BBC, Rusiyanın RT kanalının Britaniya yayım şirkətinə qarşı iddiası ilə bağlı çəkişmədən qalib çıxıb.
RT (Russia Today) kanalı Suriyada kimyəvi silah işlədilməsi barədə BBC-nin hazırladığı reportajın saxta olduğunu iddia etmişdi.
BBC özünə qarşı “olduqca ciddi” saydığı ittihamlarla bağlı Britaniyanın yayım tənzimləyicisi Ofcom-a şikayət edib.
BBC həmin ittihamların şirkətin dəqiqliyi və tərəfkeşsizliyinə kölgə saldığını qeyd ediib.
Ofcom-un məsələ ilə bağlı çıxardığı qərara görə, RT-nin yayımladığı proqramın elementləri “əhəmiyyətli dərəcədə çaşdırıcı” olub.
Ofcom bildirib ki, RT-nin “Truthseeker” (“Həqiqət axtarışında”) adlı proqramında BBC reportajına “ədalətsiz” yanaşılıb, veriliş yayımlandıqdan əvvəl BBC-ə ittihamlara cavab vermək imkanı verilməyib.
Ofcom “Truthseeker” proqramının digər bir epizodunda yayım qaydalarının daha bir “ciddi” pozuntusuna yol verildiyini qeyd edib.
Nasistlərlə müqayisə
“Şərqi Ukraynada Soyqırım” adlı reportajda Ukrayna hökumətinin ölkənin şərqində mülki əhalini qəsdən bombaladığı, jurnalistlərə işgəncə verilib öldürüldüyü, uşaqları çarmıxa çəkildiyi iddia olunub.
Ukrayna ordusu “etnik təmizləmələr” keçirməkdə ittiham olunaraq II Dünya müharibəsi dövrünün nasistlərilə müqayisə edilib.
Ofcom-un qərarına əsasən, proqramın “balans və obyektivliyi cüzi və ya heç dərəcəsində olub”.
Verilişdə səslənmiş ittihamlara cavab yalnız 6 saniyə ərzində ekranda görünmüş bircə sətirlə verilmişdir: “Kiyev soyqırım etmədiniyini bildirərək itkilər barədə xəbərləri təkzib edir”.
Ofcom bildirib ki, tamaşaçılar mübahisəli qlobal hadisələrə Rusiyadan baxışla tanış olacaqlarına ümid etdikləri halda, proqramda ziddiyyətli siyasi hadisələr tərəfkeşsizlik prinsipi pozularaq işıqlandırılmışdı.
Şikayətdən sonra TV Novosti şirkəti “Truthseeker” proqramını bağlayaraq vebsaytından əvvəlki buraxılışların epizodlarını silib, Ofcom qeyd edib. (BBC)