Mərkəzi Bankının devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov narahatlığa əsas görmür: “Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bu gün heç bir əsas yoxdur”. Nüfuzlu iqtisadi qurumların proqnozlarına rəğmən E.Rüstəmov yenə nikbin görünür.
Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə fevral ayında devalvasiyaya uğradı. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirmişdi. Maraqlıdır ki, məhz bu olaydan bir həftə öncə E.Rüstəmov dövlət televisiyasında çıxışında bəyan etmişdi ki, manatı devalvasiya təhlükəsi gözləmir. Hazırda da oxşar bəyanatlar verilir. Amma E.Rüstəmov açıqlamasında asiya Inkişaf Bankının gətirdiyi arqumentlərin heç birinə cavab vermədi.
Iqtisadçı Samir Əliyev bildirdi ki, hardasa Mərkəzi Bankın rəhbərinin mövqeyini başa düşmək olar. S.Əliyevin sözlərinə görə, o deyə bilməz ki, ilin sonuna qədər, yaxud hansı müddətə manat ucuzlaşacaq. Yəni MB sədrinin açıqlaması panika yarada bilər. Ona görə o hardasa yalandanda olsa hər şeyi qaydasında olduğunu deməyə məcburdur: “Ancaq məsələ ondan ibarətdir ki, hazırda dövr başqadır. Imkan daxilində dövlət Mərkəzi Bankın timsalında müəyyən qədər səmimi davranış həyata keçirməlidir. Yəni ”4 il sabit qalacaq” bu çox böyük iddiadır. Ən azı dünyadakı prosesləri izləyəndə bu qənaətə gəlmək olar. Onu heç olmasa demək olardı ki, yaxın 4 ildə nəzərdə tutulur ki, manat filan qədər ucuzlaşsın. Yaxud dünyadakı proseslərdən asılı olaraq manatın kursunda hansısa dəyişiklik ola bilər. Belə bir açıqlamalar versələr, insanlar hardasa anlayar. Ancaq nəzərə alaq ki, Mərkəzi Bankın sədri devalvasiyadan qabaq açıqlama verdi və bəyan etdi ki, devalvasiya gözlənilmir, amma bir həftə sonra devalvasiya baş verdi. Bu gün də onun “hər şey sabitdir” açıqlaması insanlar tərəfindən birmənalı qarşılanmır. Hətta yarızarafat deyilir ki, əgər belə bir açıqlama verilibsə, deməli devalvasiya olacaq. Manat ucuzlaşacaq deməklə insanlarda panika yaratmaq olmaz. Bu fikirlə razıyam. Ancaq demək olar ki, indiki zamanda manatın kursunu saxlamaq bizə sərf eləmir və biz bunu ucuzlaşdıracağıq. Ancaq bu ucuzlaşdırma nəzarət altında olacaq və ciddi ucuzlaşma olmayacaq”.
Azərbaycanda həm əmanətlərin, həm də kreditlərin kifayət qədər dollarlaşdığını deyən S.Əliyev vurğuladı ki, bundan başqa insanlar əllərindəki vəsaiti də dollara çevirib: “Yəni 5-6 əvvəlki dövr deyil ki, birdən bu bir panika yaratsın. Bu baxımdan yaxın 4 ildə manatı kursunu indiki səviyyədə saxlamaq qeyri-mümkün olacaq. Bunu həm Azərbaycandan asılı olmayan şərtlər diqqtə edir. Söhbət neftin qiymətindən və getdikcə dolların möhkəmlənməsindən gedir. Nəzərə alaq ki, yaxın bir ildə dollar möhkəmlənəcək. Manatın məzənnəsinə həm bu, həm də daxili amil təsir edir. Daxili amil odur ki, o da neft ucuzlaşdığına görə artıq manatı saxlamaq hökumətə çox çətin olacaq. Ikinci də Azərbaycan iqtisadiyyatının perspektivi manatın ucuzlaşmasındadır. Yəni əgər qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, mütləq pul, valyuta recimini müəyyən qədər yumşaltmalıyıq. Yəni söhbət manatın məzənnəsinin optimallaşdırılmasından gedir ki, ixracı stimullaşdıraq”.
S.Əliyevin sözlərinə görə, manatın bu məzənnəsi ilə Azərbaycan ixraca nail ola bilməyəcək. Ixrac da olmadan, ixracın payın artırmadan qeyri-neft sektorunu inkişaf etdirə bilməyəcəyik: “Ona görə də bütün şərtlər, həm xarici, həm daxili şərtlər onu diqtə edir ki, manat getdikcə ucuzıaşmalıdır və yaxın 4 ildə manat indiki səviyyədə qala bilməz. Bu baxımdan hökumət bu barədə artıq düşünməlidir. Yaxın illər üçün manatın məzənnəsi ilə bağlı real məlumatı cəmiyyətə çatdırmalıdır”.
Xəyal